ABŞ Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası bir sıra yeni strateji investisiyaları, o cümlədən Ermənistanla Birləşmiş Ştatlar arasında TRIPP İnkişaf Şirkətinin (TRIPP Development Company) yaradılmasını təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyası məlumat yayıb.
Təşəbbüs dəmir yollarının, magistral yolların, boru kəmərlərinin, fiber-optik şəbəkələrin və digər vacib infrastrukturun inkişafı da daxil olmaqla əsas infrastruktur layihələrinin həyata keçirilməsini dəstəkləyəcək. Direktorlar Şurası TRIPP İnkişaf Şirkətinin yaradılması da daxil olmaqla, qeyd edilən istiqamətlərdə, o cümlədən enerji və təchizat zənciri təhlükəsizliyi üçün 2,5 milyard dollarlıq yeni strateji investisiya paketini də təsdiqləyib.
"ABŞ və Ermənistan arasında birgə müəssisə olan TRIPP şirkətinin yaradılması ticarət, nəqliyyat və iqtisadi inkişafı təşviq etməklə yanaşı, beynəlxalq, dövlətlərarası və daxili nəqliyyat infrastrukturunu da təkmilləşdirəcək. Bu təşəbbüs Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsinə və dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik kabellər və digər əsas infrastruktur layihələrinə dəstək olmağı hədəfləyən "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" çərçivə sazişinin imzalanmasına əsaslanır", - qurumun bəyanatında deyilir.
Pərvanə Sultanova
çap et