525.Az

Ana, məndən küsdünmü?..


 

Ana, məndən küsdünmü?..<b style="color:red"></b>

İki gündür İstanbuldayam. Qar yolları bağlayıb, oteldə sıxışıb qalmışam.

Ürəyimdə sən, dilimdə sən, göz yaşlarımda və 24 saatdır yatmayan beynimdə sən. Kədərimlə, sənə həsrətimlə yalnızam, yapyalnızam -deyərdim, amma xatirələrin məni bir an da yalnız buraxmır ki... Gah təndir başında səni hirsləndirirəm, gah ağlayaraq isti qucağına qaçıram. Yoxluğun o qədər acı ki... Amma tale bizi həmişə ayrılığa məhkum etmədimi? Gah məktəb, gah qürbət, gah da bilmirəm Allah bəlası başqa bir səbəblə 12 yaşımdan bəri ayrılıb getdim səndən... Amma bütün hüceyrələrimdə elə yerləşmişdin ki, hara getsəm də hər şeyimdə sən vardın... Sən əlifbanı belə güclə oxuyurdun, amma hər oxuduğum kitabda mütləq səndən bir iz vardı.

Çünki bütün uşaqlıq dünyamı sənin bitməz-tükənməz şeirlərin, hekayələrin, nağılların, dərslərin doldurmuşdu. Uzun qış gecələrində sobanın dibindəki qırmızı güllərlə dolu yastığa hər söykəndiyimdə mənə bir hekayə anladırdın. O hekayələrdə nələr yoxdu ki... İnsanı insan edən eşq vardı, insanlıq vardı, igidlik, qorxmazlıq, mərdlik vardı. Qısası, məni adam etmək üçün nələr, nələr anladardın sən, anacığım...

13 uşaq dünyaya gətirdin. Və yeddisinin arxasınca quzular kimi mələdin. O ağlayışların ruhumda silinməz izlər buraxdı. Bəlkə də o gecələri bir küncə çəkilib səssiz ağılar söyləməyin məni belə yaralı, duyğularına yenilmiş, belə gözləri yaşlı insan elədi. Bəlkə sənin ağıların olmasaydı, insan olmağı dadmayacaqdım, ana! Bəlkə sənin isti göz yaşların olmasaydı eşqi də, mərhəməti də, şəfqəti də bu qədər dərindən öyrənməyəcəkdim, ana...

Sənə çox şey borcluyam... Bu elə-belə bir borc deyil. Bu, bir könül, bir həyat borcudur, ana..

Uzun illər xəstə yatdın. Aman nə qədər də ümidli, nə qədər də cəsurdun. Hər yanına gələndə sən mənə təsəlli verirdin. Bax, gənc insanlar ölürlər, üzülmə, deyirdin. Özünü yaşlılar sinfinə yazdırıb ölümünü belə haqlı göstərməyə çalışırdın. Amma 69 yaş nədir ki? Sən isə bir əsr yaşamış kimi uzun görürdün!

Son dəfə ölümündən iki gün əvvəl danışmışdıq. Xanımım -Orxan yanına gələcək- deyəndə, -yox, yaxşıyam, sizi tək qoymasın- söyləmişdin. O durumda belə başqasını özündən üstün bildin.

İndi bura gəldim. Sənin torpağını qoxlamaq üçün buradayam, amma qar keçməyə imkan vermir, dikilib qalmışam burada. Bəlkə də yetişə bilmədim, səndən halallıq ala bilmədim - deyə qarı üstümə göndərdin, ana. Amma sən məndən heç küsməzdin, anam, heç küsməzdin...

 





20.02.2015    çap et  çap et