525.Az

Görkəmli tatar şairi Musa Cəlil Bakıda yad edilib


 

Görkəmli tatar şairi Musa Cəlil Bakıda yad edilib<b style="color:red"></b>

Tatarıstanın Bakıdakı daimi nümayəndəliyində məşhur tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin anadan olmasının 109-cu ildönümü münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən AzərTAc-a bildiriblər ki, gecənin təşkilatçısı “Tatarıstan” İctimai Birliyinin dəstəyi ilə “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Mərkəzi olub.

Tədbirdə faşizm əleyhinə mübarizədə həyatını qurban vermiş tatar xalqının qəhrəman oğlunun parlaq, maraqlı, eyni zamanda faciəli taleyindən söz açılıb. Məktəblilər şairin şeirlərini tatar dilində böyük ruh yüksəkliyi ilə oxuyublar.

Musa Cəlilin “Barbarlıq” şeiri tədbir iştirakçılarını riqqətə gətirib. Alman-faşist işğalçıların dinc sakinlərə amansızcasına divan tutmasından söz açan bu şeir videogörüntülərin müşayiəti ilə səslənib. “Tuqan tel” cəmiyyətinin sədri Gülcan Myasoutova Musa Cəlilin hərtərəfli istedadından, o cümlədən, onun tərcüməçilik fəaliyyətindən söz açaraq bildirib ki, şair Puşkinin, Nekrasovun, Şevçenkonun əsərlərini tatar dilinə tərcümə edib. G.Myasoutova Səməd Vurğunun tatar şairi haqqında sözlərini sitat gətirib: “Dünya və dünya ədəbiyyatı adını əbədiləşdirən çox şair tanıyır, lakin adını ölməz əsərləri ilə bərabər, qəhrəmanlıq nümunəsi olan ölümü ilə də əbədiləşdirən Musa Cəlil kimi igid şairlər o qədər də çox deyil. Budur onlar: böyük Bayron, Macarıstanın şanlı Xalq şairi Petefi, qəhrəman Yulius Fuçik və nəhayət, Musa Cəlil”.

Sonda Azərbaycan şairi, “Lira” Beynəlxalq Yaradıcılıq Birliyinin üzvü Ələddin Yaqubov Musa Cəlilə həsr etdiyi şeirini oxuyub.

 





22.02.2015    çap et  çap et