525.Az

"Sabahın alimləri" respublika müsabiqəsinin açılışı oldu


 

"Sabahın alimləri" respublika müsabiqəsinin açılışı oldu<b style="color:red"></b>

Dünən Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı bildirib ki, bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Builki müsabiqədə 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.

Nazir deyib ki, bu gün müasir təhsili qloballaşan dünyaya xas olan çeviklik, peşakarlıq yeni texnologiyalar olmadan və xarici dillərin öyrənilməsindən kənar təsəvvür etmək çox çətindir. Qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə dövlət strategiyası"na uyğun olaraq gənclərin pontensialının inkişaf etdirilməsidir. Ölkəmizin ümumi təhsil müəssisələrində gedən proseslərin, həyata keçirilən tədbirlərin bir hissəsi məhz bu vəzifəsinin yerinə yetirilməsinə xidmət edərək gənclərdə müasir düşüncə tərzinin formalaşdırılmasına, onların idarətmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndirilir.

Nazir daha sonra deyib: "Sabahın alimləri" respublika müsabiqəsinin keçirilməsində də əsas məqsədimiz şagirdlərə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərini aşılamaq, tədqiqat aparan şagirdlərin sayını artırmaq,onların elmi fəaliyyətlərini stimullaşdırmaqdır. Bu müsabiqə gənclərin diqqətini yaşadığımız mühitdə mövcud olan problemlərə və onların həllinə yönəldir. Şagirdlərə tədqiqat aparmaq,tədqiqatın nəticələrini layihə şəklində təqdim etmək və komandada işləmək bacarıqlarını aşılayır. Eyni zamanda bu müsabiqə innovativ fikir yarışması olaraq, gəncləri yeni elmi bilik və ya məhsulun yaradılmasına sövq edir. Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan və hər il Amerika Birləşmiş Ştatlarında keçirilən İnternational Science and Engineering Fair (İntel İSEF)- Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Respublika Müsabiqəsinin qalibləri sırasında hər il ən yaxşı layihələrin qalibləri İntel İSEF-də iştirak etmək hüququ qazanırlar".

Gənclər və idman naziri müavini İntiqam Babayev artıq dörd ildir ki, müsabiqəsinin keçirilməsində yaxında iştirak etdiyini deyib. "Yeniyetmələr arasında bu müsabiqənin keçirilməsi onların müxtəlif elmlərə, xüsusilə də dəqiq elmələrə maraqlarının artırılmasına, elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəldilməsinə xidmət edəcək, elm yolunda uğurlu addım atmasına öz töhfəsini verəcək".

Nazir müavini hazırkı dövrdə müasir Azərbaycanın yeni tarixinin yazıldığını vurğulayıb: "Yeni uğurlara imza atılır və qarşıda növbəti, daha da böyük məqsədlər qoyulur. Belə məqsədlərdən biri Azərbaycan elminin inkişafı,ölkəmizin elm məktəbinin layiqli davamçılarının yetişdirilməsi və yeni nəsil intellektual potensialının formalaşdırılmasıdır. Gənclər və İdman Nazirliyi tərəfindən də yeniyetmə və gənclərin elm və texnikaya marağının artırılması məqsədilə daha iki layihə həyata keçirilir".

AMEA-nin prezidenti Akif Əlizadə bu müsabiqənin iştirakçılarını Azərbaycanı dünya elminə töhfə verəcək gəncliyi kimi dəyərləndirib: "Bu müsabiqələr elmimizə böyük töhfə verəcək". Azərbaycan elminin inkişafında əsas məqsədlərindən birinin kadrlar yetişdirmək olduğunu bildirən akademik hazırkı kadrların bir qədər yaşlaşdığını söyləyib: "Amma onlar püxtələşmiş alimlərdir. Sizin onların yanlarına gəlməyiniz elmimizin inkişafına kömək edəcək". Azərbaycan gəncliyinə böyük ehtimad olduğunu qeyd edən akademik gənclər üçün AMEA-da hər cür şərait yaradıldığını bildirib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov bilik yarışlarının sabahın alimlərinin yetişməsinə əlverişli zəmin yaratdığını söyləyib.  O deyib ki, müsabiqənin qalibləri ölkəmizi ABŞ-da keçiriləcək Intel ISEF -Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcəklər.

 Müsabiqə üç gün davam edəcək. Sonuncu gün "Açıq qapı" saatları keçiriləcək, şagird və müəllimlərə, həmçinin media nümayəndələrinə layihələrlə tanış olmaq imkanı yaradılacaq. "Sabahın Alimləri" IV Respublika müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və mükafat təqdim olunacaq.

Vəfa MƏMMƏDLİ 

 





13.02.2015    çap et  çap et