525.Az

Doğru sözün izi ilə getmək - Muxtar Kazımoğlu yazır


 

Doğru sözün izi ilə getmək - <b style="color:red"> Muxtar Kazımoğlu yazır</b>

Jurnalist, ədəbiyyatşünas və pedaqoq kimi xüsusi hörmət qazanan Allahverdi Məmmədli müxtəlif vəzifələrdə çalışıb. İş elə gətirib ki, “hökmlü” vəzifə tutanda belə (məsələn, Ali Məhkəmədə mətbuat xidmətinə rəhbərlik edəndə) onunla sıx əlaqələrimiz, müntəzəm ünsiyyətimiz olub. Və mən görmüşəm ki, vəzifə Allahverdi Məmmədlini davranışca zərrə qədər dəyişdirə bilməyib, əksinə, ondakı nəcabətin daha qabarıq üzə çıxmasına imkan yaradıb. Jurnalist, ədəbiyyatşünas və pedaqoq kimi fəaliyyət göstərmək imkan yaradıb ki, Allahverdi Məmmədlinin təbiətindəki fitri nəcabət məişət çərçivəsini adlasın, milli maraqlara xidmət edən yaradıcılığın, elmi-pedaqoji işin mayasına, cövhərinə çevrilsin. Allahverdi Məmmədlinin publisistik və elmi yaradıcılığında onun bir insan kimi öz xarakterindən gələn cövhər Vətən və millət sevdasından ibarət olub. Təsadüfi deyil ki, o, publisistik yazılarının çoxunu millətin fədakar övladlarına, fəlsəfə doktorluğu, elmlər doktorluğu dissertasiyalarını azərbaycançılıq məfkurəsinə həsr edib. Təqdirəlayiq haldır ki, Nehrəm kəndində doğulub boya-başa çatan Allahverdi Məmmədli azərbaycançılığın səciyyəvi nümunəsini Danabaş kəndinin tragikomik əhvalatlarını ürək ağrısı ilə qələmə alan Mirzə Cəlil yaradıcılığında, bu böyük sənətkarın adı ilə bağlı Molla Nəsrəddin məktəbində görüb.

Mirzə Cəlilin, Molla Nəsrəddin ədəbi məktəbinin adını çəkən kimi istər-istəməz Allahverdi Məmmədli ilə, onun qardaşı, rəhmətlik Kamillə səmimi görüşlərimiz, Nehrəm lətifələri üstündə qurulan şirin söhbətlərimiz yada düşür. Nehrəm lətifələrini daha çox Kamil danışırdı –  Politexnik İnstitutunda təhsil alsa da, ürəyin diqtəsi ilə, atası və qardaşı kimi jurnalistika yolunu seçən Kamil Məhərrəmoğlu. Bu iki qardaşın bir-biri ilə, eləcə də  dost-tanışla zərif zarafat dilində  danışdığını dönə-dönə görmüşəm, bu qardaşların timsalında özünə gülmək kimi mənəvi ucalığın dəfələrlə şahidi olmuşam. Allahverdi Məmmədlinin Molla Nəsrəddin məktəbinə bağlılığı da öz başlanğıcını həmin mənəvi ucalıqdan götürmürmü? Əlbəttə, ordan götürür. Bu həmin mənəvi ucalıqdır ki, xalq mədəniyyəti xəzinəsinə dünyaca məşhur Molla Nəsrəddin lətifələrini bəxş edib. Bu həmin mənəvi ucalıqdır ki, böyük Mirzə Fətəliyə ədəbiyyatımızın yönünü yüz səksən dərəcə dəyişdirmək gücü verib. “Pis və çirkin adətləri insanın təbiətindən kritika, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxartmaz”. Mirzə Fətəlinin bu tövsiyəsinə özündən sonra əməl edənlərdən biri məhz Mirzə Cəlil olub, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranmasında Mirzə Fətəlinin komediyaları əvəzsiz rol oynayıb. Çünki zarafat tərzi sənətkara əks tərəfləri bir-birinə yaxınlaşdırmaq, düşmən münasibətini aradan qaldırmaq, cəmiyyəti bütöv şəkildə görmək və göstərmək imkanı verir. Belə bir imkandan millət naminə istifadə etmək Mirzə Fətəli kimi Mirzə Cəlilin də sənət amalında ana xətlərdən biridir. Pis əməl sahibinə “sən alçaq adamsan” demək düşməncəsinə münasibət ifadə etməkdirsə, həmin adamla “səndən yaxşı adam yoxdur” şəklində zarafatlaşmaq ərkyana dialoq təşəbbüsüdür. Əks tərəflə mənəvi körpüləri büsbütün yandıracaq müstəqim ifadə tərzini “Molla Nəsrədin” məktəbi üçün məqbul yol salmayan Mirzə Cəlil qələm yoldaşlarının yazılarına da eyni meyar və tələbkarlıqla yanaşıb. Allahverdi Məmmədlinin bu cür tələbkarlığa çəkdiyi misallardan biri Əliqulu Qəmküsarın şeirləri ilə bağlıdır:

