"Kiberbulinq virtual məkanda uşaqlara qarşı həyata keçirilən təhqir, psixoloji zorakılıq və ictimai qınaq formasıdır. Sosial şəbəkələrdə yayılan təhqiramiz mesajlar, saxta paylaşımlar, montaj edilmiş şəkillər və ictimai şəkildə alçaldıcı davranışlar yeniyetmələrin psixoloji vəziyyətinə ciddi zərbə vurur. Psixoloqlar bildirirlər ki, davamlı kiberbulinqə məruz qalan uşaqlarda özünəqapanma, depressiya, aqressiya və hətta intihar meyilləri müşahidə oluna bilər. Bu baxımdan virtual zorakılıq artıq sadəcə internet problemi deyil, cəmiyyətin psixi sağlamlığına birbaşa təsir edən ciddi sosial təhlükə hesab olunur”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, digər təhlükəli istiqamətlərdən biri isə "grooming" adlandırılan cinayət üsuludur. Bu zaman cinayətkarlar uşaqlarla uzunmüddətli virtual ünsiyyət quraraq onların etibarını qazanmağa çalışırlar:
“Çox vaxt özlərini həmyaşıd kimi təqdim edən bu şəxslər uşaqlarla emosional yaxınlıq yaradır, onların problemlərini dinləyir, guya dost münasibəti formalaşdırırlar. Xüsusilə onlayn oyun platformalarında uşaqlara müxtəlif hədiyyələr, oyun daxili valyutalar və bonuslar təklif etməklə onların diqqətini cəlb edir və etimad qazanırlar. Daha sonra isə bu etibardan sui-istifadə edərək uşaqlardan şəxsi məlumatlar, foto və videolar tələb edir, tədricən onları manipulyasiya və istismar etməyə başlayırlar. Bu proses çox vaxt uşağın özü tərəfindən təhlükə kimi qəbul edilmir və nəticədə vəziyyət daha təhlükəli mərhələyə keçir. Bu artımın qarşısı vaxtında alınmasa, gələcəkdə problem təkcə fərdi təhlükə olaraq qalmayacaq, daha ciddi məsələlər ortaya çıxacaq”.
Sevinc Qarayeva
çap et