İncəsənət daha çox hiss olunan, duyğusal bir sahə, insanın özünü anlamağa çalışdığı sakit, rahat bir məkandır. Burada cərəyan edən nə varsa, tələsmədən baş verir - hisslər də, duyğular da, düşüncələr də. Bəlkə elə buna görədir ki, sənət adamları hər zaman fərqli görünürlər. Onlar danışmadıqlarını yaradır, göstərmədiklərini bizlərə hiss etdirirlər.
Bu dünyanın bir tərəfi də var. Bura daha görünən, daha səs-küylü, dedi-qodulu, daha diqqət çəkəndir. Burada diqqəti cəlb etmək istəyi bəzən yaratmaqdan önə keçir, səsdən çox söz-söhbət eşidilir, qalmaqallar yaradıcılığı üstələyir və tamaşaçı artıq ifanı deyil, onun ətrafında baş verənləri də izləməyə məcbur və məhkum olur. Nəticədə isə bəzən yaradıcılığa, zəhmətə, sənətə münasibət kölgədə qalır. Bütün bu olanlara rəğmən, adı kimi incə olan bu sənətin içində nə yaxşı ki, yersiz səs-küyü anşlaqa çevirməyi, yaradıcılığı ilə yaddaşlarda özünə yer etməyi, ifaları ilə zövqləri oxşamağı bacaranlar da var. Bu gün qonağımız onlardan biri - Dövlət Sərhəd Xidmətinin kapitanı, Nümunəvi Hərbi Orkestrinin solisti, müğənni Elnarə Xəlilovadır.
- Nədənsə ilk ünsiyyətdə dəcəl, şıltaq biri təsirini bağışladınız...
- Yanılmadınız... Uşaqlıqdan gələn bu xüsusiyyətlər bu günə qədər də özünü göstərir. Bəzən uşaqların nadincliyindən gileylənəndə anam deyir ki, özün dinc olmusan ki, onlardan bunu gözləyirsən. Məktəbdə yaxşı oxumağıma baxmayaraq, çox dəcəlliklər etmişəm. Artıq doqquzuncu sinifdə dedim ki, Elnarə, daha belə olmaz, özünə fikir ver. Universitet illərində bu dəcəllik fəal və aktiv olmağımla özünə yer edib, haqq olanı tələb etməyi bacarmışam, təhsilimi qırmızı diplomla başa vurmuşam. Düşünürəm ki, özümə nə qədər fikir versəm də, xasiyyət hələ də özünü göstərməkdə davam edir.
- On üç yaşında ikən ananız sizi "Bənövşə" uşaq xoruna gətirib. Bu da o demək idi ki, səs imkanlarınız özünü göstərə bilmişdi...
- Orta təhsillə paralel musiqi məktəbinin fortepiano sinfində də oxuyurdum. Pianoda çalıb mahnılar ifa edirdim. Yəqin ki, bu, evdəkilərin nəzərindən qaçmadı və anam məni Əfsər Cavanşirovun yanına apardı. Lakin mən orada bir il oxudum, çünki dərs yüküm çox idi. Rəhmətlik Əfsər müəllim məni dinləyən kimi xora solist kimi qəbul etdi. Az müddət xorda solist olsam da, bütün konsertlərdə, tədbirlərdə iştirak edə bildim. O zaman mərhum Rəhim Rəhimli, Azərin, Nurlan Əzizbəyli, Xuraman Şuşalı kimi bu gün məşhur ifaçılarla birlikdə xorda iştirak etmək qismətim oldu.
- Yəqin sonra bu səsi bir kəşf edən oldu ki, sənətə yoluna üz tutdunuz...
- Artıq tələbə idim, qardaşımın doğum günündə atamın dostu xanımı ilə qonaq gəlmişdi. Svetlana Zeynalova kifayət qədər tanınmasa da, ənənəvi caz ifaçısı idi. Uitni Hyustonun "I Will Always Love You" mahnısının ən dəbdə olan vaxtı idi, mən də pianoda onu çalıb oxuyurdum. Qadın heyranlıqla məni dinləyəndən sonra dedi ki, bu istedadla niyə oturub qalmısan? Düzü, özüm də onun sözlərindən çaşdım, dedim nə edə bilərəm ki? Dərhal dedi, səni mütləq Vaqif Gərayzadənin yanına aparmaq lazımdır. O zaman on doqquz yaşlı bir tələbə olan mən Vaqif Gərayzadənin adını ilk dəfə eşitdim, lakin sonra onun haqqında məlumat toplamağa başlayanda məlum oldu ki, məktəb illərindən elə onun mahnılarının dinləyərək böyümüşəm. Nəzərə alsaq ki, o zaman informasiya almaq bolluğu bugünkü qədər deyildi, Vaqif Gərayzadə haqqında məlumatsız olmağımı anlamaq olar. Həm də daha çox dərslərimə köklənməyim, universitetə hazırlığım məni diqqətimin yayınmağına imkan verməyib. Svetlana xanımın məni Vaqif Gərayzadənin yanına aparmaqda israrlı olduğunu görüb anamın fikrini öyrənnək üçün onun yanına gəldim. Burada kiçik bir haşiyə çıxmaq lazım gələcək.

