“525-ci qəzet”in 5 iyun tarixli sayında dərc olunacaq yazılardan biri Aynur Ədilin Xalq artisti, aktyor Fəxrəddin Manafovla apardığı maraqlı müsahibədir.
Müsahibədə Fəxrəddin Manafov aktyorluq sənətinə baxışı, istedad və nizam-intizamın sənətdə rolu, həmçinin ustad rejissorlarla iş təcrübəsi barədə danışır. O bildirir ki, istedad hər bir insanda mövcuddur, lakin bu istedadın üzə çıxması və formalaşması üçün uzunmüddətli zəhmət və peşəyə sədaqət əsas şərtdir.
Aktyor qeyd edir ki, sənət onun üçün yalnız peşə deyil, həm də düşüncə tərzidir. O, teatr və kino təcrübəsindən çıxış edərək vurğulayır ki, aktyorluq riyaziyyat və mühəndislik kimi sistemli yanaşma tələb edən bir sənətdir və burada təsadüfi uğurdan çox davamlı çalışma önəmlidir.
Müsahibədə Fəxrəddin Manafov ustadları – rejissor Rasim Ocaqov və Vaqif İbrahimoğlu ilə bağlı xatirələrini də bölüşür. Onların sənətə yanaşmasını “fəlsəfə” adlandırır və hər birinin onun sənət yolunda mühüm rol oynadığını vurğulayır.
Aktyor müxtəlif dövrlərdə oynamaq istədiyi, lakin qismət olmayan rollardan – Hamlet, Romeo və Balaca şahzadə obrazlarından da danışır. Bununla yanaşı, “Leyli və Məcnun” kimi səhnə işlərində qazandığı təcrübənin onun yaradıcılığında xüsusi yer tutduğunu qeyd edir.
Müsahibədə Fəxrəddin Manafov həyat fəlsəfəsinə də toxunur. O bildirir ki, həyatın heç bir mərhələsini “kəsmək” mümkün deyil, çünki insanın keçmişi onun bütövlüyünü təşkil edir. Sevgi, itki və zamanın insanı dəyişdirdiyini deyil, əksinə onu formalaşdırdığını vurğulayır.
Nigar Abbasova
çap et