525.Az

Rəhman Salmanlı: "Keçmişimizə atılan top gələcəyimizi də viran qoyar"


 

Rəhman Salmanlı: "Keçmişimizə atılan top gələcəyimizi də viran qoyar" <b style="color:red"></b>

İstedadlı alim, tədqiqatçı - jurnalist Rəhman  Salmanlının vaxtilə yazdığı  - "Əhməd Cavad", “Kür üstündə bir şəhər var", "Cümhuriyyət şairi", “Əhməd Cavadın yaradıcılıq yolu", "Ramazan oğulları" kimi yaxın-uzaq keçmişimizdən bəhs edən kitablarını oxuduqca döyüşkən, vətənpərvər oğulların mubarizlik əzmi ruhumuza çökür. Həqiqətən də tarixin bütün dönəmlərində xalqımızın milli iftixarı sayılan oğulları olub. Onları övladlarımıza örnək kimi tanıtmaq, sevdirmək isə əsl ziyalılıq, zəhmət tələb edir. Çünki bu tarix nəsillər arasında mənəvi bağlılığı təmin edir və böyük tərbiyə məktəbi kimi körpü rolu oynayır.

30 ildən çox müddətdə istiqlal şairi, repressiya qurbanı Əhməd Cavadın həyat və yaradıcılığını araşdırmış filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Rəhman Salmanlı daim bu prinsiplə çalışıb: dönə-dönə yoxla, həqiqəti ərsəyə gətir. Tarix yaşanılır, yazılır, yaradılır və gələcəyə ötürülür. Keçmişdə olanlar tarixdir. Bu mənada R.Salmanlının "Ramazan oğulları" kitabı təfriqəçi yazarlara, araşdırmaçılara ətraflı cavabdır.

Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Rəhman Salmanlı ilə söhbətimiz də elə bu məsələlərlə bağlıdır.

- Bir məqamı unutmamalıyıq, olan hər nə varsa, üstündən qara xətt çəkib bədbin xatirələrlə yaşasaq, bu bizi məhvə aparar. Keçmişimizə atılan top gələcəyimizi də viran qoyar. Dünənə qədər xalqımıza örnək olan şəxsiyyətləri - Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, M.F.Axundzadəni, Səməd Vurğunu və başqalarını hədəf seçməyin kökündə mənəvi təxribat da var, yetərincə bilgisi olmamaq da. Bəzi araşdırmaçılar Azərbaycana düşmən mövqedə dayanan ölkələrin mənbələrindən gen-bol istifadə edirlər. Təbii ki burada bizim xeyrimizə, əsl həqiqətin gələcəyə çatdırılması üçün  yazılan dəlil olmayacaq.

- Hər bir millətin tarixi onun şərəfidir. Şah İsmayıl Xətai böyük bir ərazidə Azərbaycan adlı nəhəng dövlət qurdu, dağınıq tayfaları birləşdirdi. Doğma Ana dili, qıy vuran oğullar, qeyrət qoyub getdi. Babək qırx il boyunduruq altında yaşamaqdansa bir gün azad yaşamağın şirinliyini bizə öyrətdi. Dilimiz necə gəlir ki, onların haqqında hörmətsizcəsinə danışaq, ya da tarixi xidmətlərinin üstündən qara xətt çəkək?

- Bu cür yanaşmalar cəmiyyətimizə, xüsusən də gənclərimizə, onların şüuruna, milli düşüncə tərzinə böyük zərbə vurur. Gəlin bir az dərindən düşünək, soykökümüzə ikrah hissi yaratmaq bizə nə verir? Hər bir xalqın milli iftixarı sayılan qəhrəmanları var. 1424-cü ildə vəfat etməsinə baxmayaraq hələ də Çexiyanın ən ali mükafatı Yan Jijkanın adını daşıyır. Ruslar ağlasığmaz cinayətləri olan İvan Qroznını hələ də qəhrəman kimi əzizləyirlər. İstər Avropa, istərsə də qonşu dövlətlərlə müqayisədə bizim tarixi keçmişimizə olan münasibətimiz acınacaqlı vəziyyətdədir. Tarixi keçmişimizə güllə atan o adamların özünü bir təftiş edək, görək onlar bu dövlət üçün nə ediblər, nəyi yaradıblar?  Ümumiyyətlə, onların tarixi şəxsiyyətləri təhqir etməyə haqları çatırmı?

- Rəhman müəllim, yaxın günlərdə sizin çapdan çıxmış bir kitabınızı oxudum. "Ramazan oğulları". Əsərdə Şəmkir qaçaqlarının başçısı Ramazan oğullarının, onlara dəstək verən Vətən təəssübü çəkən insanların fəaliyyət dairəsi, Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yeri olan 1918-ci il Şəmkir davasında, 1920-ci il Gəncə üsyanında, yerli əhalinin rus imperiyasının bolşevik-erməni silahlı birləşmələrinin işğalçılıq siyasətinə qarşı 1929-cu il Keçili qiyamı gündəmə gətirilir. Ən maraqlısı odur ki, istiqlal arzulu insanların ordu quruculuğu uğrundakı fəaliyyəti də, üzləşdikləri faciələr də konkret faktlar və rəsmi sənədlər, mənbələr əsasında qələmə alınıb.

- Ramazan oğullarının sorağı ilə Gəncədə, Şəmkirdə və Gədəbəydə çox yerdə olmuşam, çox adamla görüşmüşəm. Azərbaycanımızın müstəqilliyi, millətin azadlığı uğrunda mücadilə aparmış igidləri bugünki nəslə tanıtmaq hamımızın borcudur.

Zəkurə QULİYEVA

 





11.02.2015    çap et  çap et