İstedad insanın daxilində gizlənən xəzinədir. Onu kəşf etmək, doğru səmtə yönəltmək böyük əzm tələb edir. Nə vaxtsa oxuduğum bir fikri xatırladım: "Birinin daxilində istedadın zərrə qədər közərtisi varsa, o, bir gün mütləq alovlanacaq". Bəzən bunun üçün illər lazım olur, bəzən isə bir təsadüf kifayət edir. Amma əsl istedadın bir xüsusiyyəti də var - onu nə vaxt, nə də şərait gizlədə bilir. O, öz yolunu tapır, insanın taleyinə qarışır, həyatının səmtini dəyişir.
Bu yaxınlarda sosial şəbəkədə rastıma yeni bir ifa çıxdı. Mərhum Tofiq Quliyevin möhtəşəm "Sevgilim" mahnısını ifa edən, ilk dəfə eşitdiyim məlahətli bir səs diqqətimi çəkdi. Səsə biganə qala bilmədiyimdən sahibini tanımaq istəyilə aradım, araşdırdım və etiraf edirəm ki, öyrəndiklərim maraqlı olduğu üçün onunla həmsöhbət olmaq istəyi mənə güc gəldi. Əlaqə yaratmaq çətin olmadı və ertəsi günü qabaq-qənşər oturaraq xeyli məsələlərdən hali oldum.
Beləliklə, müsahibimiz respublikanın Əməkdar artisti mərhum aktyor Tofiq Qarayevlə Xalq artisti aktrisa Fatma Mahmudovanın qızı, müğənni, vokal ifaçısı İntizar Ağdamlıdır.
- Sənətkar ailəsində böyümüsünüz, belə bir səs sahibisiniz, lakin tam fərqli bir yol seçdiniz...
- Seçdim ona görə ki, müəllim olmaq ən ümdə arzum idi. Müəllimlikdən öndə dayanan heç bir sənət görmədim mən. Digər tərəfdən hər iki valideyni səhnədə olan sənətkarların övladı kimi onların çəkdiyi min bir əziyyəti görmüşəm. Ola bilsin, haradasa, bunun da təsiri olub. Bir də çox utancaq olduğumdan səsimi boğub içimdə gizlətdim. Ali məktəbi bitirənə qədər səsimin olduğunu özümdən başqa kimsə bilməyib.
- Bayaq görüşəndə dediniz ki, ilk müsahibənizi verirsiniz. Elə isə gəlin oxucu sizi yaxından tanısın...
- On yaşıma qədər doğulduğum Ağdam rayonunda yaşamışam, məktəbə də orada getmişəm. Ağdamın işğalından sonra məcburi köçkün kimi gəldik Bakıya. Montin adlanan ərazidə məskunlaşdıq. Məktəbi bitirəndən sonra müəllim olmaq istəyilə Azərbaycan Dillər Universitetinə qəbul oldum, magistr dərəcəsini də orada aldım və elə məzunu olduğum ali məktəbdə pedaqoji fəaliyyətə başladım. O illərdə Londonda təkmilləşdirmə kursu da keçdim. Paralel olaraq Bakı Slavyan Universitetində dərs deməyə başladım. Müəllim kimi tələbələrimin hər müraciətindən aldığım həzzi mənim üçün heç nə əvəz edə bilməz. Bu xoşbəxtliyimin ömrü ailə həyatı qurana qədər davam etdi. İşimi, sevdiyim peşəni, karyeramı sırf ailəmə qurban verdim.
- Amma o vaxta qədər səsinizi kəşf edən yəqin ki, oldu...