Qoydun əmmamə başına, dandın həqiqəti,
Aləti-həcvi məsxərə qıldın şəriəti…
Ey minbəri-peyğəmbəri murdar edən axund!
Ey millətin işıq gözünü tar edən axund!

Əliqulu Qəmküsarın Culfadan göndərdiyi bu şeiri jurnalda çap etmək istəməməsinin səbəbini Mirzə Cəlil məhz müstəqim ifadə tərzi ilə, tənqid hədəfini birbaşa ittiham etmək meyli ilə əlaqələndirir: “Yazdığınız şeirlər çox gözəl. Lakin heyif ki, “Molla Nəsrəddin” sayağı yazmayıbsınız, çox ciddidir… Ümidvarıq ki, bundan sonrakı şeirlərinizi “Molla Nəsrəddin” sayağı yazarsınız, özgə şeirlərinizi gözləyirik”. Tənqid hədəflərinin düşmən kimi ittiham olunması “Molla Nəsrəddin”in sənət  yoluna məhz ona görə uyğun gəlmir ki, bu ittiham tərəflər arasına çin səddi çəkir, tənqid edənlə tənqid olunanın hansısa bir nöqtədə ortaq məxrəcə gəlməsinin qarşısını alır, yaxşısı və pisi ilə birlikdə millətin vahid orqanizm şəklində qələmə alınmasına maneəçilik törədir.

Ayrı-ayrı şəxslərin marağından çıxış edib millət mənafeyini yaddan çıxarmaq, Mirzə Cəlilinin nəzərində,  yazı-pozu adamı üçün yolverilməz haldır: “O yerdə ki, lüğət kitablarında gərək yazılaydı “millət”, orada “millət” əvəzinə yazılıb “şəxs”, o yerdə ki, söz düşəndə gərək millət sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur... Firəngistan millətpərəstliyi sayəsində yer üzündə çox-çox millətlər tərbiyə olundu, millətçilik və azadxahlıq bayrağı cəmi məmləkətlərə sirayət elədi, onların sayəsində biz də bir yüngülvari hərəkətə gəldik”. Mirzə Cəlilin bu sözlərini xatırladan Allahverdi Məmmədli böyük bir məktəb yaratmış sənətkarın “millət” deyərkən kimləri nəzərdə tutduğuna aydınlıq gətirmək üçün “Molla Nəsrəddin” jurnalının proqram səciyyəli “Sizi deyib gəlmişəm” məqaləsinə diqqət yönəldir və xüsusi olaraq vurğulayır ki, Cəlil Məmmədquluzadə millət anlayışını beş-üç oxumuş adamla məhdudlaşdırmır və üzünü cəmiyyətdə əksəriyyət təşkil edən “qara”camaata tutur, öz sözünü hamıdan qabaq avam adamlara – it boğuşduranlara, dərviş nağılına qulaq asanlara, hamamda mürgü döyənlərə və başqa bu kimi “vacib” əməl sahiblərinə deyir. Milli varlığın mühüm göstəricilərindən biri olan ana dilinə münasibətdə də Mirzə Cəlil toplumda sayca çox olan sıravi adamların ədəbi dili nə dərəcədə başa düşüb-düşməməsini əsas meyar kimi götürür. “Türkün açıq ana dilində” yazan Mirzə Cəlil yazı dilinin bir qrup oxumuş adam üçün nəzərdə tutulmasını qətiyyən düzgün yol saymır və bu mövqeni, təbii ki, digər mollanəsrəddinçilər də müdafiə edirlər: “Aldığımız sözləri özümüzə mal edib onları öz türk sərfimizə tabe etməliyik... Yazıçılarımız bəziləri kimi “əvam” üçün ayrı, “xas” üçün ayrı dil yaratmaq fikrinə düşməməlidirlər... Bir millətə hakim “xas”ın fikri deyil, “ümum”in fikridir. Buna görə də hamıdan ziyada “ümum”in fikrinin açılmasına çalışmalıyıq. Bunun üçün də bir dərəcəyə  qədər hamının, heç olmazsa çoxunun anlayacağı bir dil ilə yazmalıyıq... Açıq türkcə yazılmış yazılara “əvam” dili deyib gülməməli.

