Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzi, və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ilin iyul ayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-nın Gəncə Bölməsindən bildirilib ki, ötən ilin iyun ayında keçirilmiş birinci analoji beynəlxalq forumda olduğu kimi, bu mötəbər elmi tədbirə yuxarıda sadalanan ölkələrlə yanaşı, Pakistandan da alimlərinin qatılacağı gözlənilir. Konfransda “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: Sələflər və xələflər” , eləcə də “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” mövzusundakı bölmələri əhatə edəcək.
Məruzələr Azərbaycan, ingilis, türk, özbək və rus dillərində təqdim ediləcək və konfransın materialları ayrıca toplu şəklində çap olunacaq.
Zakir Muradov,
Gəncə
çap et