"Söz haqqında söz"də yazmışdım ki, sözü üzərrik bilən də var, sözün gözünə kül üfürən də - Elxan Məmmədli sözü üzərrik bilirdi. Sözdən güc alanlar da var, sözün gücünü alanlar da - Elxan Məmmədli sözdən güc ala-ala sözə güc verirdi...
1946-cı ildə Borçalının Faxralı elində anadan olmuşdu. Universitetin filologiya fakültəsini bitirmişdi, Pedaqoji Elmlər İnstitutunda, Nizami adına Ədəbiyyat İnstitutunda, Folklor Elmi-Mədəni Mərkəzində elmi işçi, sonra aşıq yaradıcılığı şöbəsinin müdiri işləmişdi. Filologiya elmləri namizədi idi...
Ruhun sərhədi olmur. Elxan Məmmədlinin sərhədsiz ruhu üçün Göyçə də, Kərkük də, Təbriz də, Qars da, Ərzurum da, Dərbənd də Borçalı qədər doğma idi. Əslində, Elxan Məmmədli üçün türk dünyasında doğma-ögey bölgüsü olmayıb, olmadı. Elxan Məmmədli bu yerlərin - bu ellərin bayatılarının da, nağıllarının da, dastanlarının da, deyimlərinin də, fəlsəfəsini də (sözün, sazın möcüzəsini) böyük sədaqətlə yaşadırdı. Ruhunda saza-sözə vurğunluq olmayanlar nə sazın, nə də sözün cəfakeşi ola bilər. Sazı-sözü sevə-sevə sevdirən Elxan Məmmədli bu fəlsəfənin Dədə Qorqud əyyamından da əvvəlki dövrləri nişan verən işığını türk dünyasının ruhunun "Divani"si - "Ustadnamə"si bilirdi.
Faxralıdan Bakıya gələn yolun, Bakıdan türk dünyasına aparan yolların işığı ulduz işığıymış - zaman keçdikcə daha aydın, daha nurlu görünür. Laylalarla, qımqımalarla, nağıllarla, dastanlarla süslənmiş bu yol milyonların könül dünyasından keçən yoldur. Bu yol zaman anlamında dünənlərin ruhunu sabahlara çatdıran bəsirət yoludur; Elxan Məmmədli bu gözəl yolun dönməz yolçusudu; 2025-ci il martın 21-nə - son nəfəsinə kimi özünün yolu olan bu yol o vaxtdan üzü bu yana (və əbədiyyətə!) ruhunun yoludur.
Atalarımız Faxralı orta məktəbində işləyirdi. Hüseynqulu müəllim direktor, atam onun müavini. Hüseynqulu müəllimi əmi bilirdim, uşaqlarını - əmiuşağı. Sonralar, Bakıya təhsil almağa gələndən sonra, Bakıya yaşamağa gələndən sonra əmim oğlu Elxanla görüşəndə söhbətlərimiz sazdan olardı, sözdən olardı, onu ustad kimi dinləyirdim...
Hərb tariximizin unudulmaz tədqiqatçısı Şəmistan Nəzirli soruşmuşdu ki, a Faxralı (mənə belə müraciət edirdi), folkloru bu qədər mükəmməl hardan öyrənmisən. Demişdim ki, anamdan, atamdan, Faxralının çadır-toylarında aşıqların dastanlarından, oxumalarından, ağsaqqallardan, bir də Elxan Məmmədlidən. Gülümsünmüşdü. Ruhun şad olsun, ay Şəmistan, ruhun şad olsun, ay əmoğlu, bu kövrək anlarıma görə ruhum ruhunuzun biyətçisidi...
Elxan Hüseynqulu oğlu Faxralıda babası Məmmədin, nənəsi Yetərin kəlamlarıyla günlərini ay, aylarını il edirdi. Kəndin bütün babaları Elxana babaydı, bütün nənələri Elxana nənəydi. Babasının, nənəsinin, baba bildiklərinin, nənə bildiklərinin söhbətlərini dinləyə-dinləyə düşüncələrinə, düşüncələrindən yaddaşına köçürürmüş. Bu yaddaş illər sonra "Bulağ"ın "səsiylə" milyonlara çatacaqdı...
