Özbəkistan Respublikasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun "Miniatür və kitab qrafikası" kafedrasının professoru Behzod Hacımetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alan tələbələrə ustad dərsi keçmək üçün Bakıya gəlib. Bu dərslərdə sənətşünaslıq, qrafika, geyim dizaynı və bədii toxuculuq ixtisaslarında təhsil alan tələbələr fəal iştirak edir, müxtəlif mövzular ətrafında praktik və nəzəri biliklər əldə edirlər.
Rəssam və pedaqoq Behzod Hacımetovla qədim və çoxşaxəli miniatür sənətinin tarixi kökləri, Özbəkistanda tətbiqi, eləcə də sənətkarın Azərbaycan səfərinin gedişi barədə müsahibəmizi təqdim edirik:
- Behzod bəy, miniatür sənətinə marağınız necə yarandı?
- Mənim atam rəssamdır. Lap kiçik vaxtlarımdan, yəni hələ bir yaşımdan atam əlimə qələm verib, "sən böyük rəssam olacaqsan" - deyib, bir növ belə niyyət edib. Orta məktəbdə 5-ci sinifdə oxuyarkən çini, miniatür, təsvir və sair sahələri öyrənirdim. 15-16 yaşımda isə kollecə qəbul oldum və rəngkarlıq üzrə beş il təhsil aldım. Ancaq evdə atamla birgə miniatürə də davam edirdim. Hər ikisini birlikdə öyrənirdim. 1999-cu ildə Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda miniatür və xəttatlıq ixtisası açıldı. Yeddi il miniatür sənətinin təhsilini aldım. Ta kiçik vaxtımdan bu günə qədər bütün işlərimlə yanaşı, miniatür sənəti ilə də məşğulam. 20 ildən çoxdur ki, miniatür sənətinin tarixi, rəssamları, məktəblərini araşdırıram. Bununla bağlı doktorluq dissertasiyası müdafiə etdim. Yəni miniatür sənəti ilə həm nəzəri istiqamətdə, həm də təcrübi olaraq məşğul oluram. İlk dəfə ən sadə xətlərdən başlayıb nəzəriyyəsinə, texnikasına qədər ən mürəkkəb üslublarını da öyrənmişəm. Miniatür sənətinin tarixi, qədim ənənələri ilə bağlı məlumatlar çox az qorunub-saxlanıb. Hazırda bir çox məlumatlar, işlər var ki, bu günümüzə qədər gəlib çatmayıb. Bizim məqsədimiz bu qədim sənətimizi yaşatmaq, onun tarixi irsini olduğu kimi tələbələrimizə aşılamaq və gələcəyimizə ötürməkdir. İnstitutumuzda bu sənət ən sadədən başlayaraq mürəkkəbə doğru tələbələrimizə yüksək səviyyədə tədris olunur.
- Miniatür sənətində ən çox ilham aldığınız mövzular hansılardır?
- Miniatür sənəti başdan-başa dastanlarla bağlıdır. Əlişir Nəvainin, Nizami Gəncəvinin "Xəmsə"ləri, Xosrov Dəhləvi kimi şairlərimizin əsərləri miniatür sənətinə ilham verib. Miniatür sənətini dastanlarsız təsəvvür etmək mümkün deyil. Məsələn, Firdovsinin "Şahnamə" əsərinin miniatürləri çox məşhurdur. Maraqlıdır ki, bu miniatürlər heç bir halda bir-birinin təkrarı olmur. Yəni mən bu dastana aid başqa cür miniatürlər çəkirəm, digər rəssam isə tamamilə fərqlilərini yaradır. Zaman-zaman miniatür sənətinin üslubları, yanaşmalar dəyişə bilər, amma bədii əsər olduğu kimi qalır. Bununla belə, miniatür sənəti bədii əsərlə birlikdə davam edir. Məsələn, miniatür sənətində romanları görməzsiniz. Çünki oradakı realist yanaşma, miniatürdə yoxdur. Orada "durdu, oturdu, gəzdi" deyilməz. Bəlkə "uçdu, süzdü" deyilər, təsvir edilər. Ədəbiyyatda buna fantastik janr deyirlər. Miniatür sənəti də bir növ fantastik janra yaxındır.
