Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasinin Gəncə Bölməsi tərəfindən “Türkoloji Qurultayin ideyalari və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib.
525.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Giriş sözündə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bugünkü elmi görüşün“Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müddəalarına müvafiq olaraq Bölmədə hazırlanan tədbirlər planı əsasında keçirildiyini bildirib.

O, diqqətə çatdırıb ki, SərəncamdaBirinci Türkoloji Qurultayın ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdən biri olduğu, beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələlərinin geniş və sistemli müzakirə obyektinə çevrildiyi, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar verildiyi, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsinin xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Akademik Fuad Əliyev dəyirmi masadakı çıxışlarda məhz bu məsələlər və onların müasir dövümüzdə aktuallığı ilə bağlı elmi tutumlu fikirlərin səsləndiriləcəyinə ümid etdiyini bildirib.
Sonra məruzələr dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov “Birinci Türkoloji Qurultaydan müasir ortaq Türk əlifbasına”, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva “Türkoloji qurultayda qəbul edilmiş qərarların əsas mahiyyəti”, Gəncə Bölməsinin elmi katibi Günay Cəfərova “Dilimizin yayılma coğrafiyası və təsir dairəsi”, Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Əhmədli “Sərhədləri aşan fikir birliyi: Türkoloqların Bakı Zirvəsi”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Çimnaz Vəliyeva “Birinci Türkoloji Qurultay ideyalarının XXI əsrdə aktuallığı”, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi İlahə Əsədzadə “Gəncənin dünya türkologiyasına Əhməd Cəfəroğlu nümunəsində töhfəsi” və həmim şöbənin laborantı Nuranə Qənbərova “Türk birliyinin ideoloji mərkəzi kimi Azərbaycanın tarixi-strateji əhəmiyyəti”mövzuları üzrə çıxış ediblər.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Tədbiri yekununda vurğulanıb ki, hazırki narahat və ziddiyyətlərlə dolu dünyadakı mürəkkəb şəraitdə ölkə başçımızın dəqiq ölçülüb-biçilmiş siyasəti sayəsində təmin olunmuş sabitlik və davamlı inkişafımıza alimlərin də öz tədqiqatları ilə əhəmiyyətli töhfələr vermək yönündə fəaliyyətlərini artırmaları, bu xüsusda, Türk xalqlarının birlik və həmrəyliyi mövzularına geniş yer vermələri olduqca vacib məsələdir.
Zakir Muradov,
Gəncə
çap et