525.Az

Əlcəzair Prezidenti Azərbaycanla strateji enerji sazişini təsdiqləyib


 

Əlcəzair Prezidenti Azərbaycanla strateji enerji sazişini <b style="color:red"> təsdiqləyib</b>

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Azərbaycanla Əlcəzair arasında neft, qaz, neft-kimya və inkişaf etməkdə olan yaşıl enerji layihələri daxil olmaqla, karbohidrogen sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş strateji Anlaşma Memorandumunu təsdiqləyib.

525.az xəbər verir ki, bu barədə Əlcəzair mediası məlumat yayıb.

29 noyabr 2022-ci ildə imzalanan bu saziş hər iki ölkənin qarşılıqlı maraqlara və enerji sektorunun koordinasiyasına əsaslanan uzunmüddətli tərəfdaşlıq yolu ilə iqtisadi və sənaye əlaqələrini dərinləşdirmək niyyətini əks etdirir.

Prezident Tebbunun bu günlərdə imzaladığı qərara əsasən, memorandum karbohidrogen fəaliyyətləri ilə bağlı tənzimləyici-hüquqi siyasəti, eləcə də həm quruda, həm də dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələrini əhatə edən geniş əməkdaşlıq çərçivəsi yaradır.  Sazişə, həmçinin neft-kimya, enerji nəqli və paylanması, nafta (qaz benzini), mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla neft məhsullarının kommersiyalaşdırılması sahələrində əməkdaşlıq daxildir.

Sazişə əsasən, SOCAR uzunmüddətli tədarük həcmləri çərçivəsində Azərbaycanın yüngül xam nefti və digər neft növlərini "Sonatrach Raffineria Italiana" şirkətinə tədarük edəcək. Bu, tərəflər arasında kommersiya xarakterli enerji əməkdaşlığını və enerji mübadiləsini daha da gücləndirəcək. 

Tərəfdaşlıq, həmçinin yaşıl enerji təşəbbüslərini, xüsusilə hidrogen enerjisinin inkişafı və nəqli infrastrukturunu əhatə edir. Bununla yanaşı, elmi tədqiqatlar, sektorun idarə olunması, enerji infrastrukturu və insan kapitalı təlimləri sahələrində də əməkdaşlığı da nəzərdə tutur.

Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə olacaq və tərəflərdən hər hansı biri rəsmi qaydada sazişdən çıxmadığı təqdirdə avtomatik olaraq uzadılacaq.

Pərvanə Sultanova

 





01.06.2026    çap et  çap et