525.Az

“Bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb”


 

“Bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb”<b style="color:red"></b>

Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
 
M. Abbaszadə bildirib ki, 2008-2014-cü illər ərzində bu azalma 16.44%-ə bərabər olub.  O qeyd edib ki, 2003-cü ildən 2008-ci ilədək abituriyentlərin ümumi sayı 66.27% artıb: "Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97362 abituriyent ərizə verib. Onların 52.43%-i oğlan, 47.57%-i qız abituriyent olub. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.10%), rus bölməsində isə qızlar (54.48%) sayca üstünlük təşkil edib. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub".
 
TQDK sədri bildirib ki, respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Onun sözlərinə görə, bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar: "Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 16-31% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-63%-dir. Oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir.

Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox «Riyaziyyat, fizika və mühəndislik» (I qrup) və «İqtisadiyyat və idarəetmə» (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71.46, rus bölməsində isə 78.52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.  Orta statistik qız abituriyentin istəyi III ixtisas qrupuna (humanitar ixtisaslar) daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Amma rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır".

 





03.03.2015    çap et  çap et