525.Az

Ermənistanda girovluqda olan Qazax sakini Azərbaycana qaytarıldı


 

Ermənistanda girovluqda olan Qazax sakini Azərbaycana qaytarıldı<b style="color:red"></b>

Bu il noyabrın 12-də Ermənistan hərbçiləri tərəfindən girov götürülən Qazax rayonu Alpout kənd sakini Telman Alıyev Azərbaycana qaytarılıb.

525.az-ın Komissiyanın rəsmi saytına istinadən xəbərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində noyabrın 12-də Qazax rayonu ərazisində Ermənistan hərbçiləri tətəfindən girov götürülmüş 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu bu gün Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub: “Vətəndaş T. Alıyev azad olunduqdan sonra aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilib. Onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları iştirak ediblər”.
 
BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın paytaxtı İrəvan şəhərində saxlanılan azərbaycanlı mülki şəxsin bu gün BQXK-nın himayəsi altında Azərbaycana qaytarılması ilə bağlı məlumat yayıb. BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda bildirilir ki, mülki şəxs beynəlxalq sərhəddə, Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasında yerləşən yolda Azərbaycan rəsmilərinə təhvil verilib.

Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri mülki şəxsin saxlanma şəraitini və onunla necə davranıldlğını qiymətləndirmək üçün ona baş çəkiblər. Təşkilat eləcə də internə edilmiş mülki şəxsə və onun qohumarına ailə məlumatlarını çatdırıb.

Neytral vasitəçi qismində və ona verilmiş mandata əsasən fəaliyyət göstərən BQXK bu repatriasiyaya Ermənistan və Azərbaycan hakimiyyət orqanlarının müraciətinə əsasən vasitəçilik edib. İnternə edilmiş şəxs repatriasiyadan əvvəl BQXK-nın nümayəndələrinə öz razılığı ilə geri qayıtdığını bildirib.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir.

 





30.11.2012    çap et  çap et