"Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsi neft amilindən asılılığın minimuma endirilməsi və qeyri-neft sektorunun ixrac potensialının maksimallaşdırılması üzərində qurulub. Bu gün qeyri-neft ixracının artırılması sadəcə iqtisadi göstərici deyil, həm də ölkənin milli təhlükəsizliyi və iqtisadi suverenliyin əsas prioritetlərindən biri hesab olunur":
Bunu iqtisadçı millət vəkili Vüqar Bayramov 525.az-a söyləyib. Millət vəkilinin dediyinə görə, iqtisadi diversifikasiya yalnız Ümumi Daxili Məhsulun (ÜDM) strukturunda və dövlət büdcəsinin gəlirlərində deyil, eyni zamanda ümumi ixrac portfelində qeyri-enerji məhsullarının payının kəskin şəkildə artırılmasını zəruri edir. Azərbaycanda qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində bəlli hədəflər və yol xəritələri mövcuddur:
"Bu istiqamətdə həyata keçirilən islahatlar iki əsas sütun üzərində dayanır: yerli sahibkarlığın stimullaşdırılması və xarici bazarlara çıxış mexanizmlərinin sadələşdirilməsi. Xüsusilə "Made in Azerbaijan" brendinin dünyada tanıdılması, ixrac təşviqi mexanizmlərinin tətbiqi və aqrar-sənaye komplekslərinin müasirləşdirilməsi qeyri-neft ixracının dinamikasına birbaşa təsir göstərir. Lakin bu artım tempini uzunmüddətli perspektivdə qorumaq üçün həm daxili istehsalın keyfiyyət standartları yüksəldilməli, həm də qlobal iqtisadi konyunkturanın gətirdiyi risklər düzgün qiymətləndirilməlidir”.
Sevinc Qarayeva
çap et