525.Az

“Hörmüz boğazının bağlanması iqtisadiyyatlara ciddi təsir göstərir” - Politoloq 


 

“Hörmüz boğazının bağlanması iqtisadiyyatlara ciddi təsir göstərir” - <b style="color:red"> Politoloq </b>

“ABŞ-İsrail-İran müharibəsi dörd gündür davam edir, amma Hörmüz boğazı ilə bağlı gərginlik artıq dünya neft-qaz birjalarına təsir göstərməyə başlayıb. Neftin qiyməti artır, təminat zəncirlərində problemlər yaranır. Bu regionun, Avrasiyanın iri iqtisadiyyatlarına çox ciddi mənfi təsir göstərir”.

Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə  Hörmüz boğazı ilə bağlı mövzunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, burda təkcə Körfəz ölkələri deyil, eyni zamanda ordan neft alan Hindistan, Çin, Yaponiya, Avropanın özü də zərər görür. 
“Əgər dörd günə belə təşviş yaranırsa, təsəvvür edin ki, müharibə həftələrlə davam etsə, bu ölkələrin iqtisadiyyatlarına hansı təsirləri olacaq. Bu, çox ciddi təzyiqdir. Həmçinin İran Səudiyyə Ərəbistanının, Qətərin və digər ölkələrin neft-qaz infrastrukturuna ciddi zərbələr endirir. Tutaq ki, boğaz açılsa, gəmilər ordan keçməyə başlasa, zərər çəkən zavodlar, emal müəssisələri, yaxud da mədənləri bir iki günə bərpa etmək mümkün olmayacaq. Bunun üçün vaxt tələb olunur. Ona görə də Körfəz ölkələri ABŞ-a müraciət edirlər ki, gərginlik azalsın. Çünki müharibə hələ də davam edir, həmin qeyd edilən obyektlər hərbi təsir altındadır, zərbə alan obyektlərin sayının artması istisna deyil. Düşünürəm ki, bunun effekti İraq müharibəsinin də effektini aşa bilər. Çünki orada İraqın özü və Küveytlə bağlı müharibə aparılırdı. Burda isə coğrafiya genişdir. Ona görə bir çox amillər var ki, bu müharibəyə birmənalı yanaşmağa imkan vermir, bu, sanki qarışqa yuvasını tərpətməyə bənzəyir”, - politoloq söyləyib.

Əlavə edib ki, regionda müəyyən münasibətlər sistemi var idi, iqtidadi, siyasi balans yaranmışdı, bu balans pozulandan sonra zəncirvari proseslər gedə bilərdi və artıq gedir: “Proseslər hansı xəttə gətirib çıxara, regiona, qonşu ölkələrə necə təsir göstərə bilər,  bunları dəqiq demək olmaz. Hər halda yaxşı nəsə görünmür. Türkiyə Prezidenti Ərdoğan bəyan etdi ki, biz narahatıq, İran xalqının yanındayıq və müharibənin dayandırılmasına çağırış etdi. Bu, ondan xəbər verir ki, regiondakı müharibənin acı nəticələri hamıya təsir göstərir ki, bu da heç kimə lazım deyil”.
Xatırladaq ki, bu gün səhər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankerin vurulacağına dair açıqlama yayıb.

SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari bildirib ki, Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik.

Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb. Hücum nəticəsində İranın ali lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun bir sıra rəhbər şəxsləri hava hücumları zamanı ölüblər.

Pərvanə Sultanova

 





03.03.2026    çap et  çap et