525.Az

Qayğıkeş dost, örnək ziyalı


 

Dostum Akif Qəhrəmanlının 73 yaşına

Qayğıkeş dost, örnək ziyalı <b style="color:red"></b>

1974-cü ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin (indi BDU) Jurnalistika fakültəsində (o zaman 3 -cü kursda oxuyurdum) ixtisas bölgüsü aparılarkən mən o dövrdə çox perspektivli və hörmətli sahə sayılan tərcüməçiliyi seçmişdim və əlli nəfərlik kursumuzdan rus dilini bilən 4 nəfər həmin qrupda məşğul olurduq. Həftədə bir neçə dəfə Azərinforma (indiki AzərTAc)  təcrübə  keçməyə gedirdik. Orada bizimlə çox ciddi və səriştəli mütəxəssislər məşğul olurdular. Rəhbərimiz rəhmətlik İbrahim Novruzov idi. Əksəriyyəti böyük həyat yolu keçmiş yaşlı tərcüməçilərlə yanaşı redaksiyada Akif Qəhrəmanov (Akif Qəhrəmanlı) adlı bir nəfər də bizə yol göstərmək istəyirdi. Düşünürdük ki, təcrübəli mütəxəssislərdən nə isə öyrənmək olar,görəsən bu cavan adam bizə nə öyrədə bilər? Üstəlik, Akif müəllim bizdə, şəxsən məndə çox qaraqabaq adam təəssüratı yaratmışdı. Doğru deyiblər ki, ilk təəssürat əksər hallarda  yanlış olur. Çox keçmədən biz onunla  dostlaşdıq.  Təmiz ürəyi,  səmimi davranışı, xoş rəftarı, əsasən də geniş və hərtərəfli  biliyini başqaları ilə, xüsusən də gənclərlə bölüşmək həvəsi onu kollektivin üzvlərinə olduğu kimi bizə - təcrübə toplamaq üçün gəlmiş tələbələrə də  sevdirmişdi. Mənimlə başlanan  dostluğu isə bu gün də, hər ikimizin pensiyaçı olduğumuz dövrdə də davam etməkdədir.

Hələ o vaxt  kollektivin əməkdaşları öz aralarında onu "canlı ensiklopediya" adlandırırdılar (Bəlkə  bundan özünün heç indi də xəbəri yoxdur). Çünki o, tərcümə peşəsində çox vacib olan fenomen yaddaşa və ensiklopedik biliyə  malikdir. Yeri gəlmişkən qeyd edim ki, cavanlığındakı  yaddaş ona bu gün də naxələf çıxmayıb. Dəfələrlə şahidi olmuşam, tərcümə şöbəsinin bir çox əməkdaşı, bəzi sözləri və söz birləşmələrini, ifadələri cümlənin müxtəlif yerlərində necə işlətmək,  ifadənin yerinə düşüb-düşmədiyini, sinonimin düzgün seçilib-seçilmədiyini dəqiqləşdirmək üçün onunla məsləhətləşirdilər. Akif müəllim  suallara düzgün cavab verməklə kifayətlənmir, nə üçün məhz belə yazılmalı olduğunu da  izah edirdi. Düzünü deyim ki, bu bacarığına görə onun paxıllığını çəkənlər çox olub.

Akif müəllimə bu xüsusiyyət yəqin ki, atasından irsən keçib. Eşitdiyimə görə, orta məktəbdə Azərbaycan dilindən  dərs deyən atası da müraciət edən hər kəsə hər sözün, ifadənin mənasını ətraflı, hərtərəfli izah etməsəydi, rahatlıq tapmazdı. Məhz doğulduğu  ailədə hökm sürmüş tələbkar mühit, keçdiyi həyat yolu və əmək fəaliyyəti, əldə etdiyi təcrübə, geniş mütaliə nəticəsində topladığı bilik, savad, bacarıq onun həyatda belə bir  mövqe tutmasına gətirib çıxaran amillərdir.

Akif Əvəz oğlu Qəhrəmanlının həyat  yolu çox da asan olmayıb. Oğuz rayonundan ali təhsil almaq üçün Bakıya gələndə fikirləşirmiş ki, savadlı olduğu üçün bütün işləri əla gedəcək. İlk cəhddən ali məktəbə daxil ola bilməyəndə isə anladı ki, həyat onun təsəvvür etdiyindən daha mürəkkəbdir. Bakıda qalıb işləmək, müstəqil yaşamağı öyrənmək qərarına gəldi. Ali təhsil alacağına  qəti əmin idi. Lakin bu arzusuna qovuşanadək o,  zavod və fabriklərdə, Metropolitendə fəhləlik etdi, hərbi xidmətə çağrıldı və yalnız ordudan buraxıldıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil aldı. Elə təhsil aldığı illərdə tərcüməçiliyə başladı, 1968-ci ildən 1984-cü ilədək Azərinformda tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, sonra şöbə müdiri, 1986-90-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri vəzifələrində çalışdı. 1991-ci ildən ta 2005-ci ilə qədər, yəni pensiyaya çıxanadək Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi.