Ürəyi özünü biləndən saz səsinə uçunub. Uşaqlığında, yeniyetməliyində sevdiyi saz yaradıcılığını cavanlığından sevdirə-sevdirə yaşadı. Xalların, güllərin, ifaların möcüzəsini ruhun möcüzəsi bilirdi. Bu bilgilərlə havacatların fəlsəfəsini daha mükəmməl dərk edirdi, klassik saz sənətinin (aşıq yaradıcılığının) bilicisiydi. Saz havalarının 72 ilə müəyyənləşdirilməsinin əleyhdarı idi, "200-ə qədər saz havacatımız var, incələnməlidi, 72-si necə sistemləşdirilibsə, 200-ü də elə sistemləşdirilməlidi...", - deyirdi...
El deyimlərini incəliklə şeirləşdirən ("Sənə göz dəyməz", "Yandı", "Özümə qaytar", "Səni düşünürəm"...) Elxan Məmmədlinin yaradıcılığı klassik (aşıq yaradıcılığının) və müasir poeziyanın poetik vəhdətidi. Zaman-zaman söz də qüdrət olub, saz da. Saza-sözə bələdliyə ustadlar saza-sözə vaqifliyin başlanğıcı deyib. Sözün (Faxralıda şeirə söz də deyilir) fəlsəfəsi kimi sazın da fəlsəfəsini eyni ruh nurlandırır. Bu baxımdan sazın, sözün sərrafları sazla sözün vəhdətini son nəfəsinəcən yaşadır. Bu, sevgidi. Elxan Məmmədlinin "De" divanisi sazla sözün vəhdətinin ustadnaməsidi - oxucusuna ustad naməsidi:
Elxan, sən də gir meydana,
saznan üzbəüz dayan,
Məclisində sərraflar var,
sənə baxır göz, dayan,
İlhamın duruş gətirsin,
hələ bir az döz, dayan,
Xan Əmrah sazda deyəni
oğulsansa sözdə de!
Şairin özünə ad elədiyi bu gözəl nəsihətin ünvanı əli qələm tutanların sayı qədərdi...
Təcnis söz möcüzəsidi. Bu möcüzəni duymaq da, fərqləndirməyi, möcüzələr sistemində bədii yükünü (və yerini) müəyyənləşdirməyi bacarmaq da möcüzədi. Elxan Məmmədli bu möcüzənin də Elxanı idi. Minlərlə təcnisi ümumiləşdirmək, təcnis yaradıcılığının xüsusiyyətlərini yeni poetik düşüncə ülgüsüylə təqdim etmək Azərbaycan folklorşünaslığında hadisə oldu, "Azərbaycan aşıq sənətində təcnis" elmi monoqrafiyası, eləcə də "Təcnis sənətkarlığı" tarixin əsəri oldu. Üçcildlik "Borçalı folkloru" kitabının müəllifidir.
Şair Nəbinin yaradıcılığının da tarixləşdirilməsinin cəfasını Elxan Məmmədli çəkib, Şair Nəbinin yaradıcılığının toplanmasını şərti olaraq tamamlayıb, tərtib etdiyi "Borçalı Şair Nəbi" kitabı 1991-ci ildə nəşr olunub. Sonra təkrar nəşr ("Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti". Bakı, 2014; monoqrafiya). Şair Nəbiyə sevgi kimi, sözə sevgi kimi, Faxralıya, Faxralının timsalında Borçalıya, türk dünyasına sevgi kimi...
Söhbətləşəndə bir bayatımı demişdim:
...ya daşa,
Ya qaynaya, ya daşa.
Can verərəm, qoymaram,
Bu dağlardan yad aşa!
