Fevralın 20-də Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin birgə təşkilatçılığı ilə, Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında ətraflı məlumat verib: "1990-cı illərin əvvəllərində ölkəmizdə yaranan xaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalı şəhəri də diqqətdən kənarda qalmışdı. Bundan istifadə edən erməni hərbi birləşmələri 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda görünməmiş faciə törətdi. Nəticədə minlərlə sakin öldürüldü və ağır yaralandı. Bu soyqırımı hadisəsi yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra öz həqiqi qiymətini aldı".
Tədbirdə yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında kinorejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Dolu" filmi nümayiş etdirilib. Həm ssenaridən, həm filmin çəkiliş səviyyəsindən, həm də aktyorların ifasından razı qalan tamaşaçılar yaradıcı heyətlə təəssüratlarını bölüşərək yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün belə əsərlərə və filmlərə hər zaman ehtiyac duyulduğunu bildiriblər.
Sonda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov filmin yaradıcı heyətinə kürdəmirlilər adından minnətdarlığını bildirib.
S.Abdullayeva
çap et