525.Az

Bakıda 14 yaşlı məktəblini anası boğub- Rəsmi məlumat


 

Bakıda 14 yaşlı məktəblini anası boğub- <b style="color:red">Rəsmi məlumat</b>

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin Bakının Xətai rayonunda məktəblinin qətli ilə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan 525.az-a verilən məlumatda bildirilir ki, noyabrın 28-də saat 11 radələrində Xətai Rayon Polis İdarəsindən Bakı şəhəri, Nobel prospekti 7 ünvanında Usov Gennadiy Andreyeviçin meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. Məlumat əsasında rayon prokurorluğu, polis əməkdaşları, məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Daha sonra meyit ölümün səbəbinin müəyyən edilməsi “MTE və PAB”-nin Xətai rayon şöbəsinin meyitxanasına göndərilib.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Noyabrın 29-da həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, 1998-ci il təvəllüdlü Usov Gennadiy Andreyeviçi anası Çaadayeva Yelena Gennadyevna boğub. Belə ki, ana ona qarşı əxlaqsız hərəkətlər etməsinə görə, oğlundan qisas almaq niyyətinə düşüb. Bunun üçün qeyri-rəsmi ər-arvad kimi yaşadığı Mereşkin Aleksandr Vasilyeviçlə qabaqcadan razılaşıb əlbir olaraq, noybarın 28-də saat 01 radələrində yaşadığı evdə yatmış vəziyyətindən istifadə edib xələtinin kəməri ilə oğlunu boğaraq öldürüb. Onlar daha sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədilə əvvəlcə hadisə baş verən otağın giriş qapısının yuxarı hissəsində bərkidilmiş turnik kimi istifadə edilən dəmirdən asaraq stranqulyasiya şırımı görüntüsü yaradıb, sonra isə meyiti evdən çıxararaq yaşadığı evin sol tərəfində tikintisi aparılan bünövrəyə atıblar.

Faktla bağlı başlanan cinayət işi noyabrın 29-da Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələrinə (qəsdən adam öldürmə) tövsif edilib.

Çaadayeva Yelena Gennadyevna ilə Mereşkin Aleksandr Vasilyeviç şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 





30.11.2012    çap et  çap et