Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdən bir müddət ötsə də, Ermənistan və Rusiya media seqmentində hələ də bu görüş və o fonda Qarabağ mövzusu ətrafında müzakirələr aparılır. Xüsusi diqqət isə Qarabağı ilkin olaraq kimin Azərbaycanın tərkibi hissəsi olaraq tanımasına yönəldilir. Yada salaq ki, Putin-Paşinyan görüşü aprelin 1-də keçirilib.
Əslində bu mövzunun gündəmə gətirilməsi absurddur. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən qısa müddət sonra beynəlxalq aləm tərəfindən tanınmağa başladı. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edildi.
Mövzu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb ki, Moskva görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub: "Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və XİN-in diqqətə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir".
XİN bəyan edib ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.
Bir faktı da qeyd edək ki, 2022-ci il oktyabrın 6-da qəbul edilən Praqa bəyanatında Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb, bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu sənədlə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib.
Milli Məclisin deputatı Azər Allahverənov "525-ci qəzet"ə müsahibəsində mövzu ilə bağlı ətaflı fikirlərini bildirib.
- Azər müəllim, Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründə mövcud sərhədlərlə BMT-yə üzv olub. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Təhlüksizlik Şurasının müvafiq qətnamələri də mövcuddur. Belə olan halda, Qarabağı kimin ilk olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıması mövzusu niyə gündəmə gətirilir?
- Birmənalı şəkildə deyə bilərəm ki, bəli, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınmaqla yanaşı, dünyada, beynəlxalq münasibətlər sistemində elə bir dövlət yoxdur ki, ümumiyyətlə, Azərbaycanın 86,6 min kvadratkilometr olan ərazisi ilə bağlı hər hansı bir formada şübhə doğuran mövqe sərgiləmiş olsun. Hətta biz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan Respublikasının rəsmiləri tərəfindən bu məsələ ilə bağlı zaman-zaman dilə gətirilən bəyanatlara da diqqət yetirsək, görərik ki, bəli, Ermənistan da birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Burada şübhə doğuracaq və ya şübhə üçün hər hansı bir məqam qalmır. Bir daha qeyd edim ki, ölkəmizin ərazi bütövlüyü dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul olunur. O ki qaldı Qarabağ mövzusunun gündəmə gətirilməsinə, vurğulamaq lazımdır ki, zaman-zaman bunun ətrafında müəyyən siyasi spekulyasiyalar üçün bir şəraitin yaradılmasında maraqlı olan qüvvələr olub, bu gün də var. Həmin qüvvələr həm Ermənistanın daxilində, həm də xaricdə mövcuddur. Yəni Ermənistanın siyasi həyatı ilə bu və digər formada bağlılığı olan və bəzi hallarda müəyyən qüvvələrə havadarlıq edən xarici aktorlar tərəfindən də bu mövzu hər zaman gündəmə gətirilir. Təbii ki, bu cür davranışlar Ermənistan daxilində zaman-zaman revanşist əhval-ruhiyyə nümayiş etdirən güclərə əlavə stimul verir. Onlar Qarabağla bağlı mövzunu Ermənistanın siyasi arenasında və eyni zamanda ölkənin siyasi hakimiyyətinə qarşı bir təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Həmin dairələr məhz bu tip revanşist əhval-ruhiyyəni Qarabağ mövzusu üzərindən dəstəkləməklə nəticə etibarilə özlərinin siyasi məqsədlərinə çatmaq niyyətini güdürlər. Qarabağ mövzusunu hələ siyasi alət kimi əllərində saxlamağa çalışırlar. Məqsədləri Ermənistanda siyasi hakimiyyətdə özlərinə yaxın olan qüvvələrin təmsil olunmasına nail olmaqdır. O səbəbdən, Qarabağ mövzusu faktiki olaraq gündəmə gətirilir.
- Düşünürsünüz ki, məsələni yenidən gündəmə gətirmək, münaqişə kimi təqdim etmək cəhdləri revanşistlərin hakimiyyətə sahiblənməsinə hesablanıb?
- Bu, təbii ki, qeyd etdiyim kimi, Ermənistanın daxilində, hətta erməni cəmiyyətinin özündə müəyyən mənada parçalanmanın baş verməsinə hesablanmış bir yanaşmadır. Çünki bəllidir ki, Ermənistanda indi nə qədər də bu gün Paşinyan tərəfdarları sülh mövqeyindən çıxış edirlərsə, bir o qədər də Paşinyanın əleyhinə olan düşərgənin təmsilçiləri faktiki olaraq seçkiqabağı kampaniyada həm də erməni cəmiyyətinin aqressiv elektoratının səsini qazanmağa çalışırlar. Buna görə də Qarabağ mövzusunu gündəmə gətirərək dəstək almağa çalşırlar. Bu, istər-istəməz cəmiyyət daxilində parçalanmanın böyüməsinə və eyni zamanda tərəflər arasında seçkiqabağı mübarizənin çox amansız şəkildə aparılmasına səbəb ola bilən bir hal kimi dəyərləndirilir. Ən azından nəzərə alsaq ki, indi Paşinyan əleyhinə olan qüvvələr, eyni zamanda keçmiş separatçı rejimin rəhbərliyində təmsil olunmuş şəxslər də kifayət qədər aktivdirlər. Onların arasında ikinci prezident Robert Köçəryanın da xüsusilə yeri alması artıq ondan xəbər verir ki, Paşinyan əleyhinə olan qüvvələr bu narrativdən, Qarabağ mövzusundan əl çəkmək niyyətində deyillər. Əsas məqsədləri bir tərəfdən cəmiyyəti parçalamaq, digər tərəfdən cəmiyyətin kifayət qədər aktiv olan bir hissəsini öz tərəflərinə çəkməkdir. Biz bunun əksinə olaraq Paşinyan tərəfdarlarının daha çox sülh narrativindən istifadə etdiyini görmüş oluruq ki, istənilən halda təbii ki, bu da seçki kampaniyasının kifayət qədər gərgin olacağından xəbər verir. Daha bir nüans da ondan ibarətdir ki, Paşinyanın faktiki olaraq rəhbərlik etdiyi siyasi partiya - "Vətəndaş müqaviləsi" partiyası daha çox sülh mövqeyindən çıxış etdiyi bir halda, Paşinyanın əleyhinə olan qüvvələr və o qüvvələrin təmsil olunduğu müxalifət düşərgəsi daha çox müharibə mövqeyindən çıxış edirlər. Paşinyan zaman-zaman çıxışlarında erməni cəmiyyətini xəbərdar edir ki, məhz onun əleyhinə olan düşərgə parlamentdə təmsil olunduğu halda bu, növbəti münaqişəyə səbəb olacaqdır və erməni cəmiyyəti çox böyük faciələrlə üz-üzə qalmış olacaq. Bu da təbii ki, müəyyən mənada onun tərəfdarlarının mövqelərinin daha da monolit olmasına və güclənməsinə gətirib çıxardır. İstənilən halda artıq demək olar ki, bu mübarizə - siyasi mübarizə başlayıb və parçalanmış erməni kilsəsi, Qarabağ klanı, həmçinin müəyyən ölkələrin biznes dairələri ilə çox sıx əlaqəsi olan oliqarxlar Paşinyan əleyhinə düşərgədə birləşiblər. Onlar vahid mövqeydən çıxış etməyə çalışırlar ki, bu da parlament seçkilərinin həqiqətən də çox gərgin bir şəraitdə keçəcəyindən xəbər verən bir haldır.
çap et