525.Az
Ana və uşaq ölümündə təqsirləndirilən həkimin şikayəti təmin edilməyib
Bu gün Ali Məhkəmədə Respublika Perinatal Mərkəzinin ana və uşaq ölümündə təqsirləndirilən həkimi Teymur Həsənovun və zərərçəkmiş tərəfin kassasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.
Zərərçəkmiş tərəfin vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, təqsirləndirilən şəxs onun barəsində bəraət hökmünün çıxarılması, zərərçəkmiş tərəf isə cəzanın ağırlaşdırılması barədə kassasiya şikayətləri ilə məhkəmə müraciət ediblər. Həmin kassasiya şikayətlərinə bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılıb və qərar qəbul edilib. Məhkəmə şikayətləri təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Qeyd edək ki, 2013-cü il mayın 14-də mərkəzdə ana və uşaq ölümü qeydə alınıb. 1986-cı il təvəllüdlü Hüseynova Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. Məlumata görə, üçüncü dəfə ana olmağa hazırlaşan Maral Hüseynova 5 aylıq hamilə olub.
Hadisədən sonra həkim anestezioloq - reanimatoloq Teymur Həsənovun barəsində Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmə) maddəsinə əsasən cinayət işi başlanılıb.
Səhiyyə Nazirliyinin hadisədən sonra yaydığı məlumatda bildirilib ki, 26 yaşlı Maral Hüseynova əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Amma görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizi olub.
Xətai Rayon Məhkəməsinin hökmü ilə T. Həsənov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli müəssisədə çəkilməsi barədə verib.
Həmin hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.
18.02.2015
çap et