Bəyənmişdi, "Cinasların mənə könül xoşluğu verdi, əmoğlu", - demişdi. Sonralar təzə cinaslardan söz düşəndə bir təcnis demişdim. Məni "quru yuyub yaş sərmişdi": "Gözəl təcnisdi. A qıvlasız, bə bunu mənə niyə deməmisən ki, tədqiqata cəlb edəydim", - demişdi; söz sərrafı kimi eşitdiyi şeirlərə səmimi, bilici münasibəti bildirirdi. Faxralıda Məməşdərin Ələddinin şeir yazdığını bilmirdim. Görüşlərimizin birində Elxan sevinclə "Əmoğlu, dəmirçi Ələddin gözəl şeirlər yazır!.." dedi. Az sonra Dəmirçi Ələddinin şeirlər kitabını böyük sevgilərlə nəşrə hazırladı. Dəmirçi Ələddinin şeirlərinin poeziya nəhrinə qovuşmasına görə elə sevinirdi ki!..
Folklorşünas alim kimi Azərbaycan təcnisini nəzəri baxımdan ümumiləşdirən, onun elmi təhlilini verən, bayatıların timsalında təcnisin Azərbaycan aşıq şeir janrlarından olduğunu təsdiqləyən Elxan Məmmədli gözəl şair kimi tanınırdı. Onun təcnislərinin cinasları gözəldi, yenidi, könüləyatımlıdı, düşündürücüdü. "Yorulmaq", "üzülmək", "yarımcan olmaq" ifadələrini ümumiləşdirərək "əldən getmək" kimi təqdim edib, bunu cinaslaşdırıb:
Gözlərə baxmaqdan göz əldən gedər.
"Daşıhadaşı" təcnisi də bu baxımdan diqqəti çəkir...
Bayatının qədim-yeni bölgüsünün əleyhinə olmuşam. Xalqın ruhunun zərrəsi bu və ya digər şəkildə söz möcüzəsinə dönürsə, onların arasına zaman sərhədi çəkmək günahdı. Elxan Məmmmədli bu bədii tezisi bircə bayatısı ilə ədəbi ülgüyə çevirib. Bu bayatının poetik işığı gözçəkəndi. Oxuyursan, bir də oxumaq istəyirsən. Onun poetik mahiyyəti oxuyanın həyat fəlsəfəsinin bir yarpağına dönür:
...səngi dağlar,
Düz dağlar, səngi dağlar.
Dərdim qapana qoysan,
Olmaz pərsəngi, dağlar.
Elxan Məmmədli folklorşünaslığı tarixşünaslıqla əlaqələndirməyi bacaran (və bunu özünə mənəvi borc bilən) alimlərdən biri idi. Tarix azərbaycanlıların Ermənistan ərazisində yaşama tarixi haqqında fikirlər deyib, faktlar göstərib. Elxan Məmmədlinin Ermənistandan topladığı (və elmi əsaslarla təhlil etdiyi, öyrəndiyi, ümumiləşdirdiyi) folklor (nə qədər, nə qədər!) bu məskunlaşmanın həm tarixi kimi, həm də tarixin sözü kimi qəbul edilib. Azərbaycanda da, Azərbaycandan kənarda da.
Elxan Məmmədlinin Azərbaycan radiosunda "Ustadnamə", "Sazın, sözün sehri", "Sarıtel", "Gözəlləmə" verilişlərinin müəllifi və aparıcısı idi. O illərdə bu verilişlərin saz sənətinə sevginin, vurğunluğun, aşıq şeir şəkillərinə marağın formalaşmasına təsiri indi də yaşamaqdadır.
Etiraf olunmalıdır ki, Elxan Məmmədlinin dəyərli yaradıcılığının, tədqiqatlarının nəticələrinin mahiyyəti gerçək pedaqoji proses kimi 50 il folklor, folklorşünaslıq baxımından milyonların gerçək müəllimi olub. Filologiya elmləri namizədi, şair Elxan Məmmədli ifanı ifadan incəliyiylə ayırd etməyi bacaran bir saz bilicisiydi. Sazı sevə-sevə sevdirən, sevdirə-sevdirə yaşarılığının cəfakeşi olan Hüseynqulu oğlu Elxan Faxralının, Borçalının, türk dünyasının Elxanı idi...
çap et