- Özbək miniatür sənətinin digər Şərq miniatür ənənələrindən əsas fərqi nələrdir?
- Özbək miniatür sənəti birbaşa ənənələrə əsaslanır. Onun təməlində ənənə dayanır. Lakin ənənədən çıxış edərək bir neçə istiqamətlər də yaranıb. Bəzi miniatürçü rəssamlar var ki, onlar sırf ənənəyə əsaslanır, ona sadiq qalırlar. Bəziləri isə miniatürdən çıxış edərək qrafikaya yönəliblər. Bəzi rəssamlar var ki, sırf təbiət təsvirinə üstünlük verirlər. Onlar da miniatür sənətindən çıxış edirlər, amma əsas mövzuları təbiət, mənzərə olur. Digər qisim rəssamlar daimi, ənənəvi, ikiölçülü, yəni perspektivsiz olmaqla yanaşı, o miniatürlərdə ikiölçülü üslubları mənimsəyərək, yeni kompozisiyalar yaradırlar. Özbəkistanda miniatür sənətinin dörd istiqaməti var. Onların hər biri ilə kifayət qədər məşğul olan rəssamlar var. Ümumilikdə bu gün Özbəkistanda miniatür sənəti ilə məşğul olan min nəfərdən çox rəssam var.
- Sizcə, müasir dövrdə miniatür sənəti necə dəyişir və sizin bu dəyişikliklərə münasibətiniz necədir?
- Digər sənətlər kimi, miniatür sənəti də dəyişir, yenilənir. Amma o, nə qədər dəyişsə də, ənənəyə əsaslanır. Çünki ənənə qalmalıdır, vacibdir. Miniatür sənətindəki ənənə iki ölçüdə qorunmalı və mövzu yenilənməlidir. Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunda biz bu gün tələbələrə miniatür sənətini tədris edərkən hər semestrdə iki mövzu veririk. Biri sırf ənənəvi olur. Yəni ənənəyə əsaslanaraq, bir növ onun sürətini yaradır, dəqiq miniatürlər çəkirlər. İkincisi isə, müasirdir. Burada tələbə öz ailəsi, ətrafı, Novruz bayramı, metro, avtobus dayanacağı və sair kimi mövzular götürüb onu işləyə bilər. Tələbələr dörd il ərzində bu cür müxtəlif mövzular üzərində işlədikləri üçün onların dünyagörüşü genişlənir və yeni istiqamətlərdə işləyə bilməkləri üçün yeni imkanlar əldə edirlər.
- Bir neçə gündür ki, Azərbaycanda qonaqsınız və Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirsiniz. Bu ustad dərslərində tələbələr sizə necə təsir bağışladı, onlarda hansı potensialı gördünüz?
- Birinci gün tələbələrlə qrafika dərsini keçdik. İkinci kurs tələbələri bu dərsimizlə çox maraqlandılar. Hətta dərsə cəmi bir saat yarım ayrılsa da, onlar iki saat yarım oturdular. Mən onlara fırçalar verdim, onlar isə çox sayda rəsmlər çəkdilər. İlk dəfədən nəticə çox yaxşı alındı. Onlar ilk dəfədən dağlar və qayalar çəkməyə çalışdılar. Mən onlarda daha çox maraq oyatmağa çalışdım və ev tapşırığı da verdim. Ev tapşırığı olaraq hər birini kopyalayıb yapışdırmaq üçün bir şəkil verdim. Növbəti dərslərdə nəticəni görəcəyik. Ümumilikdə, tələbələrin bu sahəyə olan maraqları çox ürəkaçandır. Onlara miniatür sənətinin tarixi, məktəbləri, rəssamları, ənənələri, üslubları haqqında geniş məlumat verdim. Bunu çox maraqla dinləyir, tez-tez suallar verirdilər. Bu dərsimiz də müəyyən olunmuş vaxtdan çox uzun çəkdi. Dərsimiz bitsə də, onlar daha çox məlumat əldə etməyə çalışırdılar. Bu maraqları mənim çox xoşuma gəldi və təbii ki, mən də bacardıqca onların suallarını ətraflı şəkildə cavablamağa və onlara daha çox məlumat ötürməyə çalışdım. Burada tələbələrin həm nəzəriyyəyə, həm də əl ilə rəsm çəkməyə maraqları çox böyükdür. Fikrimcə, müəllimlər, professorlar miniatür sənətinə daha çox diqqət yetirdikcə, tələbələr də maraqlanacaq və daha dərindən öyrənəcəklər. Mənim fikrimcə, insanlar bütün hallarda ənənəvi sənətə, öz tarixlərinə qayıdacaqlar. Gördüyüm qədərilə, bu hiss və sevgi azərbaycanlı gənclərin də ürəyində var. Yalnız müəllimlər bunun yolunu açmalıdır.
