525.Az

ABŞ Ermənistana müasir mina detektorları bağışlayıb


 

ABŞ Ermənistana müasir mina detektorları bağışlayıb<b style="color:red"></b>

Ermənistan Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələrini mina detektorları ilə təchiz edib.

APA-nın Ermənistanın internet saytlarına istinadən verdiyi məlumata görə, bu ölkənin Silahlı Qüvvələrinə bağışlanmış mina detektorlarının sayı barədə məlumatlar açıqlanmasa da, onların «Garret» şirkətinin istehsalı olan RECON PRO modeli olduğu bildirilir.

Detektorlar Ermənistan Müdafiə Nazirliyinə ABŞ Kanzas Milli Qvardiyası tərəfindən verilib.

Bundan əvvəl isə Ermənistana Almaniyanın «Vallon» şirkətinin istehsalı olan metal detektorlar bağışlanmasına dair məlumatlar yayılmışdı.

Məlumat üçün bildirək ki, «Garret» şirkəti hazırda dünyada metal detektorların istehsalı üzrə ixtisaslaşmış aparıcı firmalardandır. Bu şirkətin istehsalı olan metal detektorlar hazırda beynəlxalq humanitar minatəmizləmə əməliyyatları ilə yanaşı, ABŞ və bir sıra NATO ölkələrinin ordularının istehkamçıları tərəfindən də istifadə olunur.

ABŞ tərəfindən münaqişə əsas gətirilərək, Azərbaycan və Ermənistana hərbi təyinatlı məhsulların satışına qadağa qoyulduğu bəyan edilib. Burada beynəlxalq sülhyaratma əməliyyatlarına qatılan qüvvələrin təchizatı istisna təşkil edir.

Ermənistan Silahlı Qüvvələrinin istehkamçılarına hərbi avadanlığın verilməsi bu detektorlardan hansı məqsədlər üçün (humanitar, yoxsa hərbi) istifadə ediləcəyi sualını yaradır.

Qeyd edək ki, ABŞ tərəfindən Azərbaycanda da mina təmizləmə əməliyyatlarına yardımlar göstərilib. Bu yardımlar hərbi əməliyyatlarda heç bir formada iştirakı nəzərdə tutulmayan, humanitar məqsədli Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) göstərilib. 2000-ci illərin əvvəllərində Ermənistanda yaradılmış analoji qurum isə özünü doğrultmadığı üçün fəaliyyətini dayandırıb.

 





29.11.2012    çap et  çap et