Azərbaycanda işəgötürənlərin vəzifə və məsuliyyəti artırılır.
525.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.
Məcəlləyə təklif olunan daha bir dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Sənəddə vurğulanıb ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.
Bu xüsusda Azərbaycanda əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.
Layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Təklif edilən dəyişikliyə görə, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Layihədə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna təklif olunan dəyişikliklər də yer alır. Sənədə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.
çap et