Daha vaxtdır ki, “xas” dilini “əvam” dilinə yaxınlaşdıraq”. İlk nömrəsindən etibarən “Molla Nəsrəddin”də Mirzə Cəlillə çiyin-çiyinə çalışmış Ömər Faiq Nemanzadənin bu sözləri jurnalın dil siyasətinin mahiyyətini aydınlaşdırmaqla qalmır, eyni zamanda mollanəsrəddinçilərin milli məsələyə münasibətinin ən incə nöqtələrinə işıq salır. Azərbaycan türklərinin bir toplum olaraq ümumtürk ailəsində yeri o vaxtlar bu cür incə məsələlər sırasındaydı. Ümumtürk ailəsinin ayrılmaz bir hissəsi olan Azərbaycan – türk toplumu Hissə və Tam əlaqələrini genişləndirmək istərkən ortaq dil yolu tutmaya bilərmi? Füyuzatçılardan fərqli olaraq, mollanəsrəddinçilər bu suala “bəli” cavabını verdilər. Məlum oldu ki, “açıq ana dilində” yazan “Molla Nəsrəddin” digər türk xalqları arasında oxunub yayılmaqda “Füyuzat”dan – ərəb-fars tərkibləri ilə yüklənmiş ortaq dildə yazan bir jurnaldan heç də geri qalmır, əksinə, bəlkə ondan daha çox irəli gedir.

Sıravi adamlar üçün anlaşıqlı olmasını ədəbi dilin əsas şərti kimi irəli sürən mollanəsrəddinçilər ölkənin təhlükəsizlik məsələsinin də xeyli dərəcədə xalq kütlələrindən asılı olması  qənaəti üzərində dayanırdılar: “Ey ürəyində bir zərrə mərhəməti olanlar, ey insana dost və millətpərəst görünənlər! Məmləkətimizin, camaatımızın bir payı aclıqdan həlak olur. Bunların bir ciyərgu həlakı isə bizi daha dəhşətli, daha təhlükəli fəlakətə sürür. Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, cümləmiz qeyrət və namussuzluqla yad olunmaqdan savayı, bütün məmləkətimiz, bütün həyatımız əbədi təhlükələrə məruz qalacaqdır... Hərəmiz bir günlük tütün pulundan, iki saatlıq zövqdən, bir saatlıq qazanc və muraddan keçərək, həm ac qardaşlarımızı fəlakətdən, həm də özümüzü təhlükədən qurtarmış oluruq”. Ömər Faiq Nemanzadənin bu sözlərində acı bir tarixi həqiqət öz ifadəsini tapır. Həmin tarixi həqiqət ondan ibarətdir ki, maddi çətinlik içində üzülməkdə olan xalq kütlələrinə arxa durmamaq bizi torpaqlarımızın itirilməsi faciəsi ilə üz-üzə qoya bilər. Mollanəsrəddinçilərdən gətirdiyi bütün bu misallarla Allahverdi Məmmədli azərbaycançılığın bir məfkurə məsələsi olaraq ziyalı və xalq həmrəyliyinə əsaslanması fikri üzərində dayanır. Bu fikri irəli sürərkən onun istinad etdiyi ədəbiyyatşünaslardan biri Yaşar Qarayev olur. Çünki Yaşar Qarayev hay-küyçü ədəbiyyatşünaslardan fərqli olaraq, azərbaycançılığı üzdə yox, dərin qatlarda axtarır, “Vətən!”, “Millət!” şüarlarında yox, zehniyyətə hopub gerçəyə çevrilmiş vətənsevərlik, millətsevərlik əməllərində axtarır.

