«Rəqəmsal format eyni zamanda təhsildə inklüzivliyi artırır. Görmə məhdudiyyətli şagirdlər üçün mətnin böyüdülməsi, audio materialların əlavə olunması, videolar və interaktiv tapşırıqlar vasitəsilə şagirdlərin fərdi öyrənmə tempinə uyğunlaşmaq daha asan olur. Beynəlxalq təcrübədə, xüsusilə Finlandiya və Cənubi Koreya kimi ölkələrdə rəqəmsal dərsliklər əsasən çap dərsliklərini əvəz etmək üçün deyil, onları tamamlayan və müəllimin işini zənginləşdirən resurs kimi tətbiq olunur. Bu ölkələrdə əsas diqqət texnologiyanın pedaqoji məqsədlərə xidmət etməsinə yönəlib".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bunu 525.az deyib. O bildirib ki, çap dərsliklərinin tamamilə ləğv olunması hazırkı mərhələdə məqsədəuyğun görünmür:
"Digər tərəfdən, rəqəmsallaşdırma ilə bağlı risklər də gözardı edilməməlidir. Ən ciddi problemlərdən biri bütün şagirdlərin eyni səviyyədə texniki imkanlara malik olmamasıdır. Planşet, kompüter və stabil internetə çıxış imkanları arasında fərqlər yaranarsa, bu, təhsildə yeni bərabərsizlik forması yarada bilər. Bundan əlavə, uzun müddət ekran qarşısında qalmaq xüsusilə ibtidai və aşağı sinif şagirdlərində diqqət dağınıqlığı, göz yorğunluğu və oxu vərdişlərinin zəifləməsi kimi problemlərə səbəb ola bilər. Bir sıra beynəlxalq araşdırmalar da göstərir ki, erkən yaşlarda kağız üzərində oxu mətnin daha yaxşı qavranılmasına və yadda saxlanmasına müsbət təsir edir. Bu baxımdan, çap dərsliklərinin tamamilə ləğv olunması hazırkı mərhələdə məqsədəuyğun görünmür. Daha doğru yanaşma rəqəmsal və çap dərsliklərinin paralel tətbiqidir”.
Sevinc Qarayeva
çap et