“Azərbaycanda faizsiz kreditlərin verilməsi ilə bağlı hüquqi baza formalaşdırılır. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Bildirilir ki, yeni mexanizm “İslam pəncərələri” modeli çərçivəsində fəaliyyət göstərəcək.İslam bankçılığı maliyyə əməliyyatlarının şəriət prinsiplərinə uyğun şəkildə aparıldığı bank modelidir. Bu sistemdə əsas fərq odur ki, pulun üzərinə faiz qoymaq qadağandır. Yəni bank müştəriyə klassik formada faizli kredit vermir”.
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. O deyib ki, faizsiz kredit anlayışı əslində “faiz yoxdur” demək olsa da, bu, bankın qazanc əldə etməməsi anlamına gəlmir:
"Bank mənfəəti başqa mexanizmlərlə, məsələn, malın üzərinə qoyulan əlavə qiymət və ya layihədən pay almaq yolu ilə qazanır. Kommersiya bankına olan kredit ödənişi gecikdiriləndə, əlavə cərimə faizləri hesablanır, halbuki islam bankı bu gecikmələri bağışlayır. Ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləğ və faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur”.
Sevinc Qarayeva
çap et