- Səsimi bir təsadüf nəticəsində anam kəşf etdi. Evdə tək idim və özüm üçün oxuyurdum. Az keçmədən qapı döyüldü və astanada bir ailə tanışımızı gördüm. Soruşdu ki, içəridən gələn səsi eşidib bir qədər qapının ağzında dinlədim. Kim idi oxuyan? Dedim ki, mən. Az sonra anam gəldi və qonaq anama dedi ki, İntizarın gözəl səsi var, mütləq üstünə düşmək lazımdır. Anam bir qonağa baxdı, bir mənə, heç nə demədi. Qonaq gedəndən sonra dedi ki, bir oxu görüm hansı səsdən söhbət gedir. Artıq gizlətməyin yeri yox idi və mən ilk dəfə anamın qarşısında oxudum. Bütün analar fədakardır, övladları uğruna hər şeydən keçərlər. Anam Fatma xanım biz iki bacını min bir əziyyətlə böyüdüb, hər şeyə qatlanıb, imkan verməyib ki, yaşıdlarımızdan nəyimiz isə əskik olsun. Səsimi eşidəndən sonra məni Xalq artisti Xuraman Qasımovanın yanına gətirdi. Nə ifa edəcəyimi soruşduqda bildirdim ki, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Asyanın "Gözəlim, yar gözəlim" parçasını ifa edəcəyəm. Görkəmli sənətkarımız Səidə Quliyevanın qayınanası Elmira Quliyeva məni öz sinfinə apardı, fortepiano ilə müşayiət etdi və mahnını dərhal oxudum. Elmira Quliyeva ifamı çox bəyəndi, birlikdə Xuraman xanımın yanına gəldik və beləcə, Bakı Musiqi Akademiyasının hazırlıq şöbəsinə qəbul olundum. Bir il təhsil alandan sonra onu yarımçıq buraxmaq məcburiyyətində qaldım. Bayaq vurğuladığım kimi, ailə həyatıma görə hər şeydən keçdim.

- Anlaşılan həyat yoldaşınız işləməyinizə qarşı olub...
- Xeyr, əksinə, o, həmişə mənə dəstək olmağa çalışıb. Mən türk vətəndaşı ilə ailə qurduğumdan Ankaraya köçdüm. Bir millət olsaq da, mən Vətənimdə deyildim və bu sarıdan çox sıxılırdım. Sonra ekiz övladlarım dünyaya gəldi və ailə qayğılarım birə iki artsa da, içimdəki sıxıntıdan qurtula bilmədim, orada həyatım mənə çox çətin gəlirdi. Nə qədər ki, uşaqlar balaca idi onları da götürüb gəlirdim Bakıya. Sonra onların bağça dövrü başladı, bir müddətdən sonra məktəb həyatı və mən yalnız yay tətillərində Bakıya gələ bilirdim. Bunu ailə də, ətrafdakılar da görürdü. Ancaq Bakıya köçmək fikrilə günlərimi yaşayırdım. Sonunda Bakıya gəldim, yenə də Xuraman Qasımovanın yanına getdim və o məni konservatoriyanın birbaşa ikinci kursuna qəbul etdi. Bir il yarım oxudum, yenə də ailəyə bağlılıq, övlad məhəbbəti mənə qalib gəldi və təhsilimi yarımçıq qoyub qayıtdım Ankaraya. Bilirsiniz, bu xasiyyətimdə atama bənzədiyimi düşünürəm. O, çox istedadlı aktyor idi, həvəslə bir işə başlayardı və ən gözəl məqamda əli ilə gələn işığı qapadardı. Yenidən qayıdıb ailəm, uşaqlarımla həyatıma davam etdim. Amma bu dəfə təkanı mənə həyat yoldaşım verdi. Dedi ki, bu istedadını içində məhv edə bilməzsən, bu səsi boğmaq günahdır, sən oxumalısan. Təbii ki, burada anamın da böyük dəstəyi oldu. Bu dəfə birdəfəlik gəldim Bakıya, uşaqlar təhsillərini burada davam edir, indi yay tətillərində Ankaraya gedirik. Dünyanın çox ölkəsini gəzmişəm, lakin Vətənim qədər mənə doğma yer ola bilməz.
- Dediniz ki, Ağdamı tərk edəndə on yaşınız olub. Yəqin ki, uşaq yaddaşınızda çox izlər qalmaz...
