525.Az

Anarın "Ağ qoç, qara qoç" kitabı Kiyevdə nəşr olunub


 

Anarın "Ağ qoç, qara qoç" kitabı Kiyevdə nəşr olunub<b style="color:red"></b>

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın əsərlərindən ibarət kitab Kiyevdə Ukrayna dilində çap edilib.

Azərbaycan Səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış "Yaroslaviv Val" nəşriyyatında çap olunan kitaba Çingiz Aytmatovun Anar haqqında yazdığı "Taleyin müasiri" başlıqlı məqaləsi ön söz kimi verilib. "Ağ qoç, qara qoç" adı ilə təqdim edilən nəşrə ədibin eyniadlı əsəri, həmçinin "Dantenin yubileyi" və "Ağ liman" povestləri, "Zəncir", "Mən, sən, o və telefon", "Gürcü familiyası" və "Gecənin səhəri" hekayələri, "Saflaşdıran kamança naləsi" essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının "Mükəmməl insan Anar" başlıqlı müsahibəsi daxildir.

Redaksiya heyətində Lvov kitab nəşriyyatçıları və yayımçıları Assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, "Qırmızı və qara" kitab silsiləsinin prodüseri, ədəbiyyatşünas Sergey Qrabarın, "Krivbas kuryeri" jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqori Hüseynovun və digərlərinin adları yer alan kitaba Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski son söz yazıb. "Sərhədlər tanımayan Anar" məqaləsində Mixail Slaboşpitski Anarın dərin milli ruhlu, məhz bu səbəbdən də çox beynəlmiləl yazıçı olduğunu, Azərbaycana məxsus olduğu qədər bütün dünyaya məxsusluğunu qeyd edib, onu sərhədlər tanımayan şəxsiyyət  adlandırıb.

Müəllifin iştirakı ilə kitabın Ukrayna mədəni və ədəbi ictimaiyyətinə təqdimatı nəzərdə tutulur.

 





19.02.2015    çap et  çap et