- Buyurun...
- Ana tərəfim bakılıdır, nəsildə Əməkdar, Xalq artisti fəxri adlarını daşıyan incəsənət adamları var. Xalq artisti Əlibaba Abdullayev anamın əmisi, Nailə Mirməmmədli əmisinin qızı, qarmon ifaçısı Teyyub Dəmirov nənəmin xalası oğlu və sadalamadığım digər sənət adamları var ki, hamısı anamın nəslinin nümayəndələridir. Bu şəcərənin kökü ana nənəmin babası xanəndə Məşədi Məmməd Fərzəliyevdən gəlir. Qızıl ticarəti ilə məşğul olduğundan ona qızılı Məşədi Məmmməd ləqəbini veriblər. Belə deyirlər ki, Beşmərtəbənin altındakı qızıl dükanları ona məxsus olub. Sovet hakimiyyəti onun bütün varidatını müsadirə edib, var-dövlətini əlindən alıb. Məşədi Məmməd mükəmməl muğam ifaçısı, xanəndə olub. Onu Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, bəzi Avropa ölkələrində mahir muğam ifaçısı kimi tanıyırdılar. Məşədi Məmməd Fərzəliyevin 40-a yaxın muğam, təsnif və mahnısı Varşavada, daha sonra Kiyevdə qrammofon valına yazılıb. Bildiyim qədər onun vallarından Alim Qasımovda, Nailə xalada və artıq məndə də var. Sosial şəbəkə üzərindən yaratdığım kanalda "Görüş" adlı veriliş var. Orada Əlibaba Abdullayevin qızı Elmira Abdullayeva ilə görüşdüm və o mənə həmin valın SD variantını verdi, yəni bu gün həmin nəslin bir nümayəndəsi də mənəm.
- Onda ananız sizin oxumağınıza etiraz etməyib...
- Əksinə, ona Svetlana xalanın fikrini bildirəndə dedi ki, nəsildə kifayət qədər oxuyan var, sənə ehtiyac yoxdur. Lakin bu məsələdə atam məni dəstəklədi, anamı yola gətirə bildi və beləliklə, məni Vaqif Gərayzadənin yanına gətirdilər. Vaqif müəllim məni dinlədi, dedi ki, səs imkanların yaxşıdır, istedadın var və sənətə gələ bilərsən. Bu hadisələr 1999-cu ilə təsadüf edirdi. 2000-ci ildə Vaqif Gərayzadənin Respublika sarayında yaradıcılıq gecəsi keçirilirdi. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Azərin, Tünzalə Ağayeva kimi sənətkarların arasında mən də var idim. Artıq mediada haqqımda: "Vaqif Gərayzadənin yeni protejesi - Elnarə Xəlilova" başlıqlı yazılar gedirdi. İlk dəfə həmin tədbirdə ənənənəvi caz ifa etdim. Dizlərim əsə-əsə canlı olaraq "When I Fall in Love" parçasını oxudum və həmin vaxtdan bu günə qədər sənət yolundayam. Sonra Milli Konservatoriyada ikinci təhsilimi də aldım.

- Və günlərin birində tamaşaçı qarşısında Vaqif Gərayzadənin yaratdığı üç gənc qızdan ibarət "W-trio" qrupunu gördü...
- Bu qrup birdən yaranmadı. Vaqif Gərayzadənin dediyim gecəsindən bir il sonra mənə bildirdi ki, belə bir qrup yaratmaq fikrindədir. Həmin müddət ərzində Vaqif müəllim Röyanı da, Natavanı da görüb bəyəndikdən sonra belə bir qərara gəlib. Fikrini mənə bildirəndə təbii ki, çox sevindim. Konsertmeyster Emin Həsənovla birlikdə məni qızların çalışdığı məkana göndərdi. Əvvəl Röyanın çıxış etdiyi məkana gəldik, özümüzə bir yer seçib oturduq və onu dinləməyə başladıq. Çıxışını bitirəndən sonra ona yaxınlaşdıq, tanış olduq. Dedim ki, məni Vaqif Gərayzadə göndərib və deyəsən, biz birlikdə çalışacağıq. Məmnuniyyətlə razılığını bildirdi. Röyanı da Vaqif müəllimlə onun mahnılarının söz yazarı mərhum Sərvər Şahbəyli tanış etmişdi. Daha sonra Natavanın çalışdığı ünvana üz tutduq, eynisilə məsələni ona da bildirdim. O da işə hazır olduğunu dedi və beləcə, Vaqif Gərayzadənin kəşf etdiyi üç qız trio qrupunda bir araya gəldi. Qrupun adı isə o zaman mənim çalışdığım "W klub"dan götürüldü, çünki ora bizim məşq yerimiz oldu. Beləcə, məşhurlaşmağa başladıq, dəvətlər artdı, insanlar bizi özəl günlərində, toy şənliklərində görmək istədilər, yəni artıq necə deyərlər, başımızı qaşımağa macalımız olmurdu. O qrup gəncliyimin məhsuldar dövrü kimi çılğın, xoş xatirələri ilə yaddaşımda qalıb. Mən o qrupda püxtələşdim və o bu günə qədər də üzərimdə çalışıram. O zamandan bünövrəm elə qoyuldu ki, iş əxlaqım formalaşdı, bu günə qədər sənətimlə bağlı nəyi necə etmək lazım olduğuna ciddi riayət edirəm. Vaqif Gərayzadə Azərbaycan incəsənəti üçün parlaq ulduzlar yetişdirib. Fikrim qeyri-təvazökarlıq kimi səslənməsin, lakin mən onun yetirmələri arasında yeganə biriyəm ki, Vaqif Gərayzadə yolunu davam etdirirəm. Səkkiz il əvvəl yaratdığım EL yaradıcılıq mərkəzində layihələr etməklə səhnəmizdə yeni ulduzların parlaması üçün ürəklə, həvəslə çalışıram.
- Zamanında Xalq artisti Aygün Kazımova sizə "çıqqılı qızlar" deyirdi. Amma bu qızların birgə fəaliyyəti bir neçə il çəkdi və aralarındakı səmimi münasibət çat verdi...
- Onlar böyüdülər...
- Böyüdükcə müdriklik də artır...
- Bir-birinə bənzər insanlar həmişə rastlaşmır. Çox vaxt biz bilirsiniz nədən inciyib küsürük? Hamıdan özümüz kimi olmağı gözləyirik. Amma bu, qeyri-mümkün gözləntidir. Mən həmişə yerini bilən, səmimi münasibəti qoruyub saxlayan olmuşam. Hər başlanğıcın bir sonu olur, əbədi heç nə yoxdur. Biz böyüdükcə, arzularımız da böyüdü, düşüncələrimiz də dəyişdi. İlk olaraq qrupdan Röya ayrıldı, çünki gələcəyini solo karyera ilə qurmaq istədi və buna nail də oldu. Bir il sonra mən ayrıldım, səbəb kimi daha oxumaq istəmədiyimi bildirdim. Amma zaman göstərdi ki, istedadın qarşısını kəsmək mümkün deyil və mən də solo karyeramı qurdum. Aramızda Natavan daha dözümlü oldu, sona qədər ikinci heyətlə çalışdı və qrup dağılandan sonra sənət yolunu davam etdirməyə başladı. Amma etiraf etmək lazımdır ki, "W-trio" qrupu deyəndə Elnarə, Röya, Natavan üçlüyü xatırlanır və bu gün qızlarla çox yaxşı münasibətim var. Bütün həmkarlarıma cansağlığı və uğurlar arzu edirəm.

- Şou adlandırdığımız dünya qalmaqal yaşamağı daha çox sevir...
- Mən yalnız özümə cavabdeh biri kimi yalnız özümdən danışa bilərəm. Qalmaqal etməyə nə həvəsim olub, nə də vaxtım. Ona görə ki, ailədə dörd övlad var, mərkəzdə tələbələr var, mahnılar, layihələr, tədbirlər, konsertlər... Və hamısına yetişmək, ortaya layiqli iş qoymaq zaman tələb edir. Bu qədər yükü olan insanın qalmaqala vaxtımı qalar? Qalmaqal yaratmaq üçün bekar olmaq lazımdır. Mahnı bəstələməyən, söz yazmayan, klip çəkdirməyən, layihə etməyən, konsert verməyən, tədbirlərə dəvət almayan, mədəniyyətin gələcəyini düşünməyən biri nəyin bahasına olur-olsun gündəmdə qalmaq istəyir, daha doğrusu, qalmaq məcburiyyətindədir. Başqa neyləməlidir? O da çıxış yolunu qalmaqalda tapır. Əslində onları qınaya da bilmirəm, çünki həmkarıq və gündəmdə qalmaq yolunu belə tapıblar. Ümumiyyətlə, mən konflikt, səs-küy sevən biri olmadığımdan elə yerlərdən qaçan adamam.
- Bir az da EL yaradıcılıq mərkəzi haqqında danışaq...
- Bayaq bir fikir söylədim ki, Vaqif Gərayzadənin yolunu davam edən onun yeganə yetirməsiyəm. Böyük zəhmət, məsuliyyət tələb edən bir iş olsa da, mən bu yola çıxdım. Çünki mədəniyyətimizin gələcəyinə biganə qala bilmirəm, istedadları üzə çıxarmağı özümə borc bilirəm, sabah bizi əvəz edə biləcək yaradıcı nəsli yetişdirmək bizim üzərimizə düşür. 7-dən 77-yə mərkəzin qapılarının hər kəsin üzünə açıq olduğu elanını verdik və beləcə, üzvlərimiz yığılmağa başladı. Onu da deyim ki, üzvlərimiz arasında müxtəlif peşə sahibləri var - aşpazı, şirniyyatçısı, taksi sürücü var, lakin bununla yanaşı, onların istedadı da var. Ailəli, övlad sahibi olanlar elə böyük həvəslə bizə qatılırlar ki... Eyni həvəslə də onlarla maraqlı layihələr hazırlayır, konsertlər veririk. Canlı ifalara üstünlük verirəm. Vaqif müəllimi bir neçə dəfə mərkəzə dəvət etmişəm və çox məmnunam ki, hər dəfə onunla əlaqə saxlayanda deyir ki, Elnarə, səni izləyirəm. Tələbələrimə hər işdə yardımçı olmağa yalnız çalışmıram, bunu özümə borc bilirəm. Onların ifasında ərsəyə gələn ifalar, kliplər ay boyu hot playlistdə birinciliyi əldən verməyib. Bilirsiniz bu necə bir uğur deməkdir? İl ərzində onlarla qocalar, uşaq evlərində, reabilitasiya mərkəzlərində çıxışlar edirik. Onlara aşılamaq istəyirəm ki, müəyyən səbəblərdən cəmiyyətdən təcrid olanlar diqqətimizdən kənarda qala bilməz. Tanrı mənə hər şey bəxş edib - gözəl ailə, övladlar, iki ali təhsil, istedad, tələbələr, yaratmaq eşqi - bundan böyük xoşbəxtlik ola bilməz. Və hər uğur mənə daha böyük nailiyyətlərə sarı yol açır.

- Dövlət Sərhəd Xidmətindəki fəaliyyətinizi demədiniz...
- Həyat yoldaşım bir neçə televiziya kanalında həm pult rejissoru, həm də vətənpərvərlik mövzusunda olan verilişlərin müəllifi və aparıcı olub. Biz də verilişlərə mahnılarla çıxış etməyə gəlirdik, o da bizi çəkirdi. 2004-cü ildən başlayan tanışlığın sonu iki ildən sonra bizi bir ailə daxilində birləşdirərək dörd uşaq valideyni etdi. Onun əsas istiqaməti hərbi vətənpərvərlik olduğu üçün işi bilavasitə güc strukturları ilə əlaqəli idi. Dövlət Sərhəd Xidmətilə sıx əməkdaşlıq 2004-cü ildən başladı. "Sərhədçi", "Komando" idman oyunlarında iştirak etdim. Bu gün hamının heyranlıqla izlədiyi "Survivor" oyununu biz o vaxtlar etmişik. Mənim həm aparıcı, həm də iştirakçı olduğum verilişlər vardı. İştirakçısı olduğum verilişdə gəmiyə də minmişik, kanatla vertolyota da qalxmışıq, üstümüzdən tank da keçib, yəni maraqlı oyunlar qura bilmişik. Beləcə, heç bir təmənna güdmədən Dövlət Sərhəd Xidmətinin, digər güc nazirliklərinin bütün tədbirlərində həvəslə iştirak etməyə başladım və bu gün də davam edirəm. DSX-dən tərifnamələr, təşəkkür və tərifnamələr almağa başladım. Son on ildə isə onlar əməkdaşlığımızı rəsmiləşdirdilər, orkestrə solist qəbul edərək, kapitan rütbəsi verdilər. Sağ olsunlar.
- Dörd övlada həyat bəxş eləmək günümüzdə bir qəhrəmanlıq sayılır...
- Bir məsəl var: Allah verirsə, nemətdir, vermirsə hikmət. "Məhəbbət payım" adlı mahnımın nəqarətində belə bir misra var: "Tanrıdan budurmu məhəbbət payım?" Bax, o dörd övlad Allahımın mənə verdiyi nemətdir. Şükürlər olsun ki, evdə mənə həmişə kömək və yardım olunub, çətin vaxtlarımız geridə qalıb, yəni o mənada ki, artıq böyüyüblər. Düzdür, böyüyün də böyük qayğıları var, amma çox gözəl və isti bir duyğudur. Bu günün uşaqları bizlərdən tamamilə fərqlidir, istəkləri çox, tələbləri böyükdür. Amma olsun, Tanrı heç bir ocağa övlad həsrəti yaşatmasın.
- Dördünə də türk adları vermisiniz - Burlaxatun, Tuğər Harun, Öndər Xaqan, Ərtuğrul. Bəzən uşaqlar onlara qoyulan adlardan utanır...
- Adların ikisini mən, ikisini ataları qoyub. Kiçik yaşlarında etirazlarını bildirirdilər, çünki adın mahiyyətini dərk etmirdilər axı. Amma indi tam əksinə. Qızım Slavyan Universitetinin tələbəsidir. Öyünür ki, o boyda universitetdə bircə Burlaxatun var, o da mənəm. Valideynləri kimi dilli-dilavər bir qızdır.
- Yəqin aralarında istedadı olanı var...
- Dördünün də... Musiqi bəstələyirlər, söz yazırlar, gözəl rəsm çəkmək qabiliyyətləri var, yəni hamısı incəsənət yönümlüdür. Bu gün elə bir dövrdə yaşayırıq ki, mənim nəzərimdə həm ali təhsil olmalıdır, həm əlinin sənəti. Bu baxımdan onların yaradıcı dünyasına qarşı deyiləm. İlk növbədə təhsilləri olsun və onunla yanaşı nə etmək istəsələr, övladlarıma həmişə dəstəkçiyəm.
- Fəaliyyətinizdə vətənpərvər olduğunuz açıq-aydın görünür. 44 günlük müharibə labüd idi...
- 2016-cı ildə TRT-nin bütün türkdilli dövlətləri ilə birgə yayımladığı Novruz Qala konsertində idim. Dedilər ki, beş musiqi nömrəsi göndərin. "Sarı gəlin", "Şuşanın dağları", "Ay Laçın", mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin "Novruz" mahnısını göndərdim. Məqsədim ancaq verilən imkandan istifadə edib səsimin milyonların eşitməsi idi. "Qarabağ" mahnısını ifa etdim, bu, canlı yayım idi. O zaman türklər mənə belə bir sual verdilər: Qarabağı nə vaxt alacaqsınız? Həmin vaxtlarda biz çox dili qısa, başıaşağı idik ki, yerə düşən namusumuzu götürə bilmirik. Dövlətimiz sülh yolu üçün qədərindən artıq gözləsə də, son sözü müharibə dedi. Qanla verilən torpaqlar qanla da alındı və məhz 44 günə ayaq altında qalan namusumuzu şəhidlərimiz, qazilərimiz ayaqlar altından qaldırıldı. Bəli, bu müharibə labüd idi. Və bu gün qürurla gəzib, haqq sözümü deməkdən ruhlansam da, bir ana, bir qadın, bir Vətən övladı olaraq, bəşəriyyətə müharibəsiz dünya arzu edirəm. Ən azından uşaqların naminə.
SÖZARDI: Elnarə Xəlilova ilə söhbətimiz şəhərin səliqəli və səs-küylü bir məkanında baş tutdu. Söhbət boyu onun şaqraq gülüşləri istər-istəməz ətrafdakılara da sirayət edirdi. Bir xanımın nəzakətlə bizim masaya yanaşaraq, onunla şəkil çəkdirmək istəyi, məkan sahiblərinin Elnarənin, Röyanın ifasında mahnı səsləndirməyi isə sənətkarın səmimiyyətinin, sevilməyininin və peşəkarlığının göstərici idi. Əsl incəsənət budur.
Tamilla M-ZADƏ
çap et