525.Az

Qocaman və müasir


 

AZƏRBAYCAN TELEVİZİYASININ İLK DƏFƏ EFİRƏ ÇIXMASINDAN 59 İL ÖTÜR

Qocaman və müasir<b style="color:red"></b>

Qabaqcıl texnologiyanın bəşəriyyətə bəxş etdiyi möcüzələrdən biri də televiziyadır. Azərbaycan Televiziyasının tarixi 1956-cı il fevralın 14-dən başlayır. Düz 59 il əvvəl Bakı televiziya studiyası (indiki AzTV) ilk dəfə efirə çıxaraq, cəmi iki saatlıq gəlişi ilə paytaxt sakinlərinə unudulmaz anlar yaşatdı. O zamandan bəri bu uzun, maraqlı və keşməkeşli yolu qət etmək Azərbaycan Televiziyasına o qədər də asan başa gəlməyib. Amma ən əsası odur ki, artıq 24 ildir ki, müstəqil dövlətimizin əsas televiziyası statusunu daşıyan Azərbaycan Televiziyası həm qocamanlığını qoruyub saxlayıb, həm də müasirliyə sadiq qalıb.

Təbii ki, internetin informasiyanı əlçatan etdiyi, sosial şəbəkələrin bir çox stereotipləri qırdığı bir dövrü ötən əsrin ortası ilə müqayisə etmək fikrindən uzağıq. Bir neçə qonşunun öz ailə üzvləri ilə birgə bir mənzildə olan balaca televizorun kiçicik ekranı qarşısında toplaşaraq, iki-üç saatlıq proqram və ya veriliş izləməsini indi təsəvvür etmək çox çətindir.

Teleekspertlər hesab edirlər ki, AzTV-nin kütləvi informasiya vasitəsi kimi güclənməsi dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dönəmdə Azərbaycana rəhbərlik etmiş milli lider Heydər Əliyevin AzTV-nin KİV kimi inkişafında və maddi-texniki bazasının möhkəmləndirilməsində böyük rolu olduğunu jurnalistlərin böyük hörmətlə "televiziya patriarxı" adlandırdıqları Elşad Quliyev "Televiziya: nəzəriyyə, inkişaf meylləri" adlı kitabında geniş təsvir edib. Azərbaycan rəhbərliyinə ikinci qayıdışından sonra isə Heydər Əliyev təkcə AzTV-nin texnoloji və maddi imkanlarını artırmaqla kifayətlənmədi, ümumiyyətlə, müstəqil ölkənin teleməkanının formalaşması üçün ilkin və zəruri addımları atdı.

Bu missiya İlham Əliyevin prezidentliyi dövründə yeni və daha möhtəşəm bir mərhələyə qədəm qoydu. Hazırda "AzTV" loqosu dövlət bayrağımızın rənglərini özündə əks etdirərək, paytaxtımızın ən yüksək məkanlarından birində ucaldılmış müasir binanın üzərindən hər gün bütün şəhərə işıq saçır. Bu illər ərzində ölkəmizdə peşəkar televiziya işçilərinin böyük bir ailəsinin yaranmasını (teleməkanımızda 10 ümumrespublika və 13 region televiziya yayımçısı mövcuddur) izləmək xüsusilə xoşdur. Qısa müddət ərzində İctimai Televiziyanın yaranması, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də AzTV ilə yanaşı, "Mədəniyyət" və "İdman Azərbaycan" kanallarının da fəaliyyət göstərməsi ictimai-siyasi, mədəni və idman sahələrini əhatə edən veriliş və proqramların miqyasını genişləndirdi.

Son illər teleməkanı nə qədər tənqid etsək də, onu da etiraf etməliyik ki, "cəmiyyətin güzgüsü" adlandırılan TV-lər toplumun inkişafından birbaşa asılıdır.  Çünki hər sahədə olduğu kimi efir də ağlı, istedadı və zəhməti sevir. Məhz intellektualların və istedadlıların sayının artması, yaxşı təhsil nəticəsində yüksək zövqlü insanların formalaşması TV-lərdə yaradıcı mühitin "qaynar qazana" çevrilməsi üçün stimul ola bilər. Aydın məsələdir ki, istedadına güvənən şəxs kiminsə çətinliyindən bayağı məqsədlər üçün istifadəni, özgənin "sandığında" eşələnməyi, başqasının dərdi üzərində reytinq qazanmağı heç bir vaxt özünə sığışdırmaz.

