525.Az

İltifat Salehin şeirləri


 

İltifat Salehin <b style="color:red">şeirləri</b>

ŞƏHƏRLƏR ŞEİRDİR
     
Şəhərlər şeirdir,
yazılıb Yer üzünə.
Neçə nəğmə qoşulub
gecəsinə, gündüzünə.
Hər şəhər gözəl şeir,
işıq-işıq qafiyəsi,
bənd-bənd evləri,
misra-misra küçələri.
Ürək sevindirir,
gah kövrəldir,
heyrətə salır baxanları
neon işıqlı gecələri.
Şəhərlər gözəl şeir,
yazılıb Yer üzünə.
Baxanlar heyran olur
gecəsinə, gündüzünə.
Şeir şəhərlər
lətif olur, həzin olur,
öz əsrinə görə
hikmət olur, məzmun olur,
Şəhər şeirlər
hikmətdir, məktəbdir,
şairlər üçün işıqlı təbdir.
Mənim Lənkəranım da
yaşıl misralı,
kövrək nanəli,
yağışı nəğməli şeirdir
dünyanın yaxasında.
Onu bir dəfə görən
ana bilər yuxusunda.
Lənkəran xatırlanır
çayının qoxusunda.
Şəhərlər şeirlərdir,
Yer özü də bir kitab.
Ən gözəl şeirini gəz,
özün axtar, özün tap!
           
QAYITMAQ
     
Hikkənin zirvəsindən
rəzillik yolundan,
günahı anlamaq,
öz özünü danlamaq da,
qayıtmaqdı.
Qayıtmaq da yoldu!
Bu adam qayıdanacan
düşüncələrini,
tikan sözlərini,
dumanlı fikirlərini
görəsən qəlbindən
necə yoldu?!
Axtardığını tapdımı görəsən?
Qayıtmaq da ömür yoludu,
duya-duya,
daş üstə daş qoya-qoya
qayıtmaq da yaşamaqdı!
     
O QIZIN YAŞARMIŞ QARA GÖZLƏRİ
     
Mənsiz də həmişə belə güləcək,
Ruhuma eşqindən nur töküləcək,
Bəlkə yaddaşından məni siləcək,
O qızın yaşarmış qara gözləri.

O qara gözləri kədər sıxacaq,
O sevən baxışı kədər yıxacaq,
Son anda yenə də mənə baxacaq
O qızın yaşarmış qara gözləri.
     
Millənib kipriyi oxa dönəcək,
Mənimçin var ikən yoxa dönəcək,
Sönəcək, hayıf ki, bir vaxt sönəcək,
O qızın yaşaran qara gözləri...
     
MƏNİM YADİGARLARIM

Mən öləndə
səbrim əmanət qalacaq.
Mənim yadigarım
dözümüm olacaq.
İnamım bayraq kimi
dalğalanacaq
tabutumun üstündə.
Sözümü üzə demişəm,
yatmamışam marığa
heç kimin qəsdində.
Miras qalan halallığıma
kimin qəlbi yatacaq?
Təmiz məhəbbətimlə
kim pisliyi atacaq?
Paxıllığım olmayıb,
ömrümdə bədxahlıqdan
bir nişanə qalmayıb.
Nəfsimdən arxayınam,
məni məndən almayıb!
Məndən miras qalanlardan
kim duya bilər
təmizliyimi, körəkliyimi?
Dosta gərəkliyim!
Əlimin çörəkliyini?
Kədərimi heç kimə
yadigar vermirəm,
aparacağam özümlə
qəbrimdə azdırmağa,
əbədilik basdırmağa...

QAYIDA BİLMƏDİM
     
Arxamca çağıran bir səsə,
arxamca gələn bir haraya
qayıda bilmədim.
İllər girmişdi,
uzaq-uzaq yollar girmişdi araya,
qayıda bilmədim.
Çox dedi, qayıt!
“Bu saat, bu an sən geri qayıt!”
Qayıda bilmədim,
yollar uzaq idi,
yollar sazaq idi.
Çağıran qaldı arxada,
illərin o tayında,
səs isə öz hayında
hey səsləyir, səsləyir
kiminsə dönəcəyinə ümid bəsləyir.
Çağıran qaldı arxada,
səsi yaylıq kimi
yellənirdi arxada.
Səsi bulaq kimi,
səsi göz yaşı kimi
sellənirdi arxada.
Qayıda bilmədim o səsə,
o səs yellənirdi arxada
“Bu saat, bu an
sən geri qayıt” harayına
qayıda bilmədim.
Qol-qola girmiş illər,
baş-başa vermiş zirvələr,
yaşın ağırlığı
girmişdi araya...

“KƏSMƏ ŞİKƏSTƏ”
    
“Kəsmə şikəstə”nin mahir ifaçılarından Fatma Mehrəliyevanın xatirəsinə.

O səs havalandı, yayıldı ərşə,
kimi axtardısa, saçını yoldu.
Səsə qəm yükləndi, səsə düşdü od,
bu eşqdən süzülən kədər də boldu!

Pərdə-pərdə endi səs yer üzünə,
kimdən gileyləndi, nəydi günahı?!
Uzaqdan boyunu görəndə yarın,
od tutub yanmazmı ürəkdə ahı?!

Səsdə qüdrətə bax, səsdə eşqə bax!
sıxıb qəm-kədərin canını aldı.
Ötən zamanları varaqladıqca,
həyatın eşqini sazında çaldı.
Bir eşq çağlayırdı qəmli, mükəddər,
onu duyanları axtarırdı səs.
Niyə o gecikdi, harda yubandı?!
Eşqin günahkarı burda kimdi bəs?!

NƏVƏMƏ
     
Bu gün bir nəvəm
Girdi on dörd yaşına.
Özü kimi pöhrələr
yığışdı başına.
Hələ bığ yeri tərləməyib
hələ qəlbində arzular
çiçək-çiçək
üzü göyçək.
Hələ pöhrələnir ağac kimi.
İşıqla doldurdu qəlbimi.
Hələ nəğmə oxuyur,
hələ çiçəktək qoxuyur,
hələ kəpənək dalınca qaçır.
Hələ arzularıyla
qapılar açır.
Sözləri işıqlı,
üzü yaraşıqlı,
nəvəm girdi on dörd yaşına.
Gərək üzərrik yandıram,
gərək duz çevirəm
Uşağın başına...

 





14.02.2015    çap et  çap et