525.Az

Ruminin “Məsnəvi”si Türkiyədə Azərbaycan dilində çap olunub


 

Ruminin “Məsnəvi”si Türkiyədə Azərbaycan dilində çap olunub <b style="color:red"></b>

Mənəviyyat insan üçün o qədər əhəmiyyətlidir ki, insanı bütövlükdə mənəvi varlıq olaraq dərk edən ictimai-fəlsəfi fikirlər və şəxsiyyətlər də olmuşdur. Xalqımızın mənəviyyatı uca tutması onun mənəviyyata verdiyi əhəmiyyətdən, ucalıqdan irəli gəlir.

Təsadüfi deyil ki, dünyanın müasir inkişaf istiqaməti artıq irqindən, harda və hansı ictimai quruluşda yaşamasından asılı olmayaraq mənəvi dəyərlərə ehtiyac hiss edir və həssaslıqla yanaşır. Elə bunun nəticəsidir ki, bu gün dünya xalqları arasında sevə-sevə, acgözlüklə oxunan kitablardan biri öz şəxsiyyəti ilə heyrətlər yaratmış türk dünyasının böyük şairi Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabıdır.

“Məsnəvi” əsl mənəviyyat, ucalıq və zəngin insani dəyərlər kitabıdır. Bütün türk-islam əxlaqı və düşüncəsini özündə əks etdirən bu kitab oxunduqca özünə insanları aludə edən, mənəvi sehr və təsirində tutub saxlayan, mənəviyyat və qəlbə humanizm, sevgi, barış, qayğıkeşlik və mərhəmət, düzgünlük, həqiqətsevərlik və s. yüksək əxlaqi, mənəvi hiss və duyğular, keyfiyyət və xasiyyətlər aşılayır. Daşıdığı bu mənəvi-fəlsəfi əhəmiyyətdən irəli gəlir ki, neçə illərdir böyük türk şairi və filosofu Mövlananın “Məsnəvi”si dildən-dilə tərcümə edilir, sərhədləri aşır, xalqlar, insanlar dolaşır və bütün dünyaya mənəviyyat təlim edir.
Azərbaycan insanı bu əxlaqı, düşüncəni, mənəviyyatı bir daha ucalığı və zənginliyi ilə görsünlər deyə kitablar kitabı olan “Məsnəvi”ni Azərbaycan dilinə tərcümə edərək çap etdilər. Üç cilddə çap edilib oxucuların ixtiyarına verilən “Məsnəvi” tam şəkildə bu kitabı sevənlərin və yolunu həsrətlə gözləyənlərin qəlbinə sevinc, gözlərinə nur bəxş etdi. Milli mənəviyyat və dəyərləri göz bəbəyi kimi qoruyan zəngin dəyərlər yurdu Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunmuş “Məsnəvi” üçcildliyi türkiyəli alim professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək nəşr edilib. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi təşəbbüsü, məsləhətçiliyi və qayğısı ilə çap olunub. Kitabın redaktoru görkəmli elm adamı, Azərbaycan MEA-nın həqiqi üzvü, professor İsa Həbibbəylidir. Adıgedən tərcümə əsərinin, Mövlana Ruminin “Məsnəvi”sinin azərbaycanca variantının sonradan diqqəti cəlb edərəkdən ulu Mövlananın vətəni qardaş Türkiyə Cümhuriyyətində nəşr edilməsi minnətdarlıq və maraq doğurmaya bilməz.
 
Sözsüz ki, bu böyük mənəviyyat kitabı olan Mövlanaya və onun kitablar kitabı “Məsnəvi”sinə olan sonsuz hörmət və ehtiramdan irəli gəlir ki, bütün dünya dillərində tərcümə olunaraq çap edilməsi və yayılmasını istəyən türk qardaşlarımız azərbaycancaya tərcüməni də qiymətləndirərək yenidən çap edilməsi və beləcə, Azərbaycandilli oxuculara yaymaq kimi xoşməramlı bir işi həyata keçirmişlər. Kitab növbəti dəfə Türkiyə Cümhuriyyətində 6 cilddən ibarət olmaqla olduqca nəfis bir şəkildə çap edilib. Xüsusi kitablıqda 6 kitabdan ibarət olmaqla çap edilən bu əsər onu sevənlər üçün ən böyük və olduqca qiymətli hədiyyədir.