Yaşar Qarayev yazır: “Azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir. Lakin bu ideya, bu fəlsəfə də nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir ki, ayrı-ayrı ziyalılar, təklər yox, kütlələr əməldə, işdə ona sahiblik şüuru nümayiş etdirirlər”. Yaşar Qarayevin bu sözlərində Allahverdi Məmmədli üçün xüsusi əhəmiyyət kəsb edən cəhət kütlələrin azərbaycançılığı əməldə göstərməsi ilə bağlı fikirlərin ifadə olunmasıdır. Allahverdi Məmmədli çox yaxşı bilir ki, Vətənin şanlı keçmişindən, zəfərlərlə dolu bu günündən və parlaq gələcəyindən söhbət açıb  baş altına yastıq qoymaq mollanəsrəddinçilər üçün səciyyəvi üslub deyil. Bu sənət fədailərinin seçdiyi üslub oxucunu (daha çox isə sıravi oxucunu!)  güldürüb, onun qırışığını açıb düşündürmək üslubudur.

Mollanəsrəddinçilər ən çox nəyə gülürlər? Köləliyə! Köləliyin səbəbi və acınacaqlı nəticəsi kimi ortaya çıxan cəhalətə və nadanlığa! Allahverdi Məmmədli bu ideya istiqamətini “Molla Nəsrəddin” jurnalının həm Tiflis, həm Təbriz, həm də Bakı mərhələləri üzrə izləyir.

Bolşevik işğalından sonra Cəlil Məmmədquluzadənin köçüb Təbrizə getməsinə Allahverdi Məmmədli belə aydınlıq gətirir: “Bəs Təbriz mühacirətinin səbəbi nə idi? Birinci səbəb bolşeviklərin bəy-xan nəslindən olanlara, varlılara, inqilabı dəstəkləməyən ziyalılara qarşı qəzəbi idi. İkinci səbəb “sovetləşməyə” müqavimətin hakimiyyət boşluğu yaratması, qisasçılığın və qarətçiliyin adi hala çevrilməsi idi. Üçüncü səbəb yeni hökuməti qəbul etməyənlərə qarşı rus-erməni terroru idi. Beləliklə, Mirzə Cəlil də inqilabı qəbul etmədiyindən, qisasçılar arasında olan bədxahları tərəfindən hər an... müxtəlif hücumlara tuş gələ bilərdi. Üstəlik, Həmidə xanımın Qarabağ xanları nəslinə mənsubluğu və mal-mülk sahibi olması onu “sinfi düşmən”ə çevirmişdi”. Bütün bu səbəblərdən ailəsi ilə, o cümlədən qardaşı Mirzə Əliəkbərlə – Cənubi Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçısı ilə birlikdə Təbrizə üz tutan Mirzə Cəlil orada çətinliklər bahasına olsa da, jurnalın nəşrinə icazə ala bilir. Və jurnalın Təbrizdə nəşr olunan yeddinci nömrəsində yazır: “Hər yan tüstüdür, məscidlərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhümat tüstüsü, ruhda və qəlbdə kəsavət tüstüsü… Xülasə, millət tüstü içində boğulmaqdadır”. Arazın bu tayındakı mövhumat və kəsavətin yekəsini Arazın o tayında görən  Mirzə Cəlil Şura hökumətinin dəvəti ilə Bakıya köçməli və ədəbi fəaliyyətini burada davam etdirməli olur.

Allahverdi Məmmədlinin bayaqdan haqqında danışdığım “Azərbaycançılıq mollanəsrəddinçilərin milli ideya kontekstində” adlı monoqrafiyasının məziyyətlərindən biri “Molla Nəsrəddin” jurnalının Bakı mərhələsinə güzgü tutmasında, bu mərhələnin az öyrənilmiş bir çox məsələlərini diqqət mərkəzinə çəkməsindədir. Belə məsələlərdən biri milli varlığın müstəmləkə təsirinə məruz qalması məsələsidir. Allahverdi Məmmədli bu məsələnin “Molla Nəsrəddin” jurnalında necə təqdim olunmasının incəliklərinə və əsl mahiyyətinə vara bilir. Aydın olur ki, “Molla Nəsrəddin”dən ötrü əsarət əsarətdir, millət öz varlığını rus əsarətindən də, ingilis əsarətindən də qorumağı bacarmalıdır. Mirzə Cəlil “Həqiqət” adlı bir felyetonunda Amerika işğalçılığına belə işarə edir: “Əzizim amerikalı, indi buyur görək nə məqsədlə bizim məmləkətə gəlibsən? Bura hara, Amerika hara? Amerikadan bura 25 aylıq yoldur. İndi buyur görək, nə məqsədlə dünyanın o başından bu başına gəlibsən? Mənim yəqinimdi ki, sənin xəyalında bir biclik var. Məsələn, bu qəsd ilə gəlibsən ki, biz biçarə müsəlmanları tovlayıb axırda imtiyaz sahibi olasan və bizi fəhlə kimi işlədib, bizim öz əlimizlə qazandığımız pulları doldurasan cibinə və axırda da... bir yük tutub vətəninə sovqat aparasan və gedib Amerikada bir kitab yazasan və həmin kitabda mollalarımızı tərifləyəsən”. 1907-ci ildə Amerika əsarətinə qarşı yazılmış bir felyetonda mollalara sataşılması da təəccüb doğurmamalıdır. İş burasındadır ki, dini fanatizmin əsarətə zəmin yaratması Mirzə Fətəlidən üzübəri realist sənətkarlarımızı, eləcə də Mirzə Cəlili narahat edən məsələlərdən biridir. Dini fanatizm amerikalı əsarətiniə zəmin yaratdığı kimi, rus əsarətinin də qol-qanad açmasına zəmin yaradır. Belə olmasaydı, Leontiyev familyalı bir çar məmuru Şamaxı müsəlmanları arasında sünni-şiə davası salıb, onları buyruq qulu kimi çox rahatca idarə edə bilməzdi. Mirzə Cəlil “Leontiyev” felyetonunda çar məmurunun Şamaxı müsəlmanları ilə rəftarı barəsində yazır: “Şikayətçi müsəlmanlar məndən soruşurlar:

