525.Az

Qazaxıstanın ədəbi internet dərgisində Azərbaycan ədəbiyyatı həftəsi


 

Qazaxıstanın ədəbi internet dərgisində Azərbaycan ədəbiyyatı həftəsi<b style="color:red"></b>

Qazaxıstanın ən böyük ədəbi portalı olan adebiportal.kz bu həftəni Azərbaycan ədəbiyyatına həsr edib.

Dörd dildə – qazax, ingilis, rus və türk dillərində yayımlanan portalda həftə ərzində Azərbaycan ədəbiyyatı tarixinə, Kitabi – Dədə Qorqud dastanına, klassik ədəbiyyatımıza aid müxtəlif müəlliflərin məqalələri yer alıb.

Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın qazax, rus, türk dillərində fərqli müsahibələri də oxuculara təqdim olunub. Müsahibələrində Xalq yazıçısı həm də Türkdilli ölkələrin Yazarlar Birliyi sədri kimi qazax və azəri ədəbiyyatlarının yaxınlaşması, ədəbi əlaqələrin genişlənməsi üçün qarşıda duran vəzifələrdən, layihələrdən söz açıb. İnternet dərgidə Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Rəşad Məcidin türkcə, rusca şeirləri, Günel Anarqızının “Ataya” və “Ağac”, Pərvinin “Samir üçün” hekayəsi yayımlanıb. Anarın “Mən, Sən, O və telefon” hekayəsi ilə yanaşı qazax tənqidçisi Nailə Qaleyevanın əsər haqda təhlil yazısı da portal oxucularına təqdim olunub. 

Portalın redaktoru Ruslan Beqen “525-ci qəzet”ə açıqlamasında qazax oxucuların Azərbaycan ədəbiyyatına marağını nəzərə alaraq bu layihəni irəli sürdüyünü bildirib: “Zaman-zaman azəri ədəbiyyatına müraciət etmişik. Amma təəssüflər olsun ki, qazax oxucuları çağdaş Azərbaycan ədəbiyyatı haqqında çox az məlumatlıdırlar. Bu mənada klassiklərlə yanaşı gənc yazarları da yayımlamaq çox böyük maraq doğurdu.

Lakin bu işimizin burda bitməsini, yekunlaşmasını istəməzdik. İnternet dərgimizdə yazıçıların ayrıca səhifələrini də yaratmışıq. Hələlik Anarın, Vaqif Səmədoğlunun, Rəşad Məcidin səhifələri yaradılır. Amma “525-ci qəzet”lə əməkdaşlığımızı davam etdirərək digər ünlü şair və yazıçıların əsərlərini oxucularımıza təqdim etmək istəyərik. Eyni zamanda qarşılıqlı tərcümələr etmək, ədəbi əlaqələrimizi genişləndirmək haqda da düşünürük”.

NƏZRİN

 





22.02.2015    çap et  çap et