Ramazan ayı İslam dünyasında xüsusi mənəvi əhəmiyyətə malik olan, insanların daxili aləmlərinə yönəldiyi, səbr, mərhəmət və paylaşma kimi dəyərlərin ön plana çıxdığı mübarək bir dövrdür. Bu müqəddəs ay ərzində “Space” telekanalında yayımlanan Azərbaycanın milli və mənəvi dünyasının aynası olan “İnam” verilişi özünəməxsus məzmunu ilə seçilərək tamaşaçılara Ramazanın gözəlliklərini daha yaxından təqdim edir. Bu il də “İnam” verilişi öz ənənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayı boyunca hər gün imsaka və iftara doğru canlı efirdə oldu. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə ay boyunca Ramazan ayının mahiyyəti müxtəlif aspektlərdən izah olundu. İbadətin yalnız oruc tutmaqdan ibarət olmadığı, eyni zamanda insanın nəfsini tərbiyə etməsi, pis vərdişlərdən uzaqlaşması və mənəvi cəhətdən saflaşması kimi məqamlar xüsusi vurğulandı. “İnam” verilişi bu mövzuları sadə və anlaşıqlı dillə təqdim edərək geniş auditoriyaya çatdırmağı bacardı. Verilişə dəvət olunan tanınmış mənəviyyat adamları, ictimai xadimlər, zilayılar Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürdü.
Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən “İnam” tanınmış mədəniyyət xadimləri, sənət adamları ilə birgə insanlara doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq, Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə məlumatlandırdılar. “İnam”ın bu layihəsində Azərbaycanın tanınmış siyasi, ictimai xadimləri, şair və yazıçıları, ilahiyyatçıları Ramazan ayının fəzilətindən irəli gələrək düşüncələri ilə insanların mənəvi dünyasına işıq saldı. Ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirildi.
“İnam” verilişi Ramazan ayı boyunca efirdə olmaqla təkcə dini mövzuları işıqlandırmadı, həm də insanları yaxşılığa, mərhəmətə və birlik ruhuna səslədi. Bu proqram tamaşaçıların qəlbində müsbət iz buraxaraq onların həyatına mənəvi dəyər qatdı və Ramazan ayının əsl ruhunu daha geniş şəkildə hiss etməyə kömək etdi.
Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər.
Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı. Hamıya bəllidir ki, bu sualların hamısını efir vasitəsilə cavablandırmaq mümkün deyil.
Beləliklə, "İnam"ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş olur. "Space" televiziyası isə "İnam" verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş olur.
Seyid Camal Əzimbəyli deyir ki, o, Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək istiqamətində bu yola çıxıb. Qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyəti ilə bu işə başlamışıq:
“Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. Valideynlərin əksəriyyəti övladlarının "İnam" verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər. Odur ki, apardığımız mücadilədə az da olsa xidmətimizin olması sevindirici haldır. Düşünürəm ki, mənəvi dəyərlərimizlə bağlı proqramların çoxalması Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyinin mühafizəsi qədər vacibdir. Ölkəmizdə milli-dini dəyərlərin həqiqi təəssübkeşi cənab İlham Əliyev olduğuna inanaraq, biz bu layihəmizi uğurla həyata keçirməyi bacardıq. Ümumiyyətlə, "İnam" verilişinin görəcəyi böyük işlər hələ qarşıdadır. İnanıram ki, "İnam" verilişini və onun auditoriyasını daha da böyüdə biləcəyik. Xalqın inamını qazanmış veriliş olaraq vətən, dövlət, din siyasətinin topluma aşılanması üçün daha böyük potensialımızı ortaya qoymağa çalışırıq. Ailəmlə, həyat yoldaşım, "İnam" verilişinin redaktoru Sevinc Əzimbəyli ilə bərabər, çiyin-çiyinə islami dəyərlərin qorunmasına və təbliği istiqamətində yorulmadan mücadiləmizi davam etdiririk. İslami maarifləndirməni, islamın gətirdiyi qaydaları, onun təməl prinsiplərini, vətənpərvərlik hisslərinin gənclərə doğru bir şəkildə aşılamaq əsas məqsədlərimdəndir. Ölkədə milli-mənəvi dəyərlərə köklənən verilişlərin olması, cəmiyyətin aydınlanması və maariflənməsi olduqca mühüm məsələdir”.
Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bilirlər. "İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynayır. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövləti, Prezident İlham Əliyevin olduğunu dünyaya göstərə bilir.
