525.Az

Ukraynada Azərbaycan ədəbiyyatının təbliği genişlənəcək


 

Ukraynada Azərbaycan ədəbiyyatının təbliği genişlənəcək<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi (AYB), Mahmud Kaşğari adına Beynəlxalq Fond və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu Azərbaycan Yazıçılar Birliyinin AYBkitab layihəsinə yaxından dəstək verəcək. Əməkdaşlıq çərçivəsində layihənin stendinin Ukraynada təşkili və açılışı, nəşr olunan kitabların Ukraynada yayımının təşkili və müəlliflərin imza günlərinin təşkil edilməsi nəzərdə tutulur. Bu barədə razılıq AYB Mətbuat xidmətinin rəhbəri Xəyal Rza və Birlik sədrinin müşaviri Rauf Aslanovun bugünlərdə Kiyevə səfəri zamanı əldə olunub.

Səfər zamanı Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri namizədi Hikmət Cavadovla görüş keçirilib. Səfir E.Mədətli Azərbaycan ədəbiyyatının Ukraynada təbliğinin vacibliyini vurğulayıb və bununla bağlı layihələrə səfirliyin verdiyi dəstəyin davam etdiriləcəyini bildirib.

Dünən isə bu müqavilə ilə əlaqədar AYB-nin "Natəvan" klubunda mətbuat konfransı keçirilib, əməkdaşlığın mahiyyəti, görüləcək işlər barədə ətraflı məlumat verilib.

 





19.02.2015    çap et  çap et