– Bu kişi niyə bizlə belə rəftar etdi? 
Bunun cavabında mən deyirəm:

– Ondan ötrü ki, bu da biz müsəlmanları dadıb. Bəli, ... biz müsəlmanları cənab Leontiyevlər və onun kompaniyaları çoxdan dadıblar”. Yumurta döyüşdürənlərin yumurtanı dadıb onun bərk-boş olmasını yoxlaması ilə çar məmurunun müşahidə aparıb müsəlman cəhalətinə  və mənəvi boşluğuna tam əmin olması arasında bir komik bənzəyiş görən Mirzə Cəlil işğalçıya qarşı nə qədər hiddətlidirsə, ona qul kimi boyun əyən soydaşlarına qarşı da bir o qədər hiddətlidir. Sadəcə olaraq bu hiddət zərif bir zarafat örtüyü altında öz ifadəsini tapıb. Əsarət və köləliklə bağlı bu cür ifadə tərzini “Molla Nəsrəddin”in sovet dövründəki felyetonlarında da görmək çətin deyil.

Sovet dövründəki ədəbiyyatşünaslığımız Cəlil Məmmədquluzadənin Şura hökumətinə münasibətindən bəhs edərkən fəhlə-kəndli amilini əsas istinad nöqtəsi kimi götürüblər. Belə hesab ediblər ki, öz qələmi ilə həmişə əzilənlərin yanında olması və Novruzəliləri ədəbiyyatın baş qəhrəmanına çevirməsi Cəlil Məmmədquluzadəni fəhlə-kəndli adından danışan Şura hökumətinə yaxın yazıçı saymağa tam əsas verir. Cəlil Məmmədquluzadənin sovet quruluşuna “yaxınlığ”ından bəhs edən məqalələrin və monoqrafiyaların epiqrafı ən çox bu sözlərdən ibarət olub: “O şey ki, qoca “Molla Nəsrəddin”in qəlbinə... hər babətdən müvafiqdir – onun adı Şuradır”. “Şura” adlı felyetonun əvvəlindəki bu cümləni, eləcə də, bir neçə başqa cümləni oxuyarkən adama elə gəlir ki, Mirzə Cəlil, doğrudan da, Şura hökumətinə öz rəğbətini bildirir. Amma beş-altı cümlədən sonra yazının ahəngi qəflətən dəyişib başqa bir istiqamət alır. Müəllif  “amma” yazıb felyetonun ikinci hissəsinə keçir. Məlum olur ki, o, Şura iclasından qayıdan millət vəkilləri ilə qarşılaşıb və onlardan iclasda nələrin müzakirə olunduğunu soruşduqda belə bir cavab alıb: “...orada biz bir neçə gün avtomobilə mindik, gəzdik, sonra da hərəmiz başımıza buxara dərisindən bir tazə papaq qoyduq gəldik. Doğrudur, Molla əmi, biz Bakıda şura etdik, ki, aya, pəs biz orada danışılan sözləri niyə anlamadıq”. Nələrin müzakirə olunmasından millət vəkillərinin bir şey anlamaması Şura parlamentinin, bütövlükdə sovet idarə üsulunun mahiyyətini açan tutarlı bir faktdır. Mahiyyət budur ki, parlament xalq parlamenti görüntüsü yaratsın, içində fəhlə-kəndlilərin də olduğu millət vəkilləri yuxarıdan – imperiya mərkəzindən gələn qərarlara yekdilliklə səs versinlər.

