“Bir qrup Azərbaycan QHT nümayəndəsi olaraq, Nyu-York meri Zohran Kvame Mamdaninin X platformasında səsləndirdiyi fikirlərlə bağlı ona açıq məktub ünvanlamışıq. Müraciətdə vurgulamışıq ki, Nyu - York merinin bəyanatları açıq şəkildə demək lazımdır ki, qəbuledilməzdir və məsuliyyətsiz siyasi yanaşmanın nümunəsidir. Tarixi hadisələri təhrif edərək və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi suverenlik addımlarını sual altına almaq, istər-istəməz dezinformasiya yaymaq deməkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, mübahisə predmeti deyil. Bu, BMT səviyyəsində tanınmış hüquqi reallıqdır. Bu reallığı görməmək artıq mövqedən yox, ya məlumatsızlıqdan, ya da qərəzli yanaşmadan xəbər verir”.
Bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev 525.az-a bildirib. O vurğulayıb ki, daha narahatedici məqam isə odur ki, belə bəyanatlar təsadüfi deyil. Onlar illərdir regionda sülhə qarşı çıxan və revanşist gündəmi diri saxlamağa çalışan müəyyən dairələrin təsiri altında formalaşır. Bu, nə Nyu-York kimi qlobal şəhərin rəhbərinə yaraşır, nə də beynəlxalq məsuliyyət anlayışı ilə uzlaşır:
“Bu gün Cənubi Qafqazda yeni reallıq var. Münaqişə bitib. Sülh prosesi başlayıb. Bu mərhələdə bu cür məsuliyyətsiz çıxışlar yalnız bir məqsədə xidmət edir – sülhə mane olmaq və gərginliyi yenidən qızışdırmaq. Əgər tarixi ədalətdən danışılırsa, onda onu seçmə yanaşma ilə yox, bütöv şəkildə demək lazımdır. Xocalı faciəsi, illərlə davam edən işğal, viran qoyulmuş şəhərlər, məhv edilmiş məscidlər və bu gün də mina qurbanına çevrilən mülki insanlar – bunları görmədən “ədalət”dən danışmaq riyakarlıqdır. Biz hesab edirik ki, belə yanaşma ilə çıxış edən bir şəxsin Nyu-York kimi şəhəri təmsil etməsi əlavə məsuliyyət tələb edir. Bu baxımdan, Xocalı qurbanlarının xatirəsinə Nyu-Yorkda abidə ucaldılması təşəbbüsü yalnız simvolik yox, həm də prinsipial ədalət mesajı ola bilər. Bununla yanaşı, biz yenə də dialoqdan imtina etmirik. Lakin dialoq yalnız faktlara və reallığa əsaslandıqda mənalı olur. Biz meri bu reallıqlarla tanış etməyə hazırıq və bu mövzuda açıq, birbaşa müzakirəyə çağırırıq”.
Sevinc Qarayeva
çap et