525.Az

Televiziya və radio yayımçılarına qarşı cəzalar sərtləşdirilir


 

Televiziya və radio yayımçılarına qarşı cəzalar sərtləşdirilir<b style="color:red"></b>

Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır. Bu məsələ Milli Məclisin (MM) dünən  keçirilən plenar iclasında müzakirə edilən "Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklər Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Belə ki, Qanunun 16.11-ci maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər" sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir" sözləri ilə əvəz edilir. Mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif olunan varianta əsasən, məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunur. Yəni mövcud qanunvericiliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, onda müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın qüvvəsini istifadə haqqı ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişiklikdə təklif olunur ki, məhkəmə qarşısında iddia qaldırılmasın və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılsın.

23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər. Dəyişikliklərdə bir sıra digər məsələlərdə də teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanına, yəni Milli Televiziya və Radio Şurasına verilir.

Milli Məclisdə həmçinin İnzibati Xətalar Məcəlləsinin 187-1 və 187-2-ci maddələrinə dəyişiklik də müzakirə olunub. Dəyişikliyə görə, televiziya və radio yayımçılarına qarşı cəzalar sərtləşdirilir. Məcəllənin 187-1 (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması) və 187-2-ci (Teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması) maddəsinə edilən dəyişikliyə əsasən, göstərilən cərimələr vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5000 manatdan 8000 manata qədər tətbiq edilir. Hər iki maddənin hazırkı sanksiyası vəzifəli şəxslər üçün 300 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün isə min manatdan 2 min manata qədərdir.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

 





25.02.2015    çap et  çap et