525.Az

Tacikistan və Çin əbədi qonşuluq, dostluq müqaviləsi imzalayıb


 

Tacikistan və Çin əbədi qonşuluq, dostluq müqaviləsi imzalayıb <b style="color:red"></b>

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Pekində dövlət səfərində olan Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.

525.az xəbər verir ki, bu barədə rəsmi Sinxua agentliyi məlumat yayıb.

Si Cinpin bildirib ki, xarici mühitdəki dəyişikliklərdən asılı olmayaraq, Çin və Tacikistan həmişə bir-birinə kömək edən yaxşı qonşular, qarşılıqlı etimada bağlı səmimi dostlar və inkişafa birgə səy göstərən etibarlı tərəfdaşlar olaraq qalacaqlar. Onun sözlərinə görə, Çin və Tacikistan arasında əbədi qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması iki ölkənin nəsildən-nəslə ötürülən dostluğunun möhkəm zəmanətini təmin edəcək.

Si Cinpin bildirib ki, tərəflər "Bir kəmər, bir yol"un yüksək keyfiyyətli birgə inşasını əsas prinsip kimi qəbul etməli, inkişaf strategiyalarını dərindən uyğunlaşdırmalı və hər bir ölkənin inkişaf məqsədlərinə çatmasını təşviq etməlidirlər.

Çin lideri, həmçinin ticarət və investisiyaların miqyasının genişləndirilməsi, keyfiyyətin artırılması, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, ağıllı şəhərlər və süni intellekt kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Prezident Rəhmon öz növbəsində Tacikistan-Çin hərtərəfli strateji əməkdaşlığının və tərəfdaşlığının yeni dövrdə dərinləşdiyini deyib. O, ticarət, investisiya, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın səmərəli nəticələr verdiyini, böyük layihələrin uğurla irəlilədiyini, mədəni və humanitar mübadilələrin daha da yaxınlaşdığını və hər iki ölkənin xalqlarına fayda verdiyini bildirib. Əlavə edib ki, Tacikistan və Çin arasında əbədi qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması ikitərəfli münasibətləri yeni tarixi mərhələyə qaldırır və uzunmüddətli əməkdaşlıq üçün yeni perspektivlər açır.

Emoməli Rəhmon söyləyib ki, Tayvan Çinin ayrılmaz hissəsidir, Tacikistanın vahid Çin prinsipinə qətiyyətlə sadiq qalır. O, Tacikistanın Çinlə əsas minerallar, süni intellekt və elmi-texnoloji innovasiya kimi sahələrdə praktik əməkdaşlığı gücləndirməyə, insanlararası mübadiləni asanlaşdırmağa, təhsil mübadilələrini intensivləşdirməyə və ikitərəfli münasibətlərdə daha da irəliləyişi təşviq etməyə ümid etdiyini bildirib.

Tacikistan lideri Çinin Yaxın Şərqdəki gərginliyin azaldılmasında mühüm rolunu yüksək qiymətləndirib. 

Danışıqlardan sonra iki dövlət başçısı Çinlə Tacikistan arasında “Əbədi qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsi”ni, eləcə də Hərtərəfli Strateji Əməkdaşlıq və Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında” Birgə Bəyanatı imzalayıblar. Səfər zamanı, həmçinin kənd təsərrüfatı, mədəniyyət, təhsil və s. sahələrində ondan çox əməkdaşlıq sənədi imzalanıb.

Pərvanə Sultanova

 





13.05.2026    çap et  çap et