525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şamaxının yeri və rolu<b style="color:red"></b>

(Əvvəli  6 fevral sayımızda)

Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şamaxı şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən hesab edilir. Tarixdən də məlumdur ki, Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə, Şamaxı şəhərinin ən azı 2500 il yaşı var. Şamaxı torpağı tarix boyu Azərbaycan xalqına bəxş etdiyi görkəmli şəxsiyyətlərlə də məşhurdur.

Məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin ibn axund İskəndər Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olub. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, həmçinin dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.

Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam edib. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. O, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlayıb.  Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanıb".

Səyahətləri haqqında Şirvani ona dünya şöhrəti gətirən xeyli kitablar yazıb. "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), "Hədaiqüs-səyahət" ("Səyahət bağları") və "Bustanus-səyahət" ("Səyahət gülzarı") əsərlərində o, bir çox ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir.

Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əskər Həmid Rəbbaninin, B. A. Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə qeyd olunmalıdır.

Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son səyahətinə yollanıb. Bu, onun həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnərək dünyasını dəyişib.

Görkəmli memar Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində doğulub. İbtidai təhsilini molla yanında alıb. Sonra qəza məktəbində oxuyub. Atası və böyük qardaşı Səməd bəyin yolunu davam etdirərək memar olub.1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı, 1868-ci ilədək Bakı şəhərinin memarı, 1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı kimi çalışıb.

Qasım bəy Hacıbababəyov əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Onun tikdiyi binaların sırasına Parapet bağı (Fəvvarələr bağı), Nizami muzeyi (1860), Sahil (1860-1861), Sisiyanov parkı (1860), Vorontsov küçəsi 1-də və Əyri (Krivaya) küçəsindəki yaşayış binaları daxildir.

XIX əsr Azərbaycanın görkəmli şairi və maarifpərvəri Seyid Əzim Şirvani də Şamaxı torpağının yetirməsidir.

1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olan Seyid Əzim kiçik yaşlarında ikən şəhərin tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmmədi itirib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq üçün 21 yaşlı gənc Seyid Əzim İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedir. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyub.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Seyid Əzim Şirvani yaradıcılığında maarifçi və tənqidi-satirik  şeirlər də üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. Çünki məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi"də mütəmadi çıxış edir.  Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazan Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib.

(Ardı var)

Sevinc ABDULLAYEVA

 





17.02.2015    çap et  çap et