Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
525.az xəbər verir li, tədbirdə aparıcı media qurumlarının nümayəndələri iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, cənab Prezidentin çıxışı yalnız Azərbaycan və region mediasında deyil, qlobal medianın müzakirə etdiyi əsas mövzulardan birinə çevrildi: “Prezident İlham Əliyevin sülh çağırışına media və insanların bu qədər böyük önəm verməsinin çox sadə səbəbi var. Dövlət başçısı çıxışında xüsusilə vurguladı ki, burada söz və əməl birliyindən söhbət gedir. Yəni Azərbaycan sülhü sadəcə bir şüar kimi səsləndirmir. Bunun arxasında əməl dayanır, bunun arxasında Azərbaycan dövlətinin siyasi iradəsi dayanır, cənab Prezidentin qətiyyəti və praktiki addımları dayanır. Məhz bu baxımdan İlham Əliyevin sülh çağırışı digər siyasi liderlərin oxşar çağırışlarından fərqlənir”.
N. Məmmədli deyib ki, belə şəraitdə medianın üzərində də çox böyük məsuliyyət düşür: “Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdir. Sülhü və sülh prinsiplərini təbliğ etmək medianın əsas vəzifəsi olmalıdır. Və bu vəzifələr media etikasının bütün prinsipləri ilə səsləşən bir missiyadır. İnanıram ki, cənab Prezidentin çağırışından sonra biz media olaraq bu funksiyanı da layiqincə, yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirəcəyik”.
Pərvanə Sultanova
çap et