Amiranə mərkəz və ona sözsüz tabe olan əyalət, mərkəzdən göndərilən məmur və onun yerlərdə xüsusi hökm sahibi olması. Bu mövzulara həsr olunmuş müxtəlif yazıları, o cümlədən felyetonları “Molla Nəsrəddin” jurnalının sovet dövründəki nömrələrində izləmək çətin deyil. Məsələn, “Qənaət” və “Qatma-qarışıq” adlı felyetonlarda Bakı Şurasının maliyyə müdiri Andreyevin heç kimə və heç nəyə məhəl qoymayıb meydan sulamasından, meydanda at oynatmasından bəhs olunur. Andreyev vəsaitə qənaət adı altında yetimxanaların bağlanması barədə qərar verir. Rusca yox, Azərbaycan türkcəsində  danışdığına, öz dərdini ana dilində çatdırmaq istədiyinə görə müəllimlər kursunun binəva müdiri xüsusi səlahiyyət və hökm sahibi olan  Andreyevin qəzəbinə tuş gəlir və olmazın təhqirlərə məruz qalır.

Hüququ tapdanmış, haqqı əlindən alınmış qara camaat mövzusunu “Molla Nəsrəddin” sovet dövründə də aparıcı mövzulardan birinə çevirir. Məsələn, “Qalife şalvar” felyetonunda kəndliləri adam yerinə qoymayan ispolkom sədrindən söhbət açılır: “... indiyə kimi hər bir cavan ki, istəyib nahiyələrdə ispolkom qulluğuna girsin, yainki milis rəisi olsun, qabaqca özünə bir qalife şalvar tikdirib, paxodnı çəkmə geyib, ombasına bir tapança bağlayıb və belinə bir şallax taxıb, özünü verib xam kəndlilərin içinə. O cavandan bircə soruşan olmayıb ki, aya, səni kim göndərib və hara gedirsən? Nə üçün gedirsən və hansı hökumətin əsridir?” Portret cizgiləri bu cür təqdim olunmuş ispolkom sədri “Danabaş kəndinin əhvalatları”ndakı Xudayar bəyi yada salır. Bu iki tip arasında mahiyyətcə elə bir fərq yoxdur, hər ikisi bir bezin qırağıdır. İspolkom sədri də Xudayar bəy kimi arxasız-köməksiz kəndlilərin qənimi, özündən yuxarıdakı məmurun isə ayağını öpməyə hazır olan miskin bir məxluqdur. Mirzə Cəlil felyetonda “hansı hökumətin əsridir?” sualını da elə-belə, sözgəlişi ortalığa atmır. Belə bir sualı ortalığa atmaqla huşyar sənətkar yeni dövrdə hər şeyin əvvəlki kimi qalmasına, zalım və məzlum, əzən və əzilən münasibətlərinin yerində saymasına işarə edir. 

Görürsünüzmü, Allahverdi Məmmədlidən, onun “Molla Nəsrəddin” ədəbi məktəbi ilə bağlı monoqrafiyasından danışdıqca söhbət hərlənib-fırlanıb təzədən “Danabaş kəndinin əhvalatları” povestinə gəlib çıxır. Niyə? Görünür, ona görə ki, Allahverdi Məmmədlinin (eləcə də bizim çoxumuzun) Mirzə Cəlillə əsaslı tanışlığı məhz bu əsərdən başlayıb. Mirzə Cəlil bu əsərdə “pak insafın səsinə qulaq asıb” doğru danışmağın, nə qədər çətin olsa da, həqiqətin üzünə dik baxmağın əvəzsiz nümunəsini göstərib. Mirzə Cəlildəki və digər mollanəsrəddinçilərdəki doğruculluq  bir insan və qələm sahibi kimi Allahverdi Məmmədlidən ötri mənəvi dəyərə çevrilib.

Yaşı yetmişi haqlayan həmkarımız və əziz dostumuzun canı sağ, qələmi iti olsun!

20.05.2026

 





05.06.2026    çap et  çap et