İndi Akif müəllim ömrünün 74-cü baharını qarşılamağa hazırlaşır. Bəs  bu illər ərzində onun qazandığı nə olub, itirdiyi nə?  Təbii ki, Akif müəllim kimi insanların qazandıqları çox olmalıdır. Qazandıqlarının bəzilərini mən də bilirəm: gözəl ailəsi, sədaqətli və işgüzar həyat yoldaşı, bir qızı, iki oğlu,  altı nəvəsi, çoxlu sədaqətli dostu var. Akif müəllim 35 kitabın ruscadan Azərbaycan dilinə tərcüməsində iştirak edib, 15 kitabın şəriksiz tərcüməçisidir, yəni mükəmməl tərcüməçi kimi tanınır. Kütləvi informasiya vasitələrində vaxtaşırı məqalələrlə çıxış edir, bir vaxtlar radioda və televiziyada aktual beynəlxalq mövzularda etdiyi çıxışlarla çox adamın yadında qalıb. Ayrıca qeyd etmək istəyirəm ki, Akif müəllimin bütün əmək fəaliyyəti ali dövlət qurumlarının işi ilə bağlı olub, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi üçün ən müxtəlif direktiv sənədlərin hazırlanmasında iştirak edib. Amma sadaladıqlarım Akif müəllimin qazandıqlarının bir hissəsidir. Məncə, onun həyatda ən böyük qazancı dostları arasında, bütövlükdə cəmiyyətdə hörmət yiyəsi olmasıdır. Ünsiyyətdə olduğu hər adam ondan nə isə öyrənir, onun maraqlı söhbətlərindən həzz alır. Bəs itirdikləri nə olub? Mənə elə gəlir ki, əslində o, heç nə itirməyib. İlk dəfə onu görəndə az qala həsəd apardığım şəvə kimi qara saçları indi ağappaq ağarıb, yaşına uyğun olaraq hərəkətlərində azacıq lənglik yaranıb, vəssalam. Amma gəncliyindəki kimi şən və gümrahdır. Dostlarını başına yığıb məclis qurmağı, müxtəlif elmi və həyati mövzuları müzakirə etməyi xoşlayır. Adamlar ona elə bağlanırlar ki, bir-iki gün görməyəndə darıxırlar.  Bir sözlə, Akif müəllimin varlığı istər ailəsi, istərsə də dost-tanışları üçün böyük ruhlandırıcı amildir. Üstəlik, Akif müəllimin Azərbaycan dili, tərcümə sahəsindəki məsləhətlərindən faydalanan adamların sayı bu gün də kifayət qədər çoxdur. Özü də sorğulara cavab verməkdən heç vaxt bezmir, hətta, deyəsən, zövq alır. Mən çoxdan bəri bu qənaətə gəlmişəm ki, tərcüməçilər yazı-pozu adamlarına kömək göstərməkdən məmnunluq duyurlar. Yəqin ki, sənətin xüsusiyyəti ilə bağlıdır. Bu cəhətdən Akif müəllim əsl örnəkdir.

Yuxarıda dediklərimlə əlaqədar bir məsələ məni həmişə düşündürür: Ömrü boyu ölkənin ali idarəetmə orqanları ilə əməkdaşlıq etmiş Akif Qəhrəmanlının bu qədər gərgin və səmərəli əmək fəaliyyəti indiyədək nə üçün layiqincə qiymətləndirilməyib? 1981-ci ildə aldığı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanından başqa onun heç bir təltifi və fəxri adı yoxdur. Özü ilə bu barədə danışanda həmişə zarafata salıb deyir ki, canınız sağ olsun, mənim mükafatım dostlarımın sevgisi və hörmətidir. Bəlkə də doğru deyir, çünki hansı məclisdə, hansı tədbirdə, hansı yığıncaqda olur-olsun, hər yerdə - küçədə, avtobusda, metro qatarında onunla rastlaşan hər kəs Akif müəllimin savadından, işgüzarlığından, səmimiyyətindən, səriştəliliyindən, geniş dünyagörüşündən və qüsursuz işindən iftixarla danışır.

Gəlin, tezliklə 73 yaşı tamam olacaq Akif müəllimi ad günü münasibətilə təbrik edək, ona uzun ömür, cansağlığı arzulayaq. Mən isə Akif müəllimə bütün dostların bir tapşırığını çatdırıram: Var olun, Akif müəllim! Siz hələ bizə çox lazımsınız.

Teymur XASPOLADOV

 

 





12.02.2015    çap et  çap et