525.Az

Fontan - "Uçar su"


 

VƏ YAXUD HEYKƏLƏ QOYULMUŞ HEYKƏL

Fontan - <b style="color:red">"Uçar su"</b>

Hələ uzun illər bundan əvvəl gecələrin birində Bakının ən uzun küçəsində dolaşa-dolaşa içimdə pıçıldamışdım ki:

Yetər qəmli-qəmli oxudum, yetər,
Yetər azadlığım yaşadı sözdə.
Sığa bilməz daha tabut sözlərə,
Təsəlli gətirən ölümümüz də.

Söz məni ovutmur, sözə də yendim,
Yendim, sönür daha bu ocaq, Allah!
Qılıncla açılan yaralarıma
Sözünən dərmanmı olacaq, Allah!


Füzuli sözüydü Tanrıdan gələn,
Duatək söylədi ruhu ayılda.
Qılıncın çıxarıb sözlərə yendi,
Yendi məğlub oldu Şah İsmayıl da.

Nəsimi sözüydü ən ovsunlu söz,
Birmiş öldürən də, sevda əkən də.
Özünə yaxınmış Nəsimi qədər
Nəsimi sözünü dara çəkən də.

Söz yoxdu sözünə Hüseyn Cavidin,
Ruhunda Turandı - ilahi nurda...
Özünü sözündən tutub asdılar,
Özünü Sibirdə, sözünü burda.

Mərd sözün zoru yox namərd qılınca,
Təmiz söz, mərd qılınc - göyərəndi haqq.
Qılınca söykənib deyilməyibsə,
İlahi söz belə sözdü, söz ancaq.

Dərdimin əlindən mən səndən qaçıb
Yenə də mən sənə üz tutdum, ey söz!
Dalında Koroğlu dayanan sözün
Önündə Allah da dayana bilməz!

Bu düz 30 il bundan əvvəl olmuşdu...

Amerikada olanda eşitmişdim ki, qızıldərililər - yəni hindular, şəlaləyə (fontan) uçar su deyirlər. Bir hindudan soruşub yəqinlik hasil eləmişdim. Nə qədər gözəl səslənir - uçar su.

Və uzun illər bundan əvvəl Bakıya - ruhumuzun paytaxtı Bakıya sevgi və nigarançılıqla bir şeir yazmışdım:

Rüzgardı dönüb gəlib,
Dəlimi olub gəlib?!
Hamıya qalib gəlib,
Özünü satan Bakı.

Çox şükür tanrıya ki, bu nigarançılıqdan qurtarmışam daha.

Çoxlarını yola salan, işğalçılara sinə gərən Bakı bu gün öz əzəməti, yenilməzliyi ilə üzü Xəzərə dünyaya meydan oxuyur.

Möhtəşəm tikililəri ilə, İçəri şəhəri ilə, "Alov güllələri" ilə, heykəl və fontanları ilə bu son 20 ildə Bakı Parislə, Londonla, Praqa ilə müqayisə olunur. Müqayisə eləyənlər fikirlərində haqlıdırlar. Bakı bu 20 ildə 70 ildəkindən çox dəyişib. Özü də irəliyə doğru.

Bu yaxınlarda Şah İsmayıl Xətainin yanında qoyulan fontan bir özəlliyi ilə diqqətimi çəkdi. Mənə elə gəldi ki, bu fontan bu heykəlin yanına elə fontan olaraq qoyulmayıb. Bu fontan təkcə gözəlliyə deyil, həm də ağıl və düşüncəyə hesablanaraq qoyulub.

Burda bir haşiyə çıxmaq istəyirəm. Sovet hakimiyyəti illərində Bakıda, şair və yazıçılara fikir və düşüncə adamlarına (qəhrəmanlara yox ha) çox heykəllər qoyulub.

Ancaq bu heykəllərin çoxu, demək olar ki, əksəriyyəti bir-birinə oxşayır.

Füzuli, Xətai, Nəsimi, Cavid, Cabbarlı və s. heykəllərin bir ortaq cəhəti var - hamısı başını aşağı salmış, fikir və düşüncələrə dalmış halda təsvir olunur. Bu təbii ki, belə də olmalıydı. İstedadına və bacarıqlarına hörmət elədiyim bu memar və heykəltaraşlarda nəsə yanlış bir şey axtarmaq fikrindən uzağam.

Təbii ki, kommunist ideologiyası altında yaşayan, əsarətdə olan bir xalqın sənətkarları yaratdıqları heykəllərə öz iç dünyalarından baxmalıydılar. Təzyiq altında olan sənətkar özündən əvvəlki dahilərini məğrur, yenilməz, dünyaya meydan oxuyan şəkildə yarada bilməzdilər. Başı sinəsinə əyilmiş heykəllər bir xalqın ruhunun ifadəsi idi. Hətta heykəl olaraq başımızı qaldırmağa bizi kim qoyardı ki?!
Təbii ki, Xətainin heykəli də bu heykəllərdən fərqli deyil. Başını sinəsinə əymiş, qılıncını yerə qoyub sözə təslim olmuş bir şah, bir hökmdar.

Zaman yetişib. Biz indi əsarətdə yox, içimizdən çıxarıb başımızın üstünə qaldırdığımız, rüzgarlarda yellənən üçrəngli bayrağın kölgəsində azad və müstəqil yaşayırıq. Bu azadlıq bizim həyatımızla bərabər ruhumuzu da dəyişdirdi. Bizim indi hər şeyə fərqli münasibətimiz var.

Xətainin heykəlinə və heykəlin ətrafında qoyulmuş fontana (uçar suya) qayıtmaq istəyirəm. Təbii ki, fontan prezident İlham Əliyevin göstərişi ilə qoyulub. Ancaq bir şey də var - onu nə cür qoymaq! Bu dəyərli dövlət adamı, gözəl ziyalı, içində mənsub olduğu millətin dəyərlərinə sevgi bəsləyən mer - professor Hacıbala Abutalıbovun rəhbərliyi ilə yaradılan bir sənət nümunəsidir. Mənə elə gəlir ki, burada Hacıbala müəllim təkcə fontan qoymayıb, əslində o heykələ - (Xətai) heykəl qoyub.

Mən həmişə Xətainin heykəlinə unudulmuş, tərk edilmiş bir abidə kimi baxmışam.
Müharibə şəraitində yaşayan bir ölkənin qəhrəmanına münasibət bu cür olmamalıydı. Çox şükür tanrıya ki, hər şey yaxşılığa doğru dəyişir. Qəhrəmanlarımıza münasibət də.

Mənə elə gəlir ki, Hacıbala müəllim bunları nəzərə alaraq, bu fontanı unudulmuş, tərk edilmiş Xətainin heykəlinə heykəl kimi qoyub.

Hörmətli Hacıbala müəllim! Bütün daşlar heykəl olmağa, bütün sular şəlalə olmağa can atar. Qoy bütün qurduğunuz şəlalələr Bakının daş heykəllərinin ruhuna dua oxusun. Çünki dua anddan,  pıçıltı hönkürtüdən ucadadı. Siz də elə həmin ucalıqdasınız.

P.S. Bütün heykəllər şairlərin daşa dönmüş şeirləri, bütün şəlalələr şairlərin uçan suda səslənən nəğmələridi. Yer üzündə gözəl və ilahi olan nə varsa - şeirdi, ondan başqa heç nə.
Mənə elə gəlir ki, Allahın da bir adı nə vaxtsa şeir olub. Adamlar unudublar.

 





18.02.2015    çap et  çap et