Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı elmimizin inkişafında öz izi olan, görkəmli alim, əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun (1936 – 2007) anadan olmasının 90 illiyi münasibətilə tədbir və onun xatirəsinə ithaf olunan Respublika elmi-praktik konfransı keçirilib.
İştirakçılar əvvəlcə akademik Məmmədtağı Cəfərovun Gəncənin Səbzikar qəbristanlığındakı məzarını ziyarət edərək onun əziz xatirəsini yad ediblər.
Təntənəli tədbir alimin uzun müddət ərzində çalığdığı və rektoru olduğu Aqrar Universitetin böyük konfrans salonunda keçirilib. İştiraklar Məmmədtağı Cəfərovun ömür yolunu və elmi fəaliyyətini əks etdirən sərgi ilə də tanış olublar, ona həsr edilən videoçarxı izləyiblər.
Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru Zəfər Qurbanov akademik Məmmədtağı Cəfərovun Azərbaycanda aqrar elm və təhsilin inkişafına verdiyi böyük töhfələrdən danışıb. O bildirib ki, alimin zəngin elmi irsi və fundamental tədqiqatları uzun illər ölkədə aqrar elmin inkişaf istiqamətlərinin formalaşmasına mühüm təsir göstərib.
Zəfər Qurbanov qeyd edib ki, Məmmədtağı Cəfərov həm də böyük müəllim kimi yüzlərlə mütəxəssisin yetişməsinə töhfə verib, gənc alimlərin formalaşmasında əvəzsiz xidmətlər göstərib və hazırda bu universitetdə həyata keçirilən elmi və tədris layihələri, beynəlxalq əməkdaşlıq proqramları və innovativ təşəbbüslər məhz belə görkəmli alimlərin formalaşdırdığı elmi ənənələrə söykənir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Məmmədtağı Cəfərov kimi alimlərin irsinin təbliği gənclərin elmə marağının artırılmasına xidmət edir.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Məmmədtağı Cəfərovun Azərbaycanın aqrar elminin inkişafında oynadığı mühüm roldan bəhs edib. O, alimin formalaşdırdığı elmi məktəbin bu gün də uğurla davam etdirildiyini və yetişdirdiyi mütəxəssislərin ölkə elminə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov isə çıxışında akademiklə bağlı xatirələrini bölüşüb. O, Məmmədtağı Cəfərovun yüksək mənəvi keyfiyyətlərindən, sadəliyindən və insanlara münasibətindən söz açaraq, onun elmə bağlılığının hər zaman ətrafındakılar üçün nümunə olduğunu vurğulayıb. Abel Məhərrəmov akademiklə müxtəlif dövrlərdə keçirdiyi görüşləri xatırladıb, onun gənc alimlərə xüsusi diqqət göstərdiyini, hər zaman yeniliyə açıq olduğunu və elmi fəaliyyətə böyük həvəslə yanaşdığını qeyd edib.
Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov çıxışlarında görkəmli alimin elmi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında Məmmədtağı müəllimin çoxşaxəli elmi fəaliyyətinə nəzər salaraq, onun tədqiqatlarının ölkədə aqrar və bioloji elmlərin inkişafına mühüm təsir göstərdiyini qeyd edib. O, Məmmədtağı Cəfərovun elmi nəticələrinin bu gün də aktuallığını qoruduğunu bildirib.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov kənd təsərrüfatının inkişafına yönələn tədqiqatların formalaşmasında və tətbiqində Məmmədtağı Cəfərovun mühüm rol oynadığını diqqətə çatdırıb.
AMEA-nın müşaviri, akademik Adil Qəribov görkəmli alimin Azərbaycan elmi mühitində qazandığı yüksək nüfuzdan söz açıb, Məmmədtağı Cəfərovun elmi irsinin ölkənin intellektual sərvətlərindən biri olmaqla yanaşı, gələcək tədqiqatçılar üçün də örnək olduğunu vurğulayıb.
ADAU-nun Qida məhsulları mühəndisliyi və şərabçılıq kafedrasının müdiri, professor Hasil Fətəliyev çıxış edərək Məmmədtağı Cəfərovun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında və aqrar təhsilin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən akademikin həyat yoldaşı Şəlalə Cəfərova göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edib, belə tədbirlərin görkəmli alimlərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Konfrans Gəncənin incəsənət ustalarının təqdim etdiyi bədii proqramla davam edib.
Qonaqlar həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları, laboratoriyaları və elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.
Akademik Məmmədtağı Cəfərovun xatirəsinə ithaf olunan Elmi-praktik konfrans öz işini günün ikinci yarısında bölmə iclasları ilə davam etdirib.
Z.Muradov,
Gəncə



çap et