525.Az

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş konfrans keçirilib


 

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş konfrans keçirilib<b style="color:red"></b>

15 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

525.az xəbər verir ki, konfransın açılışı elmi-praktik konfransın qonaqlarının və ziyalıların iştirakı ilə muzeyin Xaqani guşəsində baş tutub. Filialın müdiri Yaqut Bahadurqızı Xaqani Şirvaninin 900 illik yubileyinin layiqincə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamından bəhs edərək Ədəbiyyat muzeyinin, eləcə də Xaqani Şirvaninin adını dayıyan muzeyin Aran filialının üzərinə düşən vəzifələrdən bəhs etdi. Daha sonra tədbir Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin akt zalında davam edib.   

Elmi-praktik konfransı giriş sözü ilə açan muzeyin Xaqani Şirvani adına Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı bildirib ki,  Xaqani Şirvani Azərbaycan Ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalarındandır. Əsrinin mədəni həyatı ilə bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə yaxın və orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı  yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər.

Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Xaqani yaradıcılığında Şirvan” mövzusunda məruzə edərək  Xaqaninin Şirvanı öz şeirlərində paklıq və ülviyyət aynası, ədəb və mərifət diyarı kimi anaraq, Şərqin  Bağdad və Bəsrə kimi şəhərləri ilə müqayisə etməsindən, öz şairlik təbinin də doğma diyarın ab-havasından qaynaqlandığından bəhs edib.

Digər məruzəçi – muzeyin elmi işçisi Natavan Bağırova çıxışında qeyd edib ki, sözün xaqanı, şeir mülkünün hökmdarı, alim Xaqani öz dövrünün bütün elmlərindən istifadə edərək onları yüksək poeziya incilərinə çevirmişdir. Onun şeirləri eyni dərəcədə həm elm, həm də poeziyadır, ancaq o, hər şeydən öncə şair olduğuna görə onun elmi poeziyasına xidmət edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev məruzəsində bildirib ki, Xaqani Şirvaninin anadan olduğu yer mənbəələr əsasında dəqiqləşdirilir və xüsusi olaraq qeyd olunur ki, bir çox dərslik və ədəbiyyat tarixi kitablarında göstərildiyi kimi, Xaqani Şirvani Şamaxının Məlhəm kəndində yox, məhz özünün yazdığı kimi Şamaxı şəhərində anadan olub. Şamaxı tarixində XII əsrdə Məlhəm adlı kənd – yaşayış məskəni mövcud olmayıb.

Tədbirdə akademik Rafael Hüseynovun Xaqani Şirvaniyə həsr etdiyi televiziyanın Mədəniyyət kanalında yayımlanan “Vətənim” verilişindən bir parça nümayiş olunmuş, həmçinin Xaqaninin qəzəl, qəsidə və rubailərindən nümunələr səsləndirilib. 

 





16.04.2026    çap et  çap et