Özünəməxsus nəşr gözəlliyinə malik olan “Məsnəvi”nin Azərbaycan dilində nəşrinin təşəbbüsçüsü və hamisi Türkiyə Cümhuriyyəti Konya Böyük Şəhər Bələdiyyəsi və şəxsən onun rəhbəri Tahir Akyürəkdir.

Mövlananın həyatı və irsi haqqında yığcam, ancaq dolğun məlumat da daxil edilən bu əsər bütün bölmələrilə insanlığa əxlaq və mənəviyyat həqiqətinin işığını tutur. “Məsnəvi”nin o bərraq üslubunu Azərbaycan türkcəsinə qazandırma səyi ilə yenidən tənzim edilən bu əsər” (Konya Böyük Şəhər Bələdiyyəsi rəhbəri Tahir Akyürək) məhz mənəviyyat sahiblərinin ixtiyarına verilən qiymətli bir xəzinədir.

Böyük Mövlana deyirdi: “Hikmətlər Allahın əsgərləridir. Allah onlarla müridlərinin ruhlarını gücləndirər.

Biliklərini cəhalət şübhəsindən, ədalətlərini zülm şübhəsindən, comərdliklərini riya şübhəsindən və səbirlərini axmaqlıq şübhəsindən uzaq tutar. Axirəti anlamaqda onlara uzaq olanı yaxınlaşdırar... Hər oxucu ancaq ağlı ölçüsüncə anlayar. İbadət edən zəhmətinin gücü qədər ibadət edər. Müfti dünyagörüşü ölçüsüncə fitva verər. Sədəqə verən qüdrəti ölçüsüncə sədəqə verər. Bəxşiş verən varlığı ölçüsüncə bəxşiş verər”. Bu mənada bəhs olunan zəngin mənəviyyat kitabı kimi “Məsnəvi” hikmət və  müdrikliyin “əsgəri” olmaqla həmişə insanları, onu oxuyanları mənəviyyata, həqiqətə doğru can atanlar üçün özü qədərincə ləyaqətli bir töhfədir. Bu baxımdan Azərbaycan dilində nəşr edilən “Məsnəvi” mənəviyyata həmişə yüksək dəyər verən Azərbaycan xalqından Mövlanasevərlər üçün misilsiz bir hədiyyədir.
 
Mənəviyyatı yüksək tutanlar, həqiqəti sevənlər və haqq axtaranlar üçün əvəzsiz olan bu mənəviyyat mənbəyi həm də dəyəri biçilməyəcək böyük bir bəxşiş, qiymətli bir hədiyyədir. Amma əlbəttə ki, hər oxucu öz istəyincə axtarar, öz qədərincə anlayar, öz mənəviyyatıca dəyər verər. Çünki Mövlanaya və onun “Məsnəvi”sinə maraq duymayan adam yoxdur. Mövlana yaradıcılığındakı hikmət, müdriklik və əxlaq təntənəsi bizim hər birimizin olmalı olduğumuz ata-babalarımızın təqdir etdiyi kimidir. Mənəviyyatcıllıq bizim digərlərindən fərqimiz və bəlkə də elə üstünlüyümüzdür. “Məsnəvi” də məhz mənəviyyat sahiblərinin ixtiyarına verilən bir qiymətli xəzinədir. Kitabın təqdimatında yazıldığı kimi: “Yeddi gizli mənaya sahib olan “Qurani-Kərim”in bir təfsiri olan və birləşdirici bir üst dillə yazılan, içində həm müdriklər, həm də xalq üçün qidalar olan “Məsnəvi”nin daha çox fayda əldə etmək məqsədi ilə indiyə qədər müxtəlif dillərə tərcümə və şərhləri həyata keçiril”ən bu kitab indi böyük zəhmətin və qayğının nəticəsi olaraq biz azərbaycanlı oxucular üçün gəlib. “Hər kim olursan ol, gəl” deyən, yolları açan Mövlananın sözlərilə desək, bu kitab da elə hər kim olursa olsun, mənəvi qida almaq istəyənlər üçündür.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





22.02.2015    çap et  çap et