- Nahaq elə düşünürsünüz... Uşaq yaddaşımda gördüklərimin hamısı yaşayır. Ağdam Dram Teatrında ata-anamın oynadıqları tamaşalar, alqış sədaları altında yenidən səhnəyə gəlməkləri, evimiz indi də yadımdadır. O da yadımdadır ki, Albert Kamyunun "Anlaşılmazlıq" əsəri əsasında hazırlanmış "Qismət" adlı tamaşada Fatma xanım baş rolda oynayırdı və orada yaratdığı ana obrazından necə təsirlənmişdimsə, çox ağlamışdım. Qələbədən iki ay sonra Ağdama getdim və gördüklərimə inanmadım. İlk olaraq teatrın binasını görməyə tələsdim, çünki evimiz ondan bir qədər aralıda idi. Teatrdan qalan üç tağı görəndə dünya mənə o qədər qəddar və amansız göründü ki? Quru torpaqdan, kimsəsiz daş-divarlardan nə istəyirmişlər görəsən? Bir də iki ay əvvəl oldum Ağdamda. Şəhər o qədər dəyişib, gözəlləşib ki, valeh olmamaq mümkün deyil. Dövlətimizin başçısına, ölkənin Birinci vitse-prezidentinə dətin təşəkürümüzü bildiririk. Prezidentin düşünülmüş siyasəti sayəsində Qarabağ işğaldan azad olundu, Azərbaycanı dünya tanıdı. Amma bununla belə, xatirələrimdə qalan Ağdam mənə daha doğmadır. Bir məqama toxunmaq istəyirəm. Ağdam böyük sənətkarlar, ustad xanəndələr, ziyalılar yetişdirən bir torpaqdır. Heç uzağa getmirəm, qəzetinizin baş redaktoru Rəşad Məcid Ağdamın nüfuzlu ziyalısıdır. Mən də o torpağın qızıyam və sənət yoluna gec gəlsəm də, xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü.

- İntizar Ağdamlını artıq tamaşaçılar tanıyır. Bu səsi gizlətməsəydiniz, ciddi musiqi sahəsində uğurlarınız bol olardı...
- Həmişə demişəm, indi də sizə etiraf edirəm. Qeyri-təvazökarlıq kimi səslənməsin, mənim bu səsi gizlətməyə haqqım yox idi, çünki insanın Tanrıdan aldığı böyük əmanətlərdən biri ona verilən istedaddır. Düşünürəm ki, hər kəs ona bəxş edilən nemətin qədrini bilməlidir, insanlarla bölüşməyi bacarmalıdır. Səsimin fərqli olduğunu hiss edəndən onu kölgədə saxlamaqla yanlışlığa yol verdim. Ağdamda musiqi məktəbin fortepiano sinfində dərs almışdım. Yəni musiqi, xüsusilə də ciddi musiqi mənim üçün özümü ifadə etmək vasitəsidir. Ona görə də anladım ki, bu yolu yarımçıq buraxmaq, ya da susdurmaq nə mümkündür, nə də gizlətmək. Bir xüsusiyyətimi də etiraf edim ki, az da olsa tənbəlliyim var. "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri Murad Rzayev ifamı eşidəndən sonra dedi ki, bu səsi xalq eşitməlidir. Sağ olsun Fatma xanım ki, onun sayəsində tənbəlliyimi dəf etməyi bacardım, artıq efirlərə dəvət alıram. Hazırda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində Fərid Əliyevdən vokal dərsləri almağa başlamışam. Efirlərə dəvət alıram. Bütün bunları gördükcə, itirdiyim vaxta, başladığım işləri yarıda qoyduğuma görə çox peşmanam ki, zamanın mənə hökm etməyinə imkan vermişəm. Amma atalar demiş, ziyanın yarısından qayıtmaq da xeyirdir və özümdə yaranan istək və həvəslə inanıram ki, tamaşaçı marağı qazana biləcəyəm.
- Yaxınlarda sizin bir duet ifanızı da eşitdik...
