525.Az

Bakıda Bahar Xeyriyyə Bazarı keçirilib - FOTOLAR


 

Bakıda Bahar Xeyriyyə Bazarı keçirilib - <b style="color:red"> FOTOLAR</b>

Bakıda çox sayda şəhər sakini və qonaqların iştirakı ilə Bahar Xeyriyyə Bazarı keçirilib. 

525.az xəbər verir ki, tədbirin təşkilatçıları Bakı Beynəlxalq Qadınlar Klubu (International Women's Club - Baku) və Qazaxıstanın Azərbaycandakı səfirliyi olub. 

Xeyriyyə Bazarı Bakıda fəaliyyət göstərən onlarla xarici ölkə səfirlikləri, yerli və xarici şirkətlər, könüllülər tərəfindən dəstək alıb. 

Açılış nitqi ilə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel dünyada baş verən çaxnaşmalar fonunda bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Diplomat deyib ki, qarşılıqlı yardım və xüsusilə ehtiyacı olan uşaqlara və qadınlara dəstək sivilizasiya kodumuzun ayrılmaz hissəsidir.

Əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev könüllülüyə xüsusi əhəmiyyət verir. 

Bakı Beynəlxalq Qadınlar Klubunun rəhbəri Asemgül Bayel bazarın təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib və hər bir ianənin ünvanına çatacağını əlavə edib. Toplanan vəsaitlər şəhid ailələrinin və veteranların, sağlamlıq imkanları məhdud olan uşaqlara, yeni başlayan və dəstəyə ehtiyacı olan qadın sahibkarların, tək anaların, uşaq evlərinin dəstəklənməsinə yönəldiləcək. Asemgül Bayel qeyd edib ki, Beynəlxalq Qadınlar Klubunun missiyası ehtiyacı olanlara dəstək göstərmək və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir. 

Tədbirin açılışında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər. Onlar bu xeyirxah işə görə bazarın təşkilatçılarına təşəkkür ediblər. Qonaqlar qeyd edbilər ki, bakılılar xeyriyyə yarmarkası vasitəsilə qazax mədəniyyəti ilə də daha yaxından tanış olurlar. 

Bazar çərçivəsində yerli və xarici ustaların əl işlərinin və sənətkarlıq nümunələrinin, müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Həmçinin maraqlı musiqi proqramı və əyləncələr təqdim edilib, lotereya və hədiyyə uduşları keçirilib. 

Bakı Beynəlxalq Qadınlar Klubu (International Women's Club - Baku) 30 ildən artıqdır yaradılan qeyri-kommersiya təşkilatıdır və dostluğun möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişafı, xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə müxtəlif ölkə və mədəniyyətlərdən olan qadınları birləşdirir. Klubun üzvləri Bakıda akkreditə olunmuş səfirlərin həyat yoldaşları, tanınmış qadın sahibkarlar və ictimai xadimlərdir. 1 fevral 2026-cı il tarixindən etibarən klubun prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı Asemgül Bayel seçilib. Vitse-prezident isə Azərbaycandan olan sahibkar Cəmilə Hüseynovadır.

Pərvanə Sultanova

 





13.04.2026    çap et  çap et