525.Az

Mədəniyyət və İncəsənət Universiteti "Muğam aləmi" Festivalına hazırlaşır


 

Mədəniyyət və İncəsənət Universiteti "Muğam aləmi" Festivalına hazırlaşır<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti  (ADMİU) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən  IV Beynəlxalq  Muğam Festivalına həsr olunmuş silsilə tədbirləri davam etdirir.

Bu tədbirlərə muğamşünaslıqla bağlı  elmi seminarlar, yaradıcı işlər, ustad dərsləri aiddir. Universitetdə artıq "Muğamşünaslığın aktual problemləri" nə həsr olunan iki seminar keçirilib. Seminarda ADMİU-nun müəllim heyəti ilə yanaşı AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları muğamşünaslığa həsr olunan maraqlı məruzələri dinlənilib, fikir mübadiləsi, müzakirələr aparılıb.

Fevral ayının ikinci həftəsindən  isə Universitetdə ustad dərsləri və yaradıcılıq işlərinə start verilib. Azərbaycanın 7 əsas muğam dəstgahı  hər həftə ardıcıl olaraq  ADMİU-nun müəllimləri və tələbələrinin ifasında muğamsevərlərə təqdim ediləcək. Silsilə muğam tədbirləri "Rast dəstgahı" ilə başlanıb.

Tədbirin əvvəlində "Muğam sənəti" kafedrasının müdiri, Xalq artisti, professor Canəli Əkbərov qonaqları salamlayaraq,  "Rast" dəstgahı haqqında tarixi və nəzəri baxımından qısa məlumat verib. Daha sonra Əməkdar artistlər Bəsti Sevdiyeva, Zakir Əliyev və "Muğam sənəti" və "Xalq çalğı alətləri ifaçılığı" kafedrasının tələbələri "Rast" dəstgahını ifa ediblər.  ADMİU-nun professor müəllim heyəti, Xalq artistləri  Zamiq Əliyev, Gülyanaq Məmmədova, Ağasəlim Abdullayev və başqaları, eləcə də tələbələrin iştirak etdiyi tədbir böyük maraqla qarşılanaraq, gənc xanəndələrin ifası yüksək qiymətləndirilib.

Növbəti həftələrdə isə Xalq artistləri Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və tələbələrin çıxışları nəzərdə tutulub. 

Qeyd edək ki, "Musiqi sənəti" fakültəsinin Muğam sənəti və Xalq Çalğı Alətləri İfaçılığı kafedrasının müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən bu silsilə tədbirlər  festivala qədər davam edəcək.

 





17.02.2015    çap et  çap et