İslam dininin doğrularını olduğu kimi xalqımıza yüksək peşəkarlıqla çatdıran “İnam” verilişi din və dövlət münasibətlərinin möhkəmlənməsi yolunda uğurlu maarifləndirmə işini təşkil edə bilib. Bu işin daha geniş auditoriyaya çatdırılması istiqamətində yaradılan şərait “İnam”ın dövlət-din münasibətlərinə verdiyi növbəti töhfədir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədlinin sözlərinə görə, "İnam" verilişi Ramazan ayı boyunca həm iftar ərəfəsində, həm də sübh (imsak) vaxtında yayımlanır və bu, özlüyündə olduqca mütərəqqi bir haldır: “Azərbaycanda dini maarifləndirmə sahəsində boşluqlar olduğu bir dövrdə, "İnam" özünə məxsus yer tutaraq cəmiyyətdə sanki bir vəsiqə qazanıb. Verilişin ərsəyə gəlməsində aparıcı və rəhbər Seyid Camal Əzimbəylinin və redaktor Sevinc Əzimbəylinin və bütün "İnam" komandasının xüsusi xidmətləri və böyük əməyi var. Veriliş təkcə dini mövzularla və Quranla məhdudlaşmır. Burada əxlaq, vicdan və etiqad məsələlərinə geniş yer verilir ki, bu da cəmiyyətin maariflənməsi üçün çox vacibdir. Proqrama həm din xadimləri, həm də cəmiyyətdə tanınmış müğənnilər, şairlər, jurnalistlər və gənclər dəvət olunur. Bu müxtəliflik verilişin formatını daha maraqlı və əhatəli edir. Veriliş Azərbaycanın dünyəvi və sekulyar dövlət quruluşuna, həmçinin qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir. Müstəqilliyin ilk illərindən bəri ölkədə yaranmış dini boşluqlardan müxtəlif xarici missioner təşkilatların istifadə etməyə çalışdığını nəzərə alsaq, belə yerli maarifləndirici verilişlərin rolu əvəzsizdir. Ramazan ayı mərhəmət, birlik və humanizm ayıdır. "İnam" verilişi də bu dəyərləri rəhbər tutaraq hər il öz əhatə dairəsini genişləndirir və keyfiyyətini artırır”.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, hər il olduğu kimi bu il də "İnam" verilişi çoxsaylı izləyicilərin diqqətini özünə cəlb etdi. Ötən il olduğu kimi bu il də verilişə çoxsaylı telefon zəngləri, müraciətlər oldu. Bu da onu göstərdi ki, Azərbaycan xalqı özünün inancına, milli-mənəvi dəyərlərinə, adət - ənənələrinə bağlıdır. Bu ənənələr postsovet dövründə nə qədər sıradan çıxarılmaya çalışılsa da qorunub saxlanılıb. Bu gün də xalqımız bu dəyərləri yaşadır və illər sonra da yaşadacaq. Ölkədə Prezident səviyyəsində bu dəyərlərə və onun qorunmasına xüsusi diqqət göstərilir. "İnam " verilişinin uzun illər efirdə olmasının əsas səbəblərindən biri də Prezident İlham Əliyevin dəyərlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “"İnam" verilişi digər verilişlərdən fərqləndirən əsas cəhətlərdən biri dini dəyərlərin cəmiyyətə doğru-düzgün çatdırılmasıdır. Mövhumatın, xurafatın aradan qalxmasına dəstək olmasıdır. Ramazan boyunca biz xalqımızın bu ayı necə yaşamasının, islam dəyərlərinə necə bağlı olmasının şahidi olduq. Bu dəyərlər doğurdan da bizim üçün çox qiymətli və dəyərlidir. "İnam" komandası bu dəyərlərin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Mən bu komandaya, “Space” kanalının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ekranda bir neçə nəfər görünsə də əslində arxada böyük bir konanda işləyir. Bu heyyət günlərlə oyaq qaldı, verilişin yaxşı bir formada təqdim olunması üçün bütün imkanlarını səfərbər etdilər. Verilişin aparıcısı Seyid Camal Əzimbəyli və onun həyat yoldaşı Sevinc Əzimbəylinin əməyi böyükdür. Onlar böyük bir fədakarlıq göstərib bur ay boyunca yatmadan yatmadan, dincəlmədən Azərbaycan xalqına xidmət etdilər. Milli-mənəvi dəyərləri, İslamın gözəlliklərini xalqımıza çatdırdılar. Ötən ilki Ramazanda olduğu kimi bu Ramazanda da izləyici rəğbətini qazana bildi, insanların ona göstərdiyi inam və etimadı doğrultdu. Həqiqi İslam dəyərlərlərini Azərbaycan xalqına çatdıra bildi. Hesab edirəm ki, "İnam" verilişinin əsas fərqi və üstünlüyü də həqiqi islam dəyərlərinin cəmiyyətə çatdırmaq və təbliğ etməkdir. Bu yolda "İnam" komandasına uğur və müvəffəqiyyətlər arzulayıram".
Xalq artisti Samir Cəfərov bildirib ki, Azərbaycanda dini dəyərlərin düzgün təbliğatı məhz “İnam” verilişi, Seyid Camal Əzimbəylinin tərəfindən həyata keçirilir. Bu həm dövlət, millət, həm də Allah qarşısında çox böyük bir xidmətdir. “İnam” verilişində İslamın, gözəllikləri, dəyərlər, Ramazan ayının fəzilətləri və bu ayın əməlləri insanlara çatdırılır. Bu doğurdan da çox böyük və dəyərləndiriləsi işdir”.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin dediyinə görə, Ramazan ayı boyunca orucluq haqqında yetərincə danışıldı, yazıldı. Xüsusilə, Space tv-də, dəyərli dostumuz Seyid Camal Əzimbəylinin aparıcılığı ilə yayımlanan “İnam” verilişi bu prosesə öz töhfəsini verir: “Əslində bütün bunlar islami maarifçilik baxımından mübət tendensiyadır. İslam mədəniyyətinin, xüsusilə, Ramazanın fəzilətinin geniş auditoriyaya çatdırılması effektiv nəticələri verir. İslam nuru orucluq mədəniyyətini formalaşdırmaqla bərabər Ramazanın sosial, fəlsəfi, tibbi mahiyyəti cəmiyyətə nümayiş olunur”.
Sevinc Qarayeva
çap et