Macarıstan prezidenti Tamaş Şuyok Baş nazir Peter Madyarın 31 maya qədər istefa vermək ultimatumunu qəbul etməyib.
525.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında deyib.
"Hazırda məni istefa verməyə məcbur edə biləcək heç bir hüquqi və ya konstitusiya əsası yoxdur. Prezidentlik müddətinin sonuna qədər vəzifəmi icra edəcəyəm. Mən əsas qanuna və konstitusiya quruluşunun müdafiəsinə and içmişəm. Bu and məni yalnız siyasi çoxluq və ya azlıqla deyil, bütün millətlə bağlayır”, - prezident vurğulayıb.
Şuyok qeyd edib ki, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş sosial və siyasi niyyətlər var, lakin onun istefası üçün konstitusiya əsasları yoxdur.
Madyar daha əvvəl prezidenti 31 maya qədər könüllü istefa verməyə çağırıb. Baş nazirə göə, onun vəzifədə qalmaq hüququ yoxdur. Çünki əvvəlki hökumətin siyasi, sosial və maliyyə sahələrindəki sui-istifadə hallarının qarşısını ala bilməyib.
Macarıstan qanunlarına görə, prezident parlament tərəfindən beş illik müddətə seçilir və heç bir yeni hökumət onun istefasını tələb etməyib. Şuyok 2024-cü ildə dövlət başçısı seçilib. Macarıstanda onun müdafiəsi üçün petisiya başlayıb. Orban və onun hazırda müxalifətə keçən FİDES -Macarıstan Vətəndaş Birliyi partiyası onu müdafiə edir. Onlar hesab edirlər ki, yeni Baş nazirin bu cür tələbləri son dərəcə təhlükəli bir presedent yaradır, hakimiyyətin qəsb edilməsinə gətirib çıxarır və ölkə konstitusiyasına ziddir.
Pərvanə Sultanova
çap et