- Miniatür sənətini seçmək istəyən, bu istiqamətlə maraqlanan gənc rəssamlara hansı tövsiyələr verərdiniz?
- Gənclər üçün miniatür sənətini öyrənmək ilk nüsxəni hazırlamaqla başlayır. Keçmiş ustad rəssamların əsərlərini götürüb kiçik nüsxələr hazırlamalıdırlar. Nüsxələri mütləq əl ilə öyrənmək lazımdır. Bir nüsxə götürüb öyrənirlər, sonra isə öz kompozisiyasını yaradırlar. Yəni əvvəlcə ustadların yolunu öyrənmək lazımdır. Sonra isə məktəbləri. Məsələn, İsfahan məktəbi, Təbriz məktəbi, Qəzvin məktəbi və sair kimi məktəblər var ki, onların hamısı Azərbaycana çox yaxın məktəblərdir. Bunların hamısını ayrılıqda öyrənmək, eləcə də aralarındakı fərqləri mənimsəmək lazımdır. Mən rəsmi çəkərək öyrənirəm. Əgər insan rəsm çəkmirsə, nəzəriyyəni nə qədər öyrənməyindən asılı olmayaraq, xatırlamayacaq. Mənim fikrimcə, bu sahə Azərbaycanın gələcəyi üçün çox vacibdir. Məsləhətim budur ki, bu sahəni seçən gənclər daim öz üzərlərində çalışsınlar.
- Azərbaycan və Özbəkistan mədəniyyət əlaqələrini necə dəyərləndirirsiniz?
- Mədəniyyət əlaqələrimiz çox yüksək səviyyədədir. Çünki 2024-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyində özbək miniatürləri sərgisini keçirdik. Sərgidə təxminən 18 rəssamın 100-dən çox əsəri nümayiş olunurdu. Sərgi iştirakçıları tərəfindən çox böyük maraqla qarşılandı. 400 nəfərdən çox tamaşaçı zala sığmırdı. Sərgiyə hər gün insanlar gəlirdilər. Üç gün ərzində ustad dərsləri keçirildi.
Özbəkistanda da Azərbaycan xalçalarına maraq böyükdür. Orada Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti TÜRKSOY başda olmaqla, digər təşkilatlar vasitəsilə çox yüksək səviyyədə təbliğ olunur. Sevindirici haldır ki, bu gün türkdilli xalqlar arasında çox isti münasibət və qardaşlıq var. Təbii ki, bu münasibət yeni mərhələdə dövlət başçılarımız, liderlərimiz tərəfindən inkişaf etdirilir.
- Sizcə, miniatür sənəti bir sənətdir, yoxsa fəlsəfi düşüncə və mənəvi ifadə formasıdır?
- Miniatürlər fəlsəfi düşüncənin ifadə məkanıdır və bu sənət əsasən belə qəbul edilə bilər. Çünki Kəmaləddin Behzad və Mahmud Müsəhəbin dövründə miniatür rəssamların emalatxanalarının qarşısında sufi mərkəzləri var idi. Yəni onlar bir işi işləyərkən, sufilərdən məsləhət, hətta icazə alardılar. Bu mənəvi əlaqə ilkin ənənələrdə də var idi. Bu dövrdə təkcə rəsm deyil, digər elm sahələri də özünün ən yüksək zirvəsinə çatmışdı. Bu səbəbdən həm miniatürün, həm memarlığın yüksək riyazi ölçü idi. Həm gözəllik, həm elm, həm də mənəvi ifadə xas idi. Yəni bu sənətin təməlində 3 güclü enerji var idi. Miniatür bunların hər üçünü özündə birləşdirir.
Şahanə MÜŞFİQ
çap et