Təqdirəlayiqdir ki, bu iradlar ölkəmizin əsas telekanalları sayılan AzTV və İctimai TV-yə əsla şamil oluna bilməz. Bu mənada, müqtədir sənətkarımız Zeynəb Xanlarovanın, onun ardınca isə tanınmış bəstəkar Eldar Mansurovun yalnız AzTV və İTV efirində çıxışa üstünlük verdiklərini bəyan etmələri təsadüfi deyil.  Teleməkandakı rəqabət fonunda AzTV təkcə maddi-texniki baxımdan deyil, həm də yaradıcılıq baxımından yenidən təkanverici amilə, ziyalıların ocağına çevrilib. AzTV bayağı, süni, zövqsüz veriliş və proqramlardan qətiyyətlə imtina edərək, dövlətçiliyin, elmin, mədəniyyətin, incəsənətin tərənnümçüsünə çevrilib. Artıq müxalifət mətbuatı da AzTV-nin tamaşaçılara təsir gücünü etiraf edir. İstər AzTV-nin və "Mədəniyyət"in, istərsə də İctimai Televiziyanın efirində  milli-mənəvi dəyərləri, nəcib hissləri, yüksək zövqü aşılayan rəngarəng və maraqlı veriliş və proqramların, filmlərin, tamaşaların göstərilməsi, professional musiqilərin səsləndirilməsi, istedadlı aparıcılara və müəlliflərə yer verilməsi bu kanalların izləyicilərinin sayını artırıb. Elə götürək Heydər Əliyev Fondunun dəstəyilə AzTV-nin və "Mədəniyyət"in keçirdiyi muğam telemüsabiqələrini. Birbaşa efirdə nümayiş olunan canlı ifaları təkcə yerli tamaşaçılar deyil, həm də xaricdə yaşayan soydaşlarımız böyük maraqla seyr edirlər. Yeri gəlmişkən, fevralın 16-da AzTV və "Mədəniyyət" kanalı 5-ci "Muğam televiziya müsabiqəsi" ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

AzTV-nin intellektual gəncliyin yetişdirilməsi istiqamətindəki fəaliyyəti isə xüsusi əhəmiyyət kəsb edir. "Nə, harada, nə zaman", "Breyn-rinq", "Parlaq zəka" kimi verilişlər gənc tamaşaçılar arasında böyük rəğbət qazanmaqdadır. "Breyn-rinq" və "Parlaq zəka"nın bölgələrdəki gəncliyi əhatə etməsi maarifçiliyə ən böyük xidmət sayıla bilər. Qeyd edək ki, tezliklə AzTV-nin Balaş Qasımovun rəhbərlik etdiyi "GameTV.az" prodüser mərkəzi ilə birgə hazırladığı intellektual oyunların sırasına "62!" adlı yeni layihə də əlavə olunacaq. Hazırda çəkilişləri aparılan bu layihənin martın əvvəllərində tamaşaçılara təqdim olunması gözlənilir.

İctimai TV-yə gəlincə, baş direktor Cəmil Quliyevin bu vəzifəyə seçilərkən mədəniyyət məhfumunu telekanalın başlıca meyarına çevirəcəyi vədi özünü doğrultmaqdadır. Studiyaların dizaynından tutmuş, aparıcıların davranışına, mövzuların rəngarəngliyinə, qonaqların seçiminə qədər hər bir nüansda milli təəssübkeşlik və kübarlıq duyulur. Ən əsası isə, bu gün İTV öz adına tamamilə layiq olduğunu sübut edir, çünki ictimaiyyətin əsl televiziyasına çevrilib. Bu kanalda cəmiyyəti düşündürən bütün problemlər hərtərəfli və polemika mədəniyyətinə uyğun və sərbəst şəkildə müzakirəyə çıxarılır, vətəndaş cəmiyyətinin inkişafına təkan verəcək əsas amillər sadalanır. 

Bütün bunlar isə onu göstərir ki, hətta internet əsrində belə televiziyaların missiyası əvəzolunmazdır. Odur ki, TV-lərimizin baxımlı olması, dünya teleməkanında layiqli yer tutması hamımızın marağındadır. 

Orxan QASIMBƏYLİ

 





13.02.2015    çap et  çap et