"Sülh Şurasının həmtəsisçilərindən biri olaraq, əminik ki, bu qurum qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə səmərəli töhfə verəcək".
525.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Sülh Şurasının baş müşaviri Arye Laytstoun ilə görüşdə deyib.
Görüşdə Qazaxıstanın Qəzza zolağında vəziyyətin sabitləşməsinə yönəlmiş təşəbbüsləri, o cümlədən sosial infrastrukturun bərpası, təhsil, səhiyyə sahəsində təşəbbüslərin həyata keçirilməsi və ərzaq təhlükəsizliyinin dəstəklənməsi layihələrində iştirak müzakirə olunub. Tərəflər, nəqliyyat və logistika sahələrində, o cümlədən TRIPP təşəbbüsü və Orta Dəhliz çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Onlar Qazaxıstanın regionlararası əlaqənin gücləndirilməsində və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlı olduğunu vurğulayblar.
Sülh Şurasının nümayəndəsi Qazaxıstanın bu təşkilatın işində və digər beynəlxalq təşəbbüslərdə, o cümlədən İbrahim Sazişlərinə qoşulmaq qərarında fəal iştirakını yüksək qiymətləndirib.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülh nizamlanmasının bir hissəsi olaraq yaradılan Sülh Şurasının Nizamnaməsi imzalandı. Sülh Şurasının ilk iclası fevralın 19-da Vaşinqtonda keçirilib.
Pərvanə Sultanova
çap et