525.Az

Mövsümün "mərkəzi turu"


 

Mövsümün "mərkəzi turu"<b style="color:red"></b>

Bəzən Premyer Liqamızın maraqsız keçməsi ilə bağlı fikirlərlə rastlaşırıq. Ötən mövsümə kimi bu cür yanaşmalarla razılaşmaq olardı. "Qarabağ"ın ardıcıl bir neçə mövsüm çətinlik çəkmədən, birinciliyin başa çatmasına bir neçə tur qalmış çempionluğunu rəsmiləşdirməsi, komanda sayının və bölgə təmsilçilərinin azlığı və s. deməyə əsas verirdi ki, çempionatımız maraqsızdır, səviyyəsi isə aşağıdır. Amma bu il...

Cari mövsümdən komanda sayının artırıldığı hamıya məlumdur. Birdən-birə çempionatın 3 bölgə təmsilçisi ilə "zənginləşməsi" də həmçinin. Təbii ki, arealın genişlənməsi bəzi komandaların ev oyunlarını kənarda keçirmələrinə baxmayaraq, birinciliyə marağın artmasına səbəb oldu. Çempionluq uğrunda mübarizəni də siyahıya əlavə etmək lazımdır. Son 13 mövsümün 12-də qızıl medalları qazanan "Qarabağ" deyəsən, bu il gümüşlə kifayətlənməli olacaq. Bütün hallarda tələsməyək, yarışın başa çatmasına 6 tur qalıb. Digər maraqlı məqam turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların mübarizəsidir. "Karvan-Yevlax"ın 1-ci Liqaya düşmə ehtimalı böyükdür. Bəs 1-ci Liqada 2-ci yeri tutan komanda ilə "pley-off"da mübarizə aparacaq 11-ci pillənin sahibi kim olacaq? "Qəbələ", "Kəpəz", yoxsa "İmişli"?

Bu gün 28-ci tura start veriləcək. Açılış matçında "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan hər iki komanda üçün qarşılaşmanı "6 xallıq" oyun hesab etmək olar. 3-cü pillədəki Tovuz təmsilçisi qalib gələrsə, azından ən yaxın izləyicisi "Zirə" ilə 8 xallıq fərqi qoruya biləcək. Bu isə Konfrans Liqasına vəsiqə verən yeri təmin etmək baxımından çox əhəmiyyətlidir. Naxçıvan təmsilçisinə gəlincə, xal itkisi onların bu arzusunu vaxtından əvvəl "dəfn edəcək".

"Zirə"dən söz düşmüşkən, açılış oyunundan az sonra başqa bir "6 xallıq" oyun start götürəcək. Söhbət "Zirə" - "Neftçi" matçından gedir. Son 4 oyunda qalib gələn "Neftçi" qələbə seriyasını davam etdirəcəyi təqdirdə əsas rəqibini geridə qoyacaq. Bu isə o deməkdir ki, kubokun kimin götürməsindən asılı olaraq "Neftçi"nin avrokuboklara vəsiqə qazanma şansı xeyli çoxalacaq. Doğrudur, "Turan Tovuz"a çatmaq çətin olacaq. Amma futbolda hər şey mümkündür. Eyni fikir "Zirə"yə də aiddir. Məğlub olacağı təqdirdə Rəşad Sadıqovun komandası birincilik yolu ilə vəsiqədən əlini üzə bilər. Kuboku götürmək isə o qədər də asan deyil.

Sabah daha 2 maraqlı qarşılaşma olacaq. Əvvəlcə "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edəcək. Sonuncu pillədə qərarlaşan "Karvan-Yevlax" 11-ci yerdəki "Qəbələ"dən 8 xal az yığıb. Xal itkisi Yevlax təmsilçisinin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Qələbə isə qalan turlarda "zirzəmi"də mübarizəni bir qədər də amansız edəcək.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Növbəti "6 xallıq" oyun. "Qarabağ" - "Sabah" matçı çempionluğun taleyini həll edən oyundur desək, yanılmarıq. Rəqiblər arasında xal fərqi 10-dur. "Qarabağ"ın ehtiyatda "Neftçi" ilə çətin sınağı var. Qalib gələcəyi halda "Qarabağ" "Sabah"a bir qədər də yaxınlaşacaq. Əks təqdirdə isə... Bu mövsüm baxımlı futbol sərgiləyən Masazır təmsilçisinin çempionluq yolunda qalan 5 turda büdrəməsi inandırıcı görünmür.

Rəqiblər barədə 2 maraqlı fakt: Bu komandalar arasında keçirilən son 10 oyunda "Qarabağ" yalnız 1 dəfə qalib gələ bilib. O da 2024-cü ilin sentyabrında. Digər maraqlı məqam ondan ibarətdir ki, bu komandaların oyunlarında qol sarıdan kasadlıq olmur. Bu üzdən sabahkı oyunun olduqca maraqlı keçəcəyi qarantidir.

O ki qaldı 28-ci turun bazar günü keçiriləcək qalan 2 oyununa, bu qarşılaşmaları "sağ qalmaq" (Premyer Liqada) uğrunda mübarizə kimi xarakterizə etmək olar. "Kəpəz" - "İmişli" qarşılaşması da "6 xallıq oyun" statusuna malikdir. "Sumqayıt" - "Qəbələ" görüşü isə daha çox qonaqlar üçün vacibdir. "Qəbələ" xal ehtiyatını artırmaqla "Karvan-Yevlax"la ən azı məsafəni saxlayacaq. "Kəpəz" və ya "İmişli"ni "keçmək" isə sonrakı turun işləridir.

Bu mövsüm əvvəlkilərlə müqayisədə daha canlıdır. Birinciliyin sonuna doğru marağın daha da artacağı şübhəsizdir. Demək olar ki, hər tur intriqa, qalmaqal, amansız mübarizə, sensayiya, şayiələrlə yadda qalır. Neqativ məqamlar da özlüyündə çempionata marağı artırır. Şayiə demişkən, Premyer Liqada 2026/27-ci illər mövsümündə komanda sayının artırılacağı - 14-ə çatdırılacağı barədə söz-söhbətlər gəzir. Əsas çempionatı axırıncı yerdə bitirən komanda tərk edəcək. 1-ci Liqadan isə 2 komanda Premyer Liqaya birbaşa yüksələcək. 3-cü yeri tutan isə Premyer Liqada 11-ci yerin sahibi ilə "pley-off"da qarşılaşacaq. Doğrudur, indiki vəziyyətdə inandırıcı deyil. Amma Azərbaycan futbolu hər zaman istər pis, istərsə də yaxşı sürprizlərlə zəngin olub. Sonra da bəziləri deyirlər ki, çempionatımız maraqsızdır...

İlqar TAĞIYEV

 





17.04.2026    çap et  çap et