525.Az

Gənclər Kitabxanası Yaşar Qarayevi yad edib


 

Gənclər Kitabxanası Yaşar Qarayevi yad edib<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbi tənqidinin və estetik fikrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə zəngin elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan 525.az-a bildirilib ki, elektron baza görkəmli alimin həyat və yaradıcılığını daha da geniş şəkildə tanıdılması, elmi irsinin təbliği məqsədilə hazırlanıb.

Hazırlanan elektron məlumat bazasında akademik Yaşar Qarayevin həyat yolu, elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsində gördüyü mühüm işlər və Azərbaycan elminə verdiyi töhfələr geniş şəkildə əks olunub. Bazada alimin müxtəlif illərdə yazdığı, tərtib və redaktə etdiyi kitablar, məqalələr, onun haqqında qələmə alınmış nəşrlər və dövri mətbuat nümunələrinin siyahısı toplanıb.

Elektron bazanın bölmələri istifadəçilər üçün rahat və sistemli şəkildə hazırlanıb. Burada “Görkəmli şəxslərin söylədikləri”, “Həyat və yaradıcılığı”, “Xronologiya”, “İzonəşrlər”, “Virtual sərgi”, “Foto və videoqalereya” bölmələri ilə yanaşı professor, ədəbiyyatşünas Rahid Uluselin “Yaşar Qarayev: yaxından və uzaqdan”, professor Asif Rüstəmlinin “Yaşar Qarayev fenomeni...” və filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Ədəbiyyat filosofu” məqalələrinin tam mətni yer alır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanmış elektron məlumat bazası akademik Yaşar Qarayevin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, milli ədəbi-elmi irsin qorunması istiqamətində mühüm addımlardan biridir.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

 





13.05.2026    çap et  çap et