- Uzun zamandan bəri "Arşın mal alan" operettasından Gülçöhrə ilə Əsgərin ariyasını oxumaq istəyi vardı içimdə. Adını çəkməyəcəyəm, bir nəfərə bu istəyimi bildirdim. Lakin o, duetin qazanc gətirməyəcəyini söyləyərək təklifimdən imtina etdi. Bu yaxınlarda bacım Nigarın nişan mərasimi oldu. Bir yerdə çalışdığı Xan bəylə ömür yollarını birləşdirdilər. Nigarın qayınanası Mila xanımın bu istəyimdən xəbəri vardı və dedi ki, bəlkə bu dueti Xanla ifa edəsiniz? Düzü, gözlənilməz təklif qarşısında bir qədər tərəddüd içində qalsam da, qəbul etdim və nişandan bir gün əvvəl bu dueti yazdırıb ilk dəfə məclisdə ifa etdik. Arzusunda olduğum duet ürəyimcə alındı və düşünürəm ki, duet ortağımı tapa bildim.
- Sizdən fərqli olaraq bacınız Nigar həm aktrisadır, həm də şou aləmində...
- Nigar altı yaşından oxuyur. Anamla birlikdə bütün hərbi hissələrdə çıxışlar edib. Nigar sırf sənət dünyasında böyüyüb. O, "Bacanaqlar" serialındakı Sevda obrazı ilə tamaşaçıların yaddaşında iz buraxa bilib, çünki Nigar professional sənətkar ailəsində böyüməkdən savayı, Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib və Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır. O, Azər Zeynalov, Yaqut Abdullayeva kimi sənətkarlardan dərs alıb, yəni Nigar professional incəsənətdədir. Məndə genetik olaraq profesionallıq olsa da, işlərim natamam qaldı. Yadımdadır, konservatoriyada oxuyarkən Lütfiyar İmanovun yanında gəlmişdim. Məni dinləyib dedi ki, mükəmməl səsin var, yaxşı oxuyursan, amma yolun alayarımçıqdır. Təsəvvür et ki, borş bişirmisən, lakin onun kələmini tökməmisən. Onun səsi indi də qulağımdadır, çünki haqlı idi, hər şeyi alayarımçıq etmişəm. Konservatoriyada mənə dərs deyən professor mərhum Rumiyyə Kərimova da deyirdi ki, istedadına ciddi yanaşsan və arxası ilə getsən, böyük uğurlar əldə edəcəksən. Bütün bu tövsiyələri eşidə-eşidə, hər dəfə öz bildiyimi etdim. Şükür ki, artıq tutduğum yolda qərarlıyam. Təbii ki, zamanı geri qaytara bilmərəm, lakin seçdiyim yaradıcılıq yolunu bundan sonra ciddi şəkildə davam etdirməkdə qətiyəm.

- Yəqin övladlarınızda da incəsənətə bir maraq var...
- Qızlarımın hər ikisinin səsi var. Xüsusən böyük qızımın incəsənətə marağı böyükdür. Teatr haqqında geniş məlumatlara malikdir, görünür, bu sahə ona daha maraqlıdır. Kiçiyi isə həvəslə fortepiano dərslərinə gedir və gözəl rəsm çəkmək qabiliyyətinə malikdir. İncəsənət yolunu tutmaq kimi bir istəkləri olarsa, dəstəyimi onlardan əsirgəmərəm, mənim istəyib etmədiklərimi onlar yaşadarlarsa, bu, mənə etdiyim səhvlərimi unutdurar. İstedad hər kəsin nəsibi olmur, ona sahib olmaq, qorumaq və yaşatmaq mütləqdir.
SÖZARDI: Əslində istedad bir başlanğıcdır. Onu sənətə, uğura çevirən, insanlara çatdıran isə zəhmət, səbir və öz yoluna inamdır. Bəlkə də elə buna görə həqiqi sənət zamanın sınağından çıxmağı bacarır.
Tamilla M-ZADƏ
çap et