525.Az

Haitidə mülki şəxslərə hücum olub - 70 nəfər ölüb


 

Haitidə mülki şəxslərə hücum olub - <b style="color:red"> 70 nəfər ölüb</b>

Haitidə silahlı dəstə mülki şəxslərə hücum edib. Aralarında uşaqlar da daxil olmaqla 70 nəfər həyatını itirib.

525.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Collectif Defenseurs Plus" hüquq müdafiə təşkilatının direktoru Antonal Mortime yerli “Radio Television Caraibe” (RTVC) kanalına bildirib ki, "Qran Qrif" dəstəsi paytaxt Port-o-Prensin yaxınlığındakı Jan Denis qəsəbəsində mülki insanları hədəf alıb.

Mortime hücumda aralarında uşaqların da olduğu 70 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını bildirib.

O əlavə edib ki, 50 ev yandırılıb, təxminən 6 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Yerli medianın məlumatına görə, dəstə üzvləri polisin şəhərə çatmasına mane olmaq üçün əsas yolları barrikadalarla bağlayıblar və sosial şəbəkələrdə yayılan görüntülərdə onların ağır silahlarla fərq qoymadan atəş açdıqları görünür.

Haiti Milli Polisindən verilən açıqlamada həmçinin bildirilir ki, dəstə üzvləri yolları bağladıqları və xəndəklər qazdıqları üçün təhlükəsizlik qüvvələrinin əraziyə çatması gecikib.

Qeyd edək ki, Amerika qitəsinin ən yoxsul ölkələrindən biri olan Haiti zorakılıq dövrü və dəstələrin yaratdığı hakimiyyət boşluğu səbəbindən iqtisadi çöküşün astanasındadır.

Uzun illər siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan, əhalisi 11 milyonu keçən Haiti aclıq təhlükəsi ilə üz-üzədir. Ölkədə dəstə zorakılığı səbəbindən 1,4 milyondan çox insan didərgin düşüb.

İbrahim Cəfərov

 





